Ermənistanda növbəti parlament seçkilərinə təxminən 100 gün qalır və seçki həm siyasi sistemin gələcək konfiqurasiyasını, həm də ölkənin geosiyasi istiqamətini müəyyənləşdirəcək taleyüklü mərhələ kimi dəyərləndirilir. Cəmiyyətdə getdikcə daha çox işlədilən “Qurtuluş seçkisi” ifadəsi hakim komandanın dövlət kursunun fundamental istiqamətidir.
Post-müharibə mərhələsi Ermənistan üçün dövlətin psixoloji arxitekturasının sarsılması ilə müşayiət olunan dərin sistem böhranı idi. 2020-ci il müharibəsi və 2023-cü ildə Qarabağ məsələsinin faktiki bağlanması Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış siyasi mifologiyanı dağıtdı. “Tarixi ədalətin bərpası” üzərində qurulmuş ideoloji konstruksiya birdən-birə geosiyasi reallıqla əvəz olundu və bu keçid travmatik xarakter aldı. Dövlət ideologiyası ilə real güc balansı arasındakı uyğunsuzluq açıq şəkildə üzə çıxdı.
Nikol Paşinyan 2021-ci ildə keçirilən erkən parlament seçkilərində yenidən mandat alaraq formal legitimliyini bərpa etdi. Lakin həmin legitimlik artıq böhran sonrası sabitlik axtarışının məhsulu idi. Onun hakimiyyəti “xalq inqilabının lideri” obrazından tədricən “zərərin minimuma endirilməsi” funksiyasını icra edən praqmatik idarəçiliyə transformasiya olundu. 2018-ci ildə emosional yüksəliş üzərində qurulan ictimai dəstək 2021-dən sonra rasional qorxu və alternativsizlik amili ilə əvəzləndi.
Məhz burada legitimlik böhranının ikinci mərhələsi başladı. Çünki müharibədən sonrakı siyasi mandat məğlubiyyətin idarə olunması üzərində qurulmuşdu. Paşinyan hakimiyyətinin əsas arqumenti ondan ibarət oldu ki, Ermənistan əvvəlki maksimalist strategiya ilə davam edə bilməz və dövlətçiliyin qorunması üçün reallıqlar qəbul edilməlidir. Lakin cəmiyyətin mühüm hissəsi bunu kapitulyasiya kimi qavradı. Bununla da, Ermənistan daxilində dərin ideoloji parçalanma formalaşdı. Bir tərəf emosional yaddaşı ön plana çəkərək revanşist ritorikanı siyasi alternativ kimi təqdim edir. Digər tərəf isə hesab edir ki, məğlubiyyətdən sonra əsas prioritet dövlət institutlarının saxlanılması və yeni təhlükəsizlik modelinin qurulmasıdır.
***
Seçkiyə doğru gedən prosesdə məhz bu psixoloji və ideoloji ziddiyyət əsas xətti müəyyənləşdirəcək. Ermənistan cəmiyyəti revanşist emosiyanın yaratdığı kollektiv təsəlli ilə, yaxud soyuq siyasi realizmin diktə etdiyi adaptasiya strategiyası arasında seçim etməli olacaq. Ermənistanın post-müharibə travması artıq siyasi gündəmin əsas hərəkətverici qüvvəsinə çevrilib.
“Qurtuluş” anlayışı Ermənistanın hazırkı siyasi diskursunda baxışların toqquşduğu konseptual çərçivəyə çevrilib. Müxalifət bu termini dövlətin təhlükəsizlik və strateji orientasiyasının “bərpası” kimi təqdim edirlər. Onların arqumentinə görə, Paşinyan dövründə Ermənistan ənənəvi təhlükəsizlik dayaqlarını zəiflədib, Moskva ilə münasibətlərdə yaranan gərginlik isə ölkəni regional güc balansında daha həssas vəziyyətə salıb.
Müxalif düşərgənin ritorikasında “qurtuluş” anlayışı təhlükəsizlik sabitliyinin əvvəlki modelinə qayıdış deməkdir. Onlar hesab edirlər ki, Ermənistanın hərbi-siyasi arxitekturası onilliklər boyu Rusiya ilə strateji ittifaq üzərində qurulmuşdu və bu sistemin zəifləməsi dövlətin müdafiə imkanlarını deqradasiyaya uğradıb. Qərblə yaxınlaşma isə, onların fikrincə, daha çox siyasi jestlər və normativ dəstək xarakteri daşıyır, lakin konkret kollektiv müdafiə mexanizmi təqdim etmir.
Paşinyan komandası isə eyni anlayışı tam fərqli semantik məzmunda təqdim edir. Onların arqumentinə görə, əvvəlki təhlükəsizlik modeli məhz praktik sınaqdan keçərək iflasa uğradı. Müharibə dövründə və sonrakı mərhələdə Moskvanın Ermənistanın gözləntilərinə cavab verməməsi hakimiyyət tərəfindən sistemli şəkildə qabardılır. Paşinyan üçün əsas məsələ təhlükəsizlik anlayışını çoxvektorlu diplomatik və institusional inteqrasiya modeli üzərindən yenidən qurmaqdır. Paşinyan komandası hesab edir ki, müasir geosiyasi reallıqlar Ermənistanı yalnız bir güc mərkəzinə bağlı saxlamamalıdır; balanslı diplomatiya və institusional dayanıqlıq Ermənistanın uzunmüddətli təhlükəsizliyini təmin edə biləcək daha effektiv strategiyadır.
***
Ermənistanda qarşıdan gələn parlament seçkiləri Moskva üçün formal olaraq daxili siyasi proses kimi görünsə də, mahiyyət etibarilə Cənubi Qafqazdakı geosiyasi mövqelərin gələcəyi ilə bağlı strateji referendum xarakteri daşıyır. Rusiya açıq şəkildə hər hansı siyasi qüvvəni dəstəklədiyini bəyan etmir və rəsmi ritorikada neytral ton saxlayır. Lakin Ermənistan uzun illər ərzində Rusiyanın regiondakı əsas hərbi-siyasi dayaqlarından biri olduğu üçün bu seçkilərin nəticəsi Kremlin regional təsir arxitekturasına birbaşa təsir göstərəcək.
Son illərdə İrəvanın atdığı addımlar Moskva üçün narahatlıq doğuran yeni tendensiya formalaşdırıb. Ermənistanın KTMT-ni açıq tənqid etməsi, təşkilatın effektivliyini sual altına alması və faktiki olaraq onun mexanizmlərindən uzaqlaşması ənənəvi müttəfiqlik modelində çatlar yaradıb. 2020-ci il müharibəsi zamanı KTMT üzvləri, xüsusilə Rusiya, Ermənistanın təhlükəsizlik gözləntilərinə adekvat reaksiya vermədi. Qarabağ münaqişəsi dövründə Ermənistanın mövqelərinin və sərhəd bölgələrinin qorunmasında alyansın hərbi mexanizmləri praktik olaraq işə düşmədi və Moskvanın təmin etdiyi dəstək gözlənilən nəticəni vermədi. Bunlar isə Ermənistan üçün strateji şok effekti yaratdı: uzun illər əsas təhlükəsizlik dayağı hesab edilən alyansın real müdafiə qabiliyyətinin məhdud olduğunu açıq şəkildə göstərdi.
Digər tərəfdən, paralel olaraq isə Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi siyasi məna daşıyan qərar idi. Missiyanın gəlişi İrəvanın Qərb institutları ilə daha sıx əməkdaşlıq qurmaq niyyətini açıq şəkildə nümayiş etdirdi və ölkənin təhlükəsizlik və siyasi proseslərində Qərbin iştirakının praktik olaraq mümkün olduğunu göstərdi. ABŞ və Fransa ilə təhlükəsizlik dialoqunun intensivləşməsi isə İrəvanın alternativ təminat axtarışında olduğunu nümayiş etdirdi. Dialoqlar həm hərbi, həm siyasi səviyyədə, həmçinin institutlararası əməkdaşlıq çərçivəsində həyata keçirilir və Ermənistanın regional təhlükəsizlik strategiyasını diversifikasiya etmək niyyətini göstərir.
Belə şəraitdə seçki nəticəsi Moskvanın Cənubi Qafqaz strategiyasında dönüş nöqtəsi ola bilər. Əgər hakim kurs davam edərsə, Rusiya-Ermənistan münasibətləri formal müttəfiqlik çərçivəsində qalsa da, real siyasi etimad səviyyəsi daha da azalacaq və Moskvanın təsir rıçaqları tədricən zəifləyəcək. Əks halda, Rusiya yönlü qüvvələrin güclənməsi Kremlin regiondakı mövqelərini qismən konsolidasiya edə bilər. Lakin burada da əvvəlki status-kvonun tam bərpası çətin görünür, çünki Ermənistan cəmiyyətində artıq alternativ xarici siyasət ideyası legitim diskurs səviyyəsinə yüksəlib.
Eyni zamanda, Rusiya əvvəlki dövrlərlə müqayisədə daha məhdud resurs mühitində fəaliyyət göstərir. Ukrayna müharibəsi Kremlin strateji imkanlarını ciddi şəkildə sıxışdırıb: hərbi resurslar ön cəbhəyə yönəldilib, maliyyə imkanları daxili iqtisadiyyata və beynəlxalq sanksiyalardan dolayı məhdudlaşıb, diplomatik resurslar isə həm Avropa, həm də ABŞ-ın Ukraynaya dəstəyi fonunda daha çox böhran idarəçiliyinə cəmlənib. Nəticədə Kremlin həm maliyyə, həm hərbi, həm də diplomatik manevr imkanları ciddi şəkildə daralıb və birbaşa müdaxilə kimi böyük riskli addımlar atmaq qabiliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşıb. Kreml üçün prioritet indi təsirin daha incə və dolayı formalarının qorunmasıdır. Bu isə daxili siyasi alternativlərin informasiya, media və elita səviyyəsində gücləndirilməsi, ictimai rəyin müəyyən istiqamətdə formalaşdırılması kimi alətlər vasitəsilə həyata keçirilə bilər.
***
Ermənistanın son illərdə xarici siyasət trayektoriyasında müşahidə olunan mühüm dəyişikliklərdən biri Qərblə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsidir. Brüssel və Vaşinqton İrəvanı postsovet məkanında demokratik transformasiya modeli kimi təqdim etməyə çalışır, institusional islahatlara siyasi və maliyyə dəstəyini artırır. Avropa İttifaqının çoxillik maliyyə paketləri, idarəetmə və hüquq sistemi sahəsində proqramları, ABŞ-la intensivləşən strateji dialoq, eləcə də Fransa ilə müdafiə sahəsində əməkdaşlıq Qərbin Ermənistanla əlaqələri dərinləşdirmək niyyətini açıq göstərir.
Lakin bu prosesin əsas zəif nöqtəsi təhlükəsizlik məsələsində yaranan boşluqdur. Ermənistan uzun illər təhlükəsizlik arxitekturasını Rusiya ilə hərbi-siyasi ittifaq üzərində qurmuşdu. Modelin effektivliyi müharibə ilə ciddi şəkildə sual altına düşdü. Qərb isə alternativ model təklif etsə də, onun mahiyyəti daha çox iqtisadi inteqrasiya, demokratik institutların möhkəmləndirilməsi və idarəetmənin modernizasiyası ilə bağlıdır. Yəni söhbət normativ və struktur dəstəkdən gedir, birbaşa kollektiv müdafiə zəmanətindən yox.
Həmin məqam seçki kontekstində həlledici faktora çevrilir. Çünki Ermənistan cəmiyyətində təhlükəsizlik anlayışı hələ də ekzistensial xarakter daşıyır. Sərhəd riskləri və regional qeyri-müəyyənlik fonunda seçici üçün demokratiya və suveren qərarvermə qədər fiziki təhlükəsizlik də prioritetdir. Qərbin təqdim etdiyi model uzunmüddətli institusional dayanıqlıq və iqtisadi inkişaf vəd etsə də, qısamüddətli hərbi təminat mexanizmi təklif etmir.
Hazırkı mərhələdə Erməistanda siyasi debatın mərkəzində duran əsas dilemma belədir: Ermənistan Qərbə inteqrasiya yolu ilə dövlət institutlarını gücləndirib suverenliyini dərinləşdirməyi seçməlidir, yoxsa təhlükəsizlik boşluğunu dərhal doldura biləcək ənənəvi hərbi ittifaq modelinə üstünlük verməlidir? Paşinyan hakimiyyəti Qərb kursunu dövlət müstəqilliyinin genişlənməsi kimi təqdim edir. Müxalifət isə bunu təhlükəsizlik zəmanəti olmayan riskli eksperiment kimi xarakterizə edir.
Reallıq ondan ibarətdir ki, Qərb Ermənistanı geosiyasi olaraq dəstəkləsə də, NATO tipli kollektiv müdafiə mexanizmi perspektivi gündəmdə deyil. Bunlar isə təbii ki? seçicinin qarşısında çətin seçim yaradır: dəyərlər və institusional modernizasiya ilə təhlükəsizlik instinkti arasında balans tapmaq. Ermənistanın iyunda verəcəyi qərar təhlükəsizlik konsepsiyasının hansı prioritet üzərində qurulacağını müəyyən edəcək. Qərb faktoru bu seçkidə ideoloji və strateji alternativ kimi mövcuddur, lakin onun təqdim etdiyi modelin real təhlükəsizlik zəmanətinə çevrilib-çevrilməyəcəyi hələ də açıq sual olaraq qalır.
Seçkiyə yüz gün qalmış Ermənistanın siyasi mənzərəsi bir neçə mümkün inkişaf trayektoriyasını ehtiva edir və hər bir ssenari ölkənin daxili sabitliyi ilə yanaşı, xarici siyasət orientasiyasına da ciddi təsir göstərə bilər. Burada məsələ hansı təhlükəsizlik və dövlətçilik modelinin legitim mandat qazanacağıdır.
Əgər Nikol Paşinyan və onun komandası yenidən parlament çoxluğunu təmin edə bilsə, bu, post-müharibə kursuna ictimai təsdiq kimi şərh olunacaq. Belə olan halda Ermənistanın Qərbə doğru tədrici, lakin ehtiyatlı inteqrasiya xətti davam edəcək. Lakin bu inteqrasiya radikal geosiyasi qırılma şəklində deyil, mərhələli və balanslaşdırılmış formada həyata keçiriləcək. Rusiya ilə münasibətlər formal müttəfiqlik çərçivəsində saxlanılsa da, strateji məsafə və qarşılıqlı etimadın məhdudluğu qalacaq. Belə bir model Ermənistanı klassik blok siyasətindən daha çox çoxvektorlu balans siyasətinə yaxınlaşdıra bilər. Ancaq bu balansın davamlı olub-olmayacağı həm regional dinamika, həm də böyük güclərin rəqabətindən asılı olacaq.
Digər ehtimal revanşist və ya açıq şəkildə Rusiya yönlü siyasi qüvvələrin güclənməsidir. Bu ssenari Ermənistanın xarici siyasətində kəskin korrektəyə səbəb ola bilər. Moskva ilə münasibətlərin intensivləşdirilməsi, KTMT çərçivəsində aktivliyin bərpası və Qərb institutları ilə məsafənin artması mümkün istiqamətlərdir. Lakin burada fundamental sual açıq qalır: əvvəlki təhlükəsizlik modeli real sınaqdan keçərək zəiflik göstərmişdisə, onun bərpası yeni nəticə verəcəkmi? Rusiya özü də hazırda genişmiqyaslı geosiyasi qarşıdurma içindədir və resurs məhdudiyyətləri fonunda Ermənistan üçün əvvəlki səviyyədə təhlükəsizlik zəmanəti təqdim edə bilib-bilməyəcəyi qeyri-müəyyəndir. Məhz bu səbəbdən belə dönüş daha çox psixoloji rahatlama effekti yarada bilər, lakin praktik nəticələri mübahisəli qalacaq.
Ən riskli və qeyri-proqnozlaşdırılan variant isə parçalanmış parlament və davamlı siyasi qeyri-sabitlikdir. Bu halda nə Paşinyan komandası, nə də müxalifət tam legitim və stabil hökumət formalaşdıra bilməz. Koalisiya danışıqlarının uzanması, küçə etirazlarının yenidən aktivləşməsi və dövlət institutlarının funksional zəifləməsi Ermənistanın onsuz da həssas təhlükəsizlik mühitini daha da kövrək vəziyyətə sala bilər. Daxili legitimlik böhranı xarici aktorların təsir imkanlarını artırar və ölkəni strateji qeyri-müəyyənlik mərhələsinə sürükləyə bilər.
Üç ssenarinin hər biri Ermənistan üçün fərqli risk və imkanlar yaradır. Lakin ortaq məqam ondan ibarətdir ki, qarşıdakı seçki yalnız siyasi qüvvələrin yarışması deyil, post-müharibə dövlət modelinin təsdiqi və ya inkarı üzərində qurulan strateji qərar anıdır. Ermənistan cəmiyyəti faktiki olaraq gələcək onilliyin geosiyasi və təhlükəsizlik çərçivəsini müəyyən edəcək seçimə doğru irəliləyir.
Ermənistanda qarşıdan gələn seçkilərin taleyini müəyyən edəcək əsas faktor partiya proqramlarından və liderlərin ritorikasından daha çox, cəmiyyətin kollektiv şüurunda baş verən dərin transformasiyadır. Uzun illər ərzində Ermənistanın siyasi kimliyi və təhlükəsizlik düşüncəsi “status-kvo”nun davamlılığı üzərində qurulmuşdu. Qarabağ məsələsi milli identikliyin mərkəzi elementi idi. Mövcud konstruksiya dövlət ideologiyasını, diasporla münasibətləri və daxili siyasi legitimliyi formalaşdıran əsas sütunlardan biri idi. 2020-ci ildən sonra isə həmin sütun sarsıldı və 2023-cü ildə proses faktiki olaraq yekunlaşdı.
“Status-kvo illüziyası”nın dağılması Ermənistan cəmiyyətini seçim qarşısında qoydu. Əvvəllər mümkün hesab edilən maksimalist yanaşmaların real güc balansı ilə uzlaşmadığı açıq şəkildə üzə çıxdı. Bütün bu amillər təbii olaraq dövlətçilik fəlsəfəsinin yenidən düşünülməsini zəruri etdi. İndi müzakirə olunan məsələ “bundan sonra necə mövcud olacağıq?” sualıdır.
Bir tərəfdə kollektiv yaddaşın yaratdığı emosional yük dayanır. Məğlubiyyət travması, milli qürur faktoru və ədalət hissinin zədələnməsi revanşist ritorikanı qidalandırır. Həmin yanaşma keçmişin bərpasını mümkün alternativ kimi təqdim edir və psixoloji kompensasiya effekti yaradır. Digər tərəfdə isə daha praqmatik yanaşma formalaşır. Bu baxışa görə, Ermənistan yeni geosiyasi reallıqda öz təhlükəsizlik konsepsiyasını yenidən qurmalı, resurslarını və prioritetlərini realist əsasda müəyyənləşdirməlidir.
Seçki məhz bu iki psixoloji istiqamət arasında referendum xarakteri daşıyır. Cəmiyyət öz gələcək davranış modelini müəyyənləşdirir. Ermənistan revanşist emosiyanı siyasi kursa çevirəcək, yoxsa məğlubiyyətdən sonra yeni dövlətçilik fəlsəfəsini qəbul edərək təhlükəsizlik və inkişaf strategiyasını rasional çərçivədə quracaq? Sualın cavabı seçicinin düşüncə tərzində və prioritetlərində əks olunacaq.
Ermənistan artıq əvvəlki psixoloji komfort zonasına qayıda bilməz. Qarabağ məsələsinin bağlanması ilə milli identikliyin yenidən tərifi qaçılmazdır. Ermənistanda iyunun 7-də veriləcək qərar regional miqyasda dalğa effekti yaradacaq siyasi hadisədir. Seçkinin nəticəsi yalnız İrəvanın daxili hakimiyyət balansını müəyyən etməyəcək. Seçki eyni zamanda Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına, nəqliyyat-kommunikasiya xətlərinə və böyük güclər arasındakı rəqabətin istiqamətinə birbaşa təsir göstərəcək. Ermənistan hazırda regionun geosiyasi düyün nöqtələrindən birində yerləşir və onun seçəcəyi kurs avtomatik olaraq qonşu dövlətlərin strateji hesablamalarına təsir edir.
İlk növbədə, Azərbaycanla sülh müqaviləsinin taleyi bu seçkinin nəticəsindən ciddi şəkildə asılı olacaq. Əgər mövcud hakimiyyət kursunu davam etdirərsə, normallaşma prosesi daha realist və hüquqi çərçivədə irəliləyə bilər. Çünki Paşinyan komandası artıq post-müharibə reallıqlarını açıq şəkildə qəbul etdiyini nümayiş etdirib və delimitasiya, kommunikasiya xətlərinin açılması kimi məsələlərdə prinsipial geri dönüş ehtimalı nisbətən zəif görünür. Belə olan halda regionda sabitliyin institusionallaşması üçün imkan pəncərəsi genişlənə bilər.
Lakin revanşist ritorikanın hakim siyasi xəttə çevrilməsi sülh prosesini ləngidə və ya faktiki olaraq dondura bilər. Daxili siyasi legitimliyi emosional mobilizasiya üzərində qurmaq cəhdi sərhəd məsələlərində sərtləşməyə və qarşılıqlı etimadsızlığın artmasına gətirib çıxara bilər.
Zəngəzur dəhlizi ətrafındakı proseslər də seçkinin nəticəsindən birbaşa təsirlənəcək həssas mövzulardandır. Kommunikasiyaların açılması regional inteqrasiyanın əsas elementlərindən biridir və bu məsələ həm iqtisadi, həm də geosiyasi məna daşıyır. Praqmatik kurs davam edərsə, Ermənistan bu layihəni blokada psixologiyasından çıxış aləti kimi deyil, tranzit imkanlarını artıran iqtisadi fürsət kimi dəyərləndirə bilər. Əks halda, məsələ yenidən suverenlik və təhlükəsizlik ritorikasının mərkəzinə çəkilərək proses uzadıla və ya siyasiləşdirilə bilər.
Daha geniş müstəvidə isə Ermənistanın seçimi Rusiya–Qərb rəqabətinin Cənubi Qafqazdakı dinamikasına təsir göstərəcək. Paşinyan kursunun davamı Qərbin regiondakı normativ və siyasi mövcudluğunu gücləndirə, Rusiyanın təsir radiusunu isə nisbi şəkildə daralda bilər. Əks ssenari isə Moskvanın mövqelərinin qismən bərpasına xidmət edə bilər, lakin bu belə regionda əvvəlki balansın tam şəkildə geri qayıdacağı anlamına gəlmir. Çünki artıq Cənubi Qafqaz çoxqütblü rəqabət mühitinə daxil olub və heç bir aktor əvvəlki eksklüziv dominantlıq imkanlarına malik deyil.
Son olaraq qeyd edək ki, Ermənistanın qarşısında duran seçim strateji özünüidentifikasiya mərhələsidir. “Qurtuluş seçkisi” ifadəsinin aktuallığı da buradan qaynaqlanır. Seçkiyə yüz gün qalmış müşahidə olunan mənzərə göstərir ki, ölkə ya yeni reallıqlara uyğunlaşma və praqmatik dövlətçilik xəttini davam etdirəcək, ya da keçmiş təhlükəsizlik arxitekturasına qayıtmaq cəhdinə girəcək.
Hansı nəticə baş verməsindən asılı olmayaraq bir fakt dəyişməz qalır: Ermənistan artıq əvvəlki geosiyasi və psixoloji mərhələdə deyil. Qarşıdakı seçki bu transformasiyanı ya möhkəmləndirəcək, ya da ləngidəcək, lakin hər halda ölkənin yeni siyasi kimliyini rəsmiləşdirən dönüş nöqtəsi kimi tarixə düşəcək.
Şəbnəm ZEYNALOVA
siyasi elmlər üzrə fəlsəfə doktoru
Bakı Politoqlar Klubunun (Mərkəzinin) eksperti
