Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Hüseyn Sultanlının “Macarıstanın geosiyasi istiqamətini yenidən müəyyənləşdirməsi: Formalaşan yeni reallıq” sərlövhəli məqaləsi EU Reporter nəşrində dərc edilib.
Məqalədə müəllif Macarıstanın xarici siyasətini nümunə kimi təqdim edərək onun vasitəsilə beynəlxalq münasibətlər sistemində baş verən əsaslı dəyişiklikləri təhlil edir. Müəllifə görə, Macarıstanın Avropa İttifaqı (Aİ) ilə münasibətləri bu günün çoxqütblü dünyasında dövlətlərin milli maraqlara əsaslanan xarici siyasət yürütmək cəhdlərinin bariz nümunəsidir.
Macarıstan Aİ-yə üzv olmasına baxmayaraq, Brüssel institutlarının ikili standartlarına və bəzi üzv dövlətlərin milli maraqlarının yetərincə nəzərə almamasına qarşı ardıcıl tənqidlərini səsləndirir. Baş nazir Viktor Orban və xarici işlər naziri Peter Szijjártó tərəfindən ifadə olunan narahatlıqlar, Aİ-nin “ümumi dəyərlər” ətrafında təşkil olunmadığını və kiçik dövlətlərin tez-tez haqsız şəkildə tənqid hədəfinə çevrildiyini göstərir.
Məqalədə vurğulanır ki, bu yanaşma yalnız Macarıstana məxsus deyil. Belə ki, Azərbaycan Aİ-nin üzvü olmasa da, milli maraqlarının beynəlxalq institutlar tərəfindən lazımi səviyyədə nəzərə alınmadığını bildirir. H. Sultanlı qeyd edir ki, Azərbaycan və Macarıstanın ortaq nöqtəsi qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlığa əsaslanan xarici siyasət strategiyasıdır. Azərbaycan bu modeli ərazi bütövlüyünün bərpası və müstəqil siyasi qərarvermə imkanlarının qorunması fonunda formalaşdırıb.
Macarıstanın Aİ-nin Rusiya və Çinlə bağlı strategiyasına qarşı çıxması, sanksiyalar siyasətində iştirakdan imtinası və regional əməkdaşlığı prioritetləşdirməsi kimi məsələlərə toxunan H. Sultanlı əlavə edir ki, ölkənin Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi, Aİ-nin Ermənistana ayırmaq istədiyi vəsaitin balanslaşdırılması tələbi ilə çıxış etməsi, beynəlxalq hüququn fundamental prinsiplərinin (ərazi bütövlüyü və daxili işlərə qarışmama) müdafiəsinə əsaslanan birgə xarici siyasət baxışlarını ortaya qoyur.
Nəticə etibarilə, məqalə göstərir ki, Macarıstan və Azərbaycan kimi dövlətlər yeni beynəlxalq reallıqlar fonunda daha müstəqil və milli maraqlara əsaslanan siyasət yürütməkdə qərarlıdırlar. Müəllif qeyd edir ki, bu prosesi uğurla həyata keçirən dövlətlər təkcə öz maraqlarını deyil, həm də regional sabitliyi və beynəlxalq münasibətlərin ədalətli şəkildə təşkili prinsipini müdafiə edirlər.
*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.eureporter.co/world/hungary/2025/05/01/hungarys-geopolitical-renavigation-a-new-reality/