İİTKM-in əməkdaşlarının məqaləsi “anewz.tv”də dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov və Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əldülrəhim Dadaşovun məqaləsi ingilisdilli  “anewz.tv”də dərc olunub.

Dünyada inteqrasiya prosesləri gündəlik həyatın ayrılmaz tərkib hissəsinə çevrilib. Son dövrlər isə proseslərin daha da intensivləşməsi nəticəsində inteqrasiya vasitələri, xüsusilə nəqliyyat xidmətləri iqtisadi tərəqqidə mühüm əhəmiyyət kəsb edir. Qlobal və regional inteqrasiyanın əsasında ticarət münasibətləri dayanıq ki, bunun da reallaşması nəqliyyat əlaqələri üzərindən baş verir. Bu mənada nəqliyyat-tranzit xidmətləri, beynəlxalq nəqliyyat əlaqələri xarici bazara çıxışın, qlobal məkana inteqrasiyanın əsas vasitəsi kimi milli iqtisadiyyatların davamlı və dinamik tərəqqisinin zəruri şərtinə çevrilib. Müasir dövrdə beynəlxalq nəqliyyat əlaqələrinin genişliyi, beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı olmaq milli dövlətlərə xüsusi üstünlüklər və uzunmüddətli divident vəd edir. Bu mənada beynəlxalq nəqliyyat dəhlizlərinin potensial imkanlarının araşdırılması bütün dövrlərdə aktuallıq kəsb edir.

Beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması müasir dövrün çağırışıdır

Müasir dövrdə xarici bazarlara çıxış, qlobal məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəallıq, dünya bazarında rəqabət qabiliyyətli məhsullarla iştirak, eləcə də bütün bunların kontekstində milli maraqların və təhlükəsizliyin qorunması inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlərin dinamik tərəqqisinin zəruri şərti kimi çıxış edir. İKT-nin inkişafının dünyanı vahid iqtisadi orqanizmə çevirdiyi indiki zamanda əmtəə və xidmətlərin hərəkəti kəskin şəkildə intensivləşib. Sanki dövlətlər dünya ticarətində daha çox paya sahib olmaq, dünya bazarına daha çox və çeşidli məhsul çıxarmaq uğrunda yarışır. İqtisadi nəzəriyyədən də məlumdur ki, daha çox və geniş çeşidli son məhsul ixracı ölkələrin inkişaf səviyyəsini xarakterizə edir. Bu mənada, dövlətlərin dünya bazarında daha çox pay almaq uğrunda yarışı təbiidir və bu yarışın əsas aparıcı qüvvəsi nəqliyyat əlaqələridir. Başqa sözlə desək, milli dövlətlərin dinamik və davamlı tərəqqi-sinin zəruri şərtinə çevrilmiş qlobal məkana və xarici bazara çıxışın aparıcı qüvvəsi nəqliyyat əlaqələridir. Bu isə o deməkdir ki, müasir dövrdə nəqliyyat əlaqələri, beynəlxalq nəqliyyat layihələrində iştirak milli və qlobal inkişafın aparıcı qüvvəsi kimi çıxış edir.

Azərbaycanın nəqliyyat-tranzit imkanları bütün istiqamətləri əhatə edir

Coğrafi mövqe və müasir infrastruktur təminatı baxımından hazırda regionda Azərbaycan Respublikasının iştirakı olmadan hər hansı layihənin reallaşdırılması qeyri-mümkündür. Uzun illər öncədən sistemli şəkildə reallaşdırılan layihələr, müasir infrastrukturun formalaşdırılması, 400 ha-a yaxın ərazidə Ələt Azad iqtisadi zonasının yaradılması, nəqliyyatın ayrı-ayrı növləri üzrə kompleks yanaşmanın təmin olunması, ölkədə Tranzit Daşınmalarla bağlı Koordinasiya Şurasının yaradılması, bütün nəqliyyat sistemini özündə birləşdirən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin formalaşdırılması, biri-birini tamamlayan Dövlət Proqram və layihə-lərinin uğurla həyata keçirilməsi, ölkədə proqram təminatlı idarəetmə sisteminin yaradılması və s. kimi mühüm addımlar Azərbaycan Respublikasını beynəlxalq nəqliyyat əlaqələrinin aparıcı üzvünə çevirmişdir. Artıq, nəinki Şərq-Qərb və Şimal-Cənub, eləcə də Şimal-Qərb, Cənub-Qərb istiqamətlərində də tranzit daşınmalar həyata keçirilməkdədir. 2024-cü ilin may ayında Bakı-Tbilisi-Qars dəmir yolu üzərində son tamamlanma işləri də bitərək, daşıma üçün tam hazır vəziyyətə gətirilib və yolun buraxıcılıq qabiliyyəti illik bir milyon tondan 5 milyon tona çatdırılıb.  Dəmir İpək yolu adlandırılan bu layihə, Şərq-Qərb istiqamətlərində daşınmalar üçün, xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Qeyd edildiyi kimi, artıq 2024-cü ildə statistik mənzərə mövcuddur və bütün istiqamətlərdə tranzit daşınmalarının dinamik artımını göstərir. Dövlət Gömrük Komitəsinin məlumatları əsasında, aparılmış təhlillərin nəticələrinə görə 2024-cü ildə Şərq-Qərb, Şimal-Qərb, Cənub-Qərb və Şimal-Cənub kimi dörd əsas dəhliz vasitəsilə tranzit daşınmalar ümumi tranzit daşınmaların  97.0%-ni təşkil edib. Tranzit daşımalarının 32%-i Şimal-Qərb, 29%-i Şərq-Qərb, 22%-i Cənub-Qərb, 14%-i isə Şimal-Cənub istiqaməti üzrə həyata keçirilib.

Yuxarıda da qeyd edildiyi kimi, Şərq-Qərb dəhlizi üzrə 0.4% azalma istisna olmaqla, digər dəhlizlər üzrə daşınmalarda dinamik artım təmin edilib. Şərq-Qərb üzrə azalma isə, daha çox Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təmiri ilə bağlıdır, hansı ki, 2024-cü ilin may ayında tamamlanmışdır.

Beynəlxalq nəqliyyat dəhlizlərində daşınan tranzit yüklərin nəqliyyat növləri üzrə bölgüsündə avtomobil yollarının payı 50%, dəmir yollarının payı isə 48% təşkil edir, qalan 2% hissə isə hava yolları ilə daşınan tranzit yüklərin payına düşür. Əslində isə, tranzit daşınmalarda su nəqliyyatı da yaxından iştirak edir, sadəcə burada limana və ya limandan daşınmalar avtomobil və ya dəmir yolu ilə həyata keçirildiyi üçün, yüklər də bu nəqliyyat növünün payında cəmləşdirilir. Ümumilikdə isə, konkret nəqliyyat növləri ilə daşınma həcminə gəldikdə, 2022-ci ildə 12 milyon ton, 2023-cü ildə 13.4 milyon ton, 2024-cü ildə isə 14.5 milyon ton tranzit yük daşınmışdır ki, bununda ayrı-ayrı illər və nəqliyyat növləri üzrə statistik mənzərəsi aşağıdakı kimidir.

Nəqliyyat növləri üzrə tranzit yük daşınmalarının həcmi,

milyon ton (2022-2024-cü illər üzrə)

 Mənbə: Dövlət Gömrük Komitəsi

Beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində müşahidə edilən mənzərə, eləcə də perspektivlər bu sahədə tədbirlərin davamlılığını zəruri edir. Nəzərə alsaq ki, yuxarıda göstərilən rəqəmlər dəhlizlərin potensial imkanlarının çox az bir hissəsini ifadə edir, onda dəhlizlər üzrə perspektivlərin daha geniş və uzunmüddətli olacağı aydınlaşar.

Statistik mənzərə ilə yanaşı, konseptual istiqamətlərdə də qəbul edilən qərarlar Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Yuxarıda da qeyd edildiyi kimi, dəhlizlərin potensial imkanlarından daha səmərəli istifadə istiqamətində institutsional qərarlar qəbul etməklə yanaşı, həm də ölkəmizdə proqram təminatlı idarəetmə həyata keçirilir ki, bu da daha konkret nəticələrə əldə etməyə imkan verir.

Zəngəzur dəhlizinin açılması nəqliyyat-tranzit imkanlarını daha da genişləndirəcəkdir

Bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də  Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Bu dəhliz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsinə çevriləcəkdir. Zəngəzur dəhlizi Çindən Avropaya daşınma həcminin daha da artırılmasına, eləcə də daşıma istiqamətlərinin şaxələndirilməsinə imkan verəcəkdir.

İlkin hesablamalara görə, Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürmə qabiliyyətini ildə 10-12 milyon ton artıracaqdır ki, bu da uzunmüddətli perspektivlər vəd edir. dəhlizinin tərkib hissəsi olan Osmanlı-Horadiz-Ağbənd-Naxçıvan dəmir yolu xəttinin tikinti işləri davam etdirilir və layihənin yaxın zamanda tamamlanması nəzərdə tutulur. Türkiyə tərəfi 224 km-lik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttini 4-5 il ərzində tamamlayıb istifadəyə verməyi planlaşdırır. Osmanlı-Horadiz-Ağbənd-Naxçıvan dəmir yolu xəttinin davamı olaraq bu bağlantının inşası, nəqliyyat-tranzit qovşağı kimi, Azərbaycanın mövqeyini daha da gücləndirəcəkdir. Bu müddətdə, Naxçıvan ərazisində də 150 km-lik köhnə yolun rekonstruksiyası, 27 km-ə yaxın yolun isə sıfırdan tikintisi nəzərdə tutulur ki, bu da Azərbaycan üzərindən tranzti yüklərin qəbulu və yola salınmasına alternativ imkan yaradır.

Nəqliyyat-tranzit xidmətləri üzrə qlobal çağırışlar

Əvvəldə də qeyd edildiyi kimi, Asiya və Avropa arasında daşınmalar Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə həyata keçirilir. Eyni zamanda, bu dəhlizlərin əsasında Şimal-Qərb və Cənub-Qərb daşınmaları da artıq reallıqdır və bununla bağlı konkret statistik nəticələr mövcuddur. Bununla belə, müasir dövrdə bir sıra üstünlükləri ilə Orta dəhliz daha çox gündəm-dədir. Bu dəhliz həm ayrı-ayrı təşkilatlar, həm dövlətlər tərəfindən perspektivli bir marşrut kimi qəbul edilir. BMT-nin Xüsusi Proqramı olan SPECA, ADB-nin (Asiya İnkişaf Bankı), CAREC, Çinin “Bir kəmər, bir yol” layihəsi, Türk Dövlətləri Təşkilatı və s. Orta dəhlizin perspektivli olduğunu qəbul edir. Eyni zamanda, Orta dəhliz Çin və Avropa arasında daşınan yüklərin cəmi 3-5%-ni təşkil etsə də, Şimal dəhlizində yaranan nasazlıq, regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar səbəbindən Orta dəhliz üzərindən daşınmaların, təqribən 15-20%-ədək, hətta daha çox artacağı gözlənilir.

Eyni zamanda, dünyada müşahidə edilən tarif müharibəsi, xüsusilə ABŞ-ın müxtəlif ölkələrdən idxal edilən məhsullara yüksək tariflər tətbiq etməsi dünyanın nəhəng istehsal mərkəzi olan Çin məhsullarının yeni bazarlara çıxışını zəruri edir. Yaranmış vəziyyətdə Çin məhsullarının körfəz ölkələrinə, Avropa bazarına, Afrika ölkələrinə doğru hərəkəti daha da intensivləşəcək. Bu isə, nəticədə yük həcminin və dövriyyəsinin artmasına gətirib çıxaracaqdır. Ona görə də Orta dəhliz üzrə daşınmaların artması reallıqdır və dəhliz üzərində yerləşən ölkələrin artan yük həcmini müasir tələblərə uyğun qəbul etməyə, saxlamağa, yola salmağa və s. imkan verən infrastrukturun formalaşdırılması zəruridir. Davamlı təkmilləşdirilən infrastruktur təminat və institusional tədbirlər hər bir beynəlxalq daşıma marşrutunun, o cümlədən Orta dəhlizin əsas çağırışlarından biridir.

Aparılan araşdırmaların, eləcə də Dünya Bankı, ADB (Asiya İnkişaf Bankı), CAREC və s. təşkilatların hesabat və təhlillərinə əsasən aşağıda qeyd olunanların nəzərə alınması zəruri hesab edilir:

  • İlk növbədə dəhlizlər üzərində koordinasiyasının gücləndirilməsi və vahid (uzlaşdırılmış) idarəetmənin olması çox vacibdir. Xüsusilə, yükün mənşəyindən təyinat məntəqəsinə qədər daşınmalara cavabdeh olan operatorun olması daha çevik daşınmalara kömək edə bilər. Eyni zamanda, vahid operatorun yaradılması ilə bağlı əldə edilmiş razılaşma, düzgün həyata keçirildiyi təqdirdə, problemi aradan qaldıra, daşıma vaxtı azalda bilər ki, bu da yük cəlbediciliyi üçün önəmlidir.
  • Vacib məsələlərdən biri də həm Xəzər dənizində, həm də Qara dənizdə limanların (xüsusilə, Orta dəhlizlə daşınmalar zamanı), eləcə də Xəzər dənizində gəmiçilik xidmətlərinin gücləndirilməsidir. Bəzi limanların dəmir yolları ilə ilk/son mil əlaqəsinin gücləndirilməsi məqsədəuyğun olardı. Bəzən isə iqlim şəraitinə görə ilin müəyyən dövrlərində liman-dəmir yolu əlaqəsinin yaradılması mümkün olmur ki, bu da yüklərin limanlarda qalma müddətlərini artırır və izafi xərclər yaradır.
  • Aydındır ki, dəniz nəqliyyatı beynəlxalq daşımalarda əsas nəqliyyat növlərindən biridir. Ona görə də Xəzər dənizində istismar edilən gəmilərin artırılması və Xəzərdə hərəkət sürətinin yüksəldilməsi, o cümlədən daha cəlbedici daşınma tariflərinin təklifi vacib hesab olunur;
  • Müşahidələr göstərir ki, iqlim dəyişiklikləri və ya digər səbəblərdən dənizdə suyun səviyyəsinin aşağı düşməsi limanlarda dibdərinləşdirmə işlərini zəruri edir. Azərbaycan Respubli-kasında bu mütəmadi olaraq həyata keçirilir, dəhlizə üzv olan digər ölkələrdə də aparılması məqsədəuyğun olardı. Paralel olaraq da, az su çəkmə qabiliyyətinə malik yeni nəsil gəmilərin istismarı məsələləri də nəzərdən keçirilə bilər. Həçinin naviqasiya və liman gəmilərinin hərəkətinə yardımçı vasitələrin yaradılması, yedək gəmilərinin istimarı və s. kimi məsələlər də aktualdır;
  • Dəmir yolu infrastrukturunu təkmilləşdirilməsi və dəhlizlər boyunca uzlaşdırılması zəruridir. Dəmir yolları,  bir çox hallarda, müxtəlif növ yüklərin uzaq məsafələrə kütləvi (iri çəkili) daşınmasında müqayisəli üstünlüyə malikdir. Bununla belə, dəmir yolu əməliyyatları üzrə avadanlıqların müasirləşdirilməsi, multimodal daşınmalar üçün əlaqələrin gücləndirilməsi ləngi-mələrin aradan qaldırılmasına və xərclərin azalmasına kömək edə bilər.
  •  Nəqliyyat dəhlizləri boyunca xidmət təminatçıları və tənzimləyici qurumlar arasında məlumat axınının sürətləndirilməsi, çevik əlaqələndirmənin təmin olunması zəruridir. Bu məqsədlə, rəqəmsal texnologiyaların köməyi ilə, vahid platformanın formalaşdırılması məqsədəuyğun olardı.
  •  Araşdırmalar göstərir ki, dəhlizlər boyunca İKT imkanlarından daha səmərəli istifadəyə, unifikasiya və uzlaşdırmaya, sıx inteqrasiyaya ciddi ehtiyac vardır. Bunların edilməsi sənədlərin təkrarlanmasının qarşısını alar, sənədləşmələrin standartlaşdırılmasına kömək edər, dəhliz boyunca xidmət təminatçıları və ölkələri arasında interfeys (kəsişmə) nöqtələrində (sərhəd-keçid məntəqələrində) proseslərin daha səmərəli təşkilinə dəstək verər.
  • Dəhlizlər boyunca sərhəd-keçid məntəqələrinin fəaliyyətinin uzlaşdırılması, e-növbə və e-TIR sistemlərinin tətbiqi, yük növlərinə görə (tezxarabolan, yaş məhsullar və s.) sürətli keçid dəhlizlərinin yaradılması da dəhlizlər üzrə daşınmaların artımına, yük cəlbediciliyinə müsbət təsir göstərə bilər.

Beləliklə, qeyd edilənlərin nəzərə alınması beynəlxalq nəqliyyat dəhlizləri üzrə daşınmaların daha da çoxalmasına, tranzit daşınma prosedurlarının sadələşdirilməsinə, yük cəlbediciliyinin artmasına şərait yarada və bununla da tranzit xidmətlərini milli büdcələrin əsas gəlir mənbələrindən birinə çevirə bilər. Şübhəsiz ki, daşınma tələbləri cəmiyyət və sənayedə baş verən proseslərdən, dəyişikliklərdən asılı olaraq dəyişən, inkişaf edən bir tələbdir. Ona görə də qeyd edilənlərin nəzərə alınması ilə yanaşı, dəhlizlər boyunca həm proseslərin çevikləşdirilməsi, həm də daşınma vasitələrinin və infrastruktur təminatın təkmilləşdirilməsi davamlı olaraq həyata keçirilməlidir.