Davam etməkdə olan Rusiya-Ukrayna müharibəsi və Prezident Donald Trampın siyasəti artıq Avropadakı geosiyasi mənzərəni dəyişib. Avropa ölkələri enerji mənbələrini diversifikasiya etmək və regional əməkdaşlıqla bağlı əlaqələri gücləndirmək məqsədilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə daha dərin strateji tərəfdaşlıqlar qurmağa çalışırlar. 2022-ci ildə Azərbaycan və Avropa İttifaqı “Enerji Sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalayıb. Bu sənəd 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi (SGC) layihəsinin tutumunun iki dəfə artırılmasını və ildə ən azı 20 milyard kubmetrdən çox qazın Avropa İttifaqına tədarük edilməsini nəzərdə tutur. Keçən il Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 12.9 milyard kubmetr qaz ixrac edib. Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təbii qazı Slovakiya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya da daxil olmaqla on iki ölkəyə tədarük edir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı strateji tərəfdaşlıq Azərbaycan təbii qazının Avropa enerji bazarlarına tədarükündə mühüm rol oynayıb.
Bundan əlavə, 2025-ci il aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı ilə Mərkəzi Asiyanın beş ölkəsi (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) arasında ilk zirvə toplantısı keçirildi. Bu görüşün məqsədi Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında əməkdaşlığı dərinləşdirmək idi. Liderlər, həmçinin, iqlim, enerji və bağlantılar sahələrində güclü əlaqələrin qurulması və qorunması barədə razılığa gəldilər.
Qalıq (fosil) yanacaqlardan əlavə, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı alternativ və bərpa olunan enerji mənbələri Avropa İttifaqının Rusiyanın ənənəvi yanacaqlarından olan asılılığını daha da azaltmaq və uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək baxımından vacibdir. Bu hədəfi reallaşdırmaq üçün Azərbaycan, Gürcüstan və Avropa İttifaqının üzvləri olan Rumıniya və Macarıstan 2022-ci ildə “Qara dəniz sualtı enerji kabelinin inkişafı üzrə Anlaşma Memorandumu” imzalayıblar. Bolqarıstan da bu beynəlxalq enerji layihəsinə qoşulmaq marağını ifadə edib. Bu kabel Avropa İttifaqının Global Gateway təşəbbüsünün bir hissəsidir. Layihə Avropa Komissiyasından 2.3 milyard avro sərmayə və Dünya Bankından 35 milyon dollarlıq kredit alıb. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyanatında bildirib ki, “bu razılaşma Avropa İttifaqını Cənubi Qafqaz regionundakı tərəfdaşlarımıza daha da yaxınlaşdıracaq və hər iki regionun təmiz enerji keçidinə nail olmasına kömək edəcək”.
Strateji baxımdan, Qara dəniz sualtı enerji kabeli daha geniş Yaşıl Enerji Dəhlizinin təməl daşı kimi xidmət edə bilər və bu yalnız Cənubi Qafqazdan deyil, həm də Mərkəzi Asiyadan yaşıl hidrogen və onun törəmələrinin ixracını asanlaşdıra bilər. Bu, Avrasiyanın enerji mənzərəsini köklü şəkildə dəyişdirə biləcək geniş Şərq-Qərb enerji körpüsünün yaradılmasına imkan verər. Beləliklə, Qara dəniz sualtı enerji kabeli Azərbaycan və Gürcüstanın avropalı tərəfdaşları ilə birlikdə həyata keçirəcəyi növbəti strateji layihə olacaqdır.
Bu arada, Azərbaycan, Qazaxıstan və Özbəkistan bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin Avropaya ixracını təmin etmək üçün vacib planın maliyyələşdirilməsini təmin etmək məqsədilə mühüm bir addım atıblar. Onlar Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə anlaşma memorandumu imzalayıblar. Keçən ilin may ayında Azərbaycan, Qazaxıstan və Özbəkistan öz Trans-Xəzər planlarını təqdim ediblər. Bu plana əsasən, Mərkəzi Asiyada, əsasən günəş və külək enerjisindən əldə olunan elektrik enerjisi Azərbaycana ixrac ediləcək, oradan isə Avropa İttifaqına çatdırılacaq. Bu, Cənubi Qafqaz-Cənubi Asiya-Avropa İttifaqı yaşıl enerji dəhlizinin qurulmasına doğru atılmış çox müsbət addımdır.
*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: