ERMƏNİSTAN BİRBAŞA DANIŞIQLAR FORMATININ DAHA SƏMƏRƏLİ OLDUĞUNU ETİRAF EDİR

Yekun sülh sazişi layihəsində əksini tapan 17 müddəanın tam razılaşdırılmasından sonra Ermənistan rəsmiləri qərəzli bəyanatlar verərək, Azərbaycanı “sazişin imzalanması prosesini uzatmaqda, sülhdə maraqlı olmamaqda” ittiham etməyə çalışsalar da, bu absurd iddialar beynəlxalq səviyyədə hansısa dəstək almır. Rəsmi Bakı bu iddiaları neytrallaşdıraraq açıq bəyan edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına yol açan müddəalar aradan qaldırılmadan, rəsmi İrəvanın ATƏT-in Minsk qrupunun ləğvi ilə əlaqədar sözgüdən quruma rəsmi müraciəti olmadan yekun sülh sazişinin imzalanması mümkünsüzdür.

Azərbaycanın bu şərtləri qətiyyən yeni deyil – rəsmi Bakı bu məsələləri son illərdə ən müxtəlif səviyyələrdə rəsmi İrəvanın və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Sülhdə guya maraqlı olduğunu iddia edən bir ölkənin konstitusiyasında başqa dövlətin ərazisinə əsassız iddiaların olduğu bir şəraitdə imzalanacaq istənilən sazişin hüquqi qüvvəsinə təminat yoxdur. Bu yarımçıq razılaşma gələcəkdə yeni gərginliklərə, mübahisələrə yol aça bilər. Rəsmi Bakının bu yanaşması beynəlxalq səviyyədə dəstəklənir, imzalanacaq sülh müqaviləsinin etibarlı, dayanıqlı olması üçün ziddiyyətli məqamların aradan qaldırılması vacibliyi qeyd edilir.

Digər tərəfdən, özünü “sülhpərvər” kimi göstərməyə çalışan Ermənistan rəhbərliyiiin ATƏT-in Minsk qrupunun ləğvi ilə əlaqədar quruma hansı səbəbdən rəsmi müraciət etməməsi də suallar doğurur. İki ölkə arasında münaqişənin tənzimlənməsi məqsədilə 1992-ci ildə yaradılmış bu amorf qurum Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra tarixin arxivinə gömülüb, hazırda onsuz da fəaliyyətsizdir. Aşkar görünür ki, qurumun de-yure ləğvi prosesini uzadan Ermənistanın məqsədi sülh sazişinin imzalanması prosesini gələn ilə qədər süni çəkildə uzatmaqdır.

Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları da göstərir ki, rəsmi İrəvan cari il ərzində yekun sülh sazişinin imzalanmasında maraqlı deyil. Baş nazir ölkəsinin əsas qanununda Azərbaycan ərazilərinə iddialara yol açan müddəaların olduğunu etiraf etsə də, yeni konstitusiyanın yalnız 2026-cı il may ayında – parlament seçkiləri ilə eyni gündə referenduma çıxarılaca biləcəyini bildirib. N.Paşinyan yeni konstitusiya layihəsinin hazırlanması üçün göstəriş verildiyini və sənədin üzərində iş aparıldığını da diqqətə çatdırıb. Bu açıqlamalar bir daha təsdiqləyir ki, azı gələn ilin may ayına qədər yekun sülh sazişinin imzalanması, münaqişə səhifəsinə rəsmən son qoyulması mümkün olmayacaq. Belə olan təqdirdə, qarşı tərəfin Azərbaycanı sülhə maraqlı olmamaqda ittiham etməsi də anormal və qeyri-ciddi yanaşmadır.

Ümumilikdə, rəsmi İrəvanın son illərdə Azərbaycanın siyasi və diplomatik gedişləri qarşısında geri çəkilməyə, yeni geosiyasi vəziyyətlə barışmağa məcbur olması aydın görünür. Qarşı tərəf Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların bərpası istiqamətində praktik addımlar atılmasının qaçılmaz proses olduğunu da qəbul etmək məcburiyyətində qalıb. Bunun əsas səbəblərindən biri də Ermənistanın Qərbdəki havadarlarından – konkret olaraq ABŞ və Fransadan gözlədiyi dəstəyi ala bilməməsi, rəsmi Bakının həmin ölkələrin ölkəmizə qarşı əsassız təzyiq cəhdlərini inamla zərərsizləşdirməsidir. Azərbaycanın guya Ermənistanı hərbi təhdidlərə məruz qoyan, yeni hərbi əməliyyatlara hazırlaşan tərəf kimi təqdim etmək cəhdləri isə beynəlxalq arenada ciddi qarşılanmır.

Rəsmi Bakı beynəlxalq hüquq əsasında irəli sürdüyü 5 prinsiplə danışıqların mövzu və predmetini müəyyən edib. Azərbaycan sülh danışıqlarının hansısa ölkə və beynəlxalq təşkilat tərəfindən inhisara alınmasına, bu prosesdə tərəf kimi çıxış etməsinə qarşı olub. İki ölkə arasında 2024-cü ildən başlayaraq əldə olunan pozitiv nəticələr göstərir ki, ABŞ, Fransa, Avropa İttifaqı və Rusiyanın iştirakı olmadan da müzakirələr aparmaq, irəliləyişlər əldə etmək mümkündür. Məhz birbaşa danışıqlar formatı çərçivəsində iki ölkənin ərazi mübahisəsini ilk dəfə olaraq dinc yolla tənzimləməsi, Qazaxın 4 kəndinin ötən il Azərbaycana təhvil verilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

İkitərəfli danışıqlar formatının əhəmiyyətini artıq Ermənistan rəhbərliyi də etiraf edir. Bu ölkənin xarici işlər naziri A.Mirzoyan Türkiyə mediasına müsahibəsində bildirib ki, Ermənistan-Azərbaycan danışıqları məhz ikitərəfli formatda, xarici müdaxilə olmadan daha yaxşı nəticələr verib: “Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən yaxşı nəticələrə məhz birbaşa ikitərəfli dialoq formatında nail olunub…Konkret danışıqlara gəldikdə, biz tək, iki ölkə bir otaqda olanda danışa bilirik. Birbaşa danışmaq imkanımız, əlaqələrimiz var, asanlıqla fikir mübadiləsi aparırıq”.

Birbaşa danışıqlar formatı iki ölkə arasında mübahisəli məsələlər ətrafında fikir mübadiləsinin aparılması, qərarların qəbulu baxımından səmərəli nəticələr verir. Yekun sülh sazişinə doğru ciddi addım olan bu razılaşmalar vasitəçilik adı altında regiona təsir rıçaqları əldə etməyə çalışan kənar qüvvələrin də geriyə çəkilməsinə səbəb olub. Bu qüvvələr hazırda özləri də etiraf edirlər ki, hər iki ölkə vasitəçilərin iştirakı olmadan da yaxşı anlaşır, mühüm nəticələr əldə edirlər.