Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib. Ukrayna lideri özünün “Telegram” kanalında əsir götürülmüş Çin vətəndaşının görüntülərini yayıb. Ukrayna Prezidentinin sözlərinə görə, Çin vətəndaşları Donetsk vilayətinin ərazisində əsir götürülüblər. Onlardan sənədləri və bank kartları götürülüb. Əsir götürülmüş Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətindədirlər. Zelenski qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrində Çin vətəndaşlarının sayının “ikidən xeyli çox” olduğu barədə məlumat var. “Mən Ukraynanın xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə reaksiya verəcəyini öyrənməyi tapşırmışam”, – Zelenski əlavə edib.
Bu arada, Çinin Ukraynadakı səfiri Xarici İşlər Nazirliyinə çağrıldı. Bu məsələyə Vaşinqton da münasibət bildirib. ABŞ Dövlət Departamenti Ukrayna tərəfindən iki Çin vətəndaşının əsir götürülməsi ilə bağlı yayılan xəbərləri ilk dəfə olaraq rəsmi şəkildə şərh edib. Dövlət Departamentinin sözçüsü Təmmi Bryus bildirib ki, bu məsələ ciddi narahatlıq doğurur: “Çin hərbçilərinin əsir düşməsi narahatedicidir. Bizə Ukraynanın Rusiya tərəfində döyüşən iki Çin vətəndaşını ələ keçirməsi barədə məlumat verilib. Çin Ukrayna müharibəsində Rusiyanın əsas müttəfiqidir.”
Təmmi Bryusun bu açıqlaması, xüsusilə Çin tərəfinin indiyədək Rusiya-Ukrayna müharibəsində birbaşa hərbi iştirakı ilə bağlı xəbərləri inkar etdiyi bir vaxtda, beynəlxalq medianın diqqətini çəkib. Çin və Rusiya son illərdə iqtisadi və hərbi sahədə əməkdaşlığı gücləndirib. Çin hökuməti isə Ukrayna müharibəsində neytrallığını bəyan etsə də, Qərb dövlətləri Pekini gizli şəkildə Moskvanı dəstəkləməkdə günahlandırır.
Çin tərəfi hələlik rəsmi olaraq Ukraynada hərbçilərinin əsir düşməsi faktını təsdiqləməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir. Buna baxmayaraq, Çin vətəndaşlarının əsir götürüldüyü faktdır və Pekin məsələyə aydınlıq gətirmək məcburiyyətindədir.
