Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin Aİ ilə inteqrasiyasına yol açır

BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədovun “Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin Aİ ilə inteqrasiyasına yol açır” sərlövhəli məqaləsi “Ne Global” nəşrində dərc edilib.

N. Əhmədov bildirir ki, mayın 1-də keçirilən Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Azərbaycan, Özbəkistan və Qazaxıstan üç ölkənin enerji sistemlərinin birləşdirilməsi ilə bağlı əməkdaşlıq haqqında Memorandum imzaladılar.

“Hər üç ölkənin müvafiq nazirliklərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu layihə tərəflərə Azərbaycan vasitəsilə Avropaya yaşıl enerji istehsalı və ixracı ilə bağlı qarşılıqlı fəaliyyət göstərməyə imkan verəcək, həmçinin enerji sistemlərinin inteqrasiyasını və bərpaolunan enerji mənbələrinin səmərəli istifadəsini təmin edəcək.

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirlikləri 14 noyabr, 2023-cü ildə ortaq kommünike qəbul etdilər. Sənədə əsasən, tərəflər Avropa ölkələrinə yaşıl enerjini ixrac etmək üçün birgə müəssisənin yaradılması ilə bağlı razılığa gəldilər. Tərəflər yaşıl hidrogen və yaşıl ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması ilə bağlı razılıq əldə etdilər. Kommünike, həmçinin gələcəkdə üçüncü tərəflərin layihədə iştirakına icazə verir. Özbəkistan, Qazaxıstan və Qırğızıstanın enerji sistemləri Sovet İttifaqı dövründə yaradılmış Mərkəzi Asiya Birləşmiş Enerji Sistemi çərçivəsində fəaliyyət göstərir. Lakin Türkmənistan 2003-cü ildə bu sistemi tərk edib. Buna görə də, bu əməkdaşlıq və inteqrasiya formatı gələcəkdə digər Mərkəzi Asiya ölkələrini bir araya gətirən platforma ola bilər.

Lakin sözügedən üçtərəfli razılaşmanın uğurunu müəyyənləşdirən əsas faktor həmin ölkələrin alternativ enerji ilə bağlı hədəflərinə zamanında çata bilməsindən asılı olacaq. Belə olan halda, bu əməkdaşlıq yalnız razılaşmanın tərəfləri olan üç ölkəyə yox, həm də Aİ üzvlərinə praktiki fayda verəcək”.

N. Əhmədov qeyd edir ki, ortaq layihələr və enerji sistemlərinin birləşdirilməsi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistan gələcəkdə Avropanın enerji bazarında mövqelərini gücləndirə bilər.

Onun sözlərinə görə, bu razılaşmanın arxasında duran siyasi fundament də iqtisadi faydalar qədər önəmlidir.

“Bu üçtərəfli əməkdaşlıq  Xəzər regionunun geosiyasi landşaftının dəyişdirilməsi üçün yeni imkanlar açacaq”.

Daha ətraflı: https://aircenter.az/az/single/azerbaycan-qazaxistan-ve-ozbekistan-enerji-sistemlerinin-ai-ile-inteqrasiyasina-yol-acir-1476