CƏNUBİ QAFQAZDA SÜLH ÜÇÜN FRANSANIN REGİONDAN UZAQLAŞDIRILMASI ZƏRURİ ŞƏRTƏ ÇEVRİLİR

Azərbaycan və Ermənistan arasında sülh əldə edilməsində bu gün ən böyük maneə yaradan xarici qüvvə qismində Fransanın çıxış etməsi özünü getdikcə daha qabarıq surətdə büruzə verir. Rəsmi Paris İrəvana təsir imkanlarından istifadə edərək, bu ölkənin Azərbaycanla sülh sazişi imzalamasını hər vəchlə əngəlləməyə çalışır. Özü də bütün bunlar o kontekstdə baş verir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb. İndi əsas məsələ müqavilənin imzalanması üçün Ermənistanın iki şərti yerinə yetirməsidir. Bunlardan biri ATƏT-in Minsk qrupunun buraxılması, digəri isə   Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bu şərtlər yerinə yetriləcəyi halda sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayacaq.

Azərbaycanın tələblərində haqlı olduğunu Ermənistanda artıq qəbul edirlər və bunu sözügedən ölkə rəsmilərinin açıqlamaları da təsdiq edir. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan bildirir ki, hakimiyyətin referenduma çıxarmağa hazırlaşdığı yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır: “Əvvəllər dediyim kimi, Müstəqillik Bəyannaməsinin mətnini oxuyanda görürük ki, orada deyilir ki, Ermənistanın müstəqil dövlətçiliyi ola bilməz. Bu mümkün deyil. Ona görə də deyə bilmərəm ki, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır”.

Bir daha xatırladaq ki, Ermənistan Konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycana ərazi iddiaları əksini tapıb. Bunun Azərbaycanla sülh müqaviləsi imzalanmasına ciddi əngəl yaratdığını indi Ermənistanda çoxları qəbul etdiyi halda Fransa bu məsələdə də erməni tərəfinin mövqeyinə müdaxilə etməyə çalışır. Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun açıqlamaları da qeyd edilənlərin təsdiqidir. O, sülh üçün Ermənistan Konstitusiyasının mətnindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasına heç bir lüzum olmadığını bildirir. Jan-Noel Baro hətta açıq şəkildə Ermənistanın daxili işlərinə də qarışaraq iddia edir ki, sülh əldə edilməsi üçün Ermənistan Konstitusiyasında dəyişiklik etməyə ehtiyac yoxdur. Başqa sözlə, bu Fransa rəsmisi Ermənistan hakimiyyəti və xalqının əvəzinə qərar verməyə çalışır. Bu, bütün hüquq normalarına zidd olsa da Jan-Noel Baro belə bir mövqe sərgiləməkdən çəkinmir və təbii ki, Ermənistanın xarici siyasətində yol verdiyi ciddi xətalar da belə bir halın yaşanmasına zəmin formalaşdırır.

Daha bir mühüm nüans Ermənistanda “Qarabağ hərəkatı” ilə bağlıdır. Yenə Nikol Paşinyan bildirir ki, ölkəsində “Qarabağ hərəkatı”nın davam etdirilməsi dövlətçilik üçün dağıdıcıdır: “Bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısını almaq üçün bir alət olub və olacaq. Təəssüf ki, biz bunu çox gec anladıq. Bəzi xarici oyunçular üçün Qarabağ məsələsinin özü Ermənistanın inkişafına mane olmaq və sonra onun dövlətçiliyini məhv etmək üçün bir alət olub”. Amma Ermənistanda revanşist qüvvələr, həmçinin separatçıların özləri “Qarabağ hərəkatı”nı yaşatmağa çalışırlar. Ermənistana səfər edən Fransanın bəzi deputatlarının bu cəfəng hərəkatın təmsilçiləri ilə görüşləri onlar üçün dəstək rolunu oynayır. Bu, həm də Fransanın separatizmə dəstəyinin davam etməsinin göstəricisidir.

Azərbaycan və  Ermənistan arasında sülhə əngəl yaradan daha bir məsələ Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasıdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirir ki, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra bu missiyanın fəaliyyətinə son verilməsi mümkündür. Amma regionda gərginlik hökm sürməsində maraqlı olan Fransa tamam əks yanaşma sərgiləyir. Hətta  Jan-Noel Baro bildirir ki, monitorinq missiyasının tərkibini genişləndirmək lazımdır. Bütün bunlar təkcə Azərbaycanda yox, qonşu Rusiyada da ciddi narazılıq yaradır. Çünki bu missiyanın kəşfiyyatla, casusluqla məşğul olduğu, regionda sülhə xələl gətirdiyini Rusiyada da yaxşı bilirlər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məsələ ilə bağlı qeyd edib ki, Fransa və Avropa İttifaqının Ermənistandakı fəaliyyəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməklə bağlı deyil, əksinə, regionda kənar müdaxilənin gücləndirilməsinə və sabitliyinin pozulmasına yönəlib: “Bəli, avropalıların, ilk növbədə fransızların öz geosiyasi məqsədlərinə nail olmaq üçün regional gərginliyin saxlanmasında maraqlı olduqlarını deməyə bütün əsaslar var. Onlar bizi inandırmağa çalışsalar da, Cənubi Qafqazda Parisin xoş niyyətlərinin olması ilə bağlı bizim heç bir illüziyamız yoxdur. Biz Avropa İttifaqının Ermənistandakı əsl məqsədlərinin nə olduğunu lap yaxşı bilirik. Onlar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək istəmir. Avropa İttifaqının nümayəndələrini casus müşahidəçi adlandırmaq olar. Onlar həm daxildə, həm də xaricdə Ermənistanla qonşu olan bütün dövlətlərə və ölkələrə qarşı işləyirlər”. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi onu da diqqətə çatdırıb ki, Paris təmsilçilərinin bölgədə olarkən topladıqları məlumatlar heç bir şəkildə erməni həmkarları ilə paylaşılmır: “Çünki məqsəd başqadır. Onlar hər şeyi birbaşa Brüsselə göndərirlər. Nə üçün? Mənə elə gəlir ki, Brüsselin postsovet məkanında vəzifəsini heç kəs gizlətmir də. Bu, sonsuz xaos, ixtilaf, qarşıdurmadır. Aİ müşahidəçiləri regiona heç bir sabitlik gətirmir, əksinə, yeni ayırıcı xətlər, yeni gərginlik ocaqları, yeni problemlər yaradırlar”.

Mövcud vəziyyət onu göstərir ki, Ermənistan artıq özündə qətiyyət tapıb Avropa İttifaqının monitorinq missiyasının fəaliyyətindən imtina etməli, Fransanın daxili işlərinə bu qədər açıq müdaxiləsinin qarşısını almalıdır. Bu ölkənin inkişafı, rifahı, ümumiyyətlə isə qurtuluşu ilk növbədə Azərbaycanla münasibətlərinin normallaşmasından, sülh şəraitində yaşamasından asılıdır. Qeyd edilən reallıq Fransaya da yaxşı bəllidir və bu, Parisin Cənubi Qafqazda niyyəti,  maraqları ilə tam ziddiyyət təşkil edir. Elə o səbəbdən Fransa Ermənistana təsir edərək, müxtəlif vədlər verərək, bu ölkəni silahlandıraraq sülhə əngəl olmağa can atır.  Avropa Parlamentinin Fransadan olan deputatı  Nikolas Bay isə məsələyə dini don geyindirməyə, Ermənistana Qərbin xristian həmrəyliyi ilə yanaşmasının vacibliyini ön plana çəkməyə çalışır. O, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı Ermənistan torpağı kimi qələmə verməyə, bu iki Cənubi Qafqaz ölkəsi arasında savaşın dini zəminə söykəndiyini göstərməyə cəhd edir. Təəssüf ki, belə yanaşmasında  Nikolas Bay tək deyil, bir sıra Fransa təmsilçiləri də eyni mövqe sərgiləyirlər. Bütün bunlar bir daha Fransanın Cənubi Qafqazda hansı məkrli niyyətlər güddüyünü açıq şəkildə ortaya qoyur. O səbəbdən Fransanın regiondan uzaq tutulması zəruri şərtdir və bunun sülhə xidmət etməsi reallığını Ermənistan da qəbul etməlidir.