STM-in sədr müavini Tahirə Allahyarova Çinin nüfuzlu “Sinxua” agentliyinə müsahibə verib

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Medianın İnkişafı Agentliyinin nümayəndələrindən ibarət heyət Çində “2025-Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu”nda iştirak edib.

Forum gedişində Çin Xalq Respublikasının rəsmi dövlət  “Sinxua” Xəbər Agentliyi STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarovanın eksklüziv müsahibəsini dərc edib.

Xatırladaq ki, Sinxua Xəbər Agentliyi Çin Xalq Respublikasının rəsmi dövlət xəbər agentliyidir. Dövlət Şurasının nazirlik səviyyəli qurumudur. Baş ofisi Pekində yerləşən və 1931-ci ildə yaradılan, 13.000 əməkdaşı olan “Sinxua” Çinin ən böyük media orqanıdır.

“Sinxua” Xəbər Agentliyinin 220 xəbərlər bürosundan 184-ü xarici ölkələrdə yerləşir.

Müsahibə ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq olar:

https://russian.news.cn/20250907/d4607b4008d54453bc4f4b7a70b2d6d1/c.html

Professor T.Allahyarova “ Qlobal Cənubda media və beyin mərkəzləri arasında əməkdaşlıq qlobal idarəetmədə islahatların irəliləməsinə yeni təkan verəcək”başlıqlı müsahibədə  bildirib:

“Media və beyin mərkəzləri arasında əməkdaşlıq nəinki ortaq konsensusa töhfə verə bilər, həm də inkişaf etməkdə olan ölkələrin ümumi inkişafını gücləndirə və qlobal idarəetmə islahatlarının irəliləməsində yeni təkan ola bilər”.

T.Allahyarova habelə qeyd edib ki, saxta xəbərlərin yayıldığı, elmi əsaslı və doğru xəbərlərə  inamsızlığın yarandığı bir vaxtda  beyin mərkəzləri  ənənəvi “tədqiqat və nəşrlər problemlərin həlli üçün kifayətdir,yeganə həlli yoludur” kimi yanaşmaları dəyişməlidir. Qlobal Cənubda beyin mərkəzləri ilə media arasında əməkdaşlıq çox vacibdir. Beyin mərkəzləri  öz ideya və fikirlərini çatdırmağı, lazım olan düzgün formada, lazım olan vaxtda,həm də lazımi auditoriya arasında yaymağı bacarmalıdır..

“Qlobal Şimalın liderləri informasiya məkanını nəzarətdə saxlamağa çalışırlar, ona görə də Qlobal Cənubun beyin mərkəzləri və media şəbəkəsi məsuliyyətin bir hissəsini öz üzərinə götürməli və Qlobal Cənubun mövqelərini gücləndirmək üçün səyləri səfərbər etməlidir”,

Əməkdaşlığın nəticələrindən danışan T.Allahyarova ötən il Braziliyanın San-Paulu şəhərində ilk Qlobal Cənubi Media və Beyin Mərkəzləri Forumunun keçirildiyini xatırladıb.

“Danılmaz faktdır ki, biz ötən cəmi bir il müddətində  Qlobal Cənubda media arasında daha dərin və sistemli dialoqun şahidi olduq. Bu, Qlobal Cənubun səsini gücləndirdi və ənənəvi olaraq Qərb mediasının üstünlük təşkil etdiyi bütün dünyanın hegemon povestini dəyişdi”, – o deyib.

T.Allahyarovanın sözlərinə görə, Qlobal Cənubda beyin mərkəzləri ilə media arasında əməkdaşlıq artıq Forum platformasında öz səmərəli nəticələrini verib. “Forum çərçivəsində təşkil olunan müxtəlif əməkdaşlıq formaları, birgə sənədlərin, konsensusların və bəyannamələrin imzalanması, elmi və texnoloji innovasiyalar, modernləşmə və mədəni inkişaf sahəsində Çin təcrübəsinin öyrənilməsi, o cümlədən daha ədalətli dünya nizamının təşviqi və s. Bütün bunlar forumun konkret nəticələri və qlobal problemlərin həllinə güclü dəstəkdir.

“Birgə səylər, qarşılıqlı elmi nailiyyətlər və məlumat mübadiləsi, mühüm qlobal problemlərə dair dərin müzakirələr vasitəsilə media və beyin mərkəzləri dialoq vasitəsilə konsensusa nail olmağa töhfə verir və Cənub-Cənub əməkdaşlığının möhkəmlənməsinə aydın təkan verir”.