AZƏRBAYCANIN GENİŞLƏNƏN BEYNƏLXALQ HƏRBİ ƏLAQƏLƏRİ GEOSİYASİ TƏHDİDLƏRƏ ADEKVAT CAVABDIR

İşğalçılıq və ərazi ilhaqı siyasətinə birdəfəlik son qoyulan Ermənistan hələ də sakitləşmir, məhdud iqtisadi resurslarını kütləvi silahlanmaya yönəldir, hərbi hərclərini artırır, sülh bəyanatlarına zidd olaraq təxribatlarını tutmaqda davam edir. Aprelin 18-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, son aylarda belə halların intesivləşməsi deyilənlərin əyani sübutudur.

Bütün bunlar regiondakı sabitliyin nisbi səciyyə daşıdığını, hər an pozula biləcəyi ehtimalını da gücləndirir. Ermənistanın silahlanması, regiondankənar ölkələrin İrəvanın vasitəsilə bölgəyə müdaxilə cəhdləri təkcə Azərbaycan üçün yox, ümumilikdə, Cənubi Qafqaz üçün təhlükə mənbəyinə çevrilə bilər.

Rəsmi İrəvan müəyyən ölkələrlə gizli və açıq sövdələşmələr apararaq, İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri zamanı darmadağın edilmiş ordusunu yenidən ayağa qaldırmağa, modernləşdirməyə çalışır. Qarşı tərəfin üzərinə götürdüyü bir sıra öhdəliklərə əməl etməməsi, Konstitusiyasında ərazi iddiaları ilə bağlı müddəaların mövcudluğu, erməni cəmiyyətindəki revanş çağırışları yekun sülh sazişinin imzalanmasına qarşı yönəlmiş destruktiv addımlardır. Rəsmi İrəvanın Azərbaycanı əsassız olaraq “sülhə maraqlı olmamaqda”, “yeni eskalasiyaya hazırlaşmaqda” ittiham etməsi isə hərbi təxribatlara, silahlanmaya “bəraət qazandırmaq” niyyəti güdür. Qarşı tərəfin Azərbaycanla şərti sərhədə hərbi texnika yığması və 10 istehkamlaşdırılmış hərbi mövqe inşa etməsi də ölkəmizə qarşı təhdid kimi dəyərləndirilir.

Azərbaycanın ərazilərinin əhəmiyyətli bir hissəsini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, ölkəmizə və digər qonşularına qarşı ərazi iddialarını davam etdirən Ermənistanın hərbi potensialını gücləndirmək cəhdləri sülh və sabitliyə potensial təhdiddir və bu ölkənin bölgədəki destruktiv fəaliyyətini stimullaşdırır. Eyni zamanda, rəsmi İrəvan silahlanma ritorikası ilə guya Ermənistanın müqavimətə hazır olması barədə ictimaiyyətdə irreal təsəvvürlər formalaşdırmağa çalışır.

İqtisadi çətinliklər içində olan Ermənistanın hərbi xərclərini 2023-cü ildə 47 faiz, 2024-cü ildə 7 faiz, 2025-ci ildə daha 20 faiz artırması, Hindistan, Yunanıstan, İran,  Fransa və digər ölkələrdən müasir silahlar alması rəsmi İrəvanın sülh və sabitlik çağırışları ilə tərs-mütənasiblik təşkil edir. Əslində, Ermənistanın hazırda Azərbaycan Silahlı Qüvvələri ilə rəqabət apara biləcək modern ordu yaratmaq imkanı yoxdur və rəsmi İrəvan kütləvi silahlanma ilə sadəcə, danışıqlar prosesində mövqelərini möhkəmləndirməyə sadəlövh ümidlər edir. Azərbaycanın son illərdəki tarixi zəfərləri təcavüzkar ölkənin hərbi işğalı davam etdirmək niyyətini puça çıxarıb. Buna baxmayaraq, N.Paşinyanın məğlub Ermənistan ordusunu Fransa başqa olmaqla, müəyyən ölkələrin dəstəyilə yenidən silahlandırmaqla, hərbi büdcəsini artırmaqla regiondakı qüvvələr nisbətində guya hansısa tarazlıq əldə edə biləcəyinə mənasız ümidlər bəsləyir.

Bu təhdidləri real dəyərləndirən rəsmi Bakı Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesində ən müasir trendlərin tətbiqinə, mütərəqqi beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Son illərdə Türkiyə və İsraillə yanaşı, Pakistan, Gürcüstan, Özbəkistan, İtaliya, Sloveniya, Slovakiya ilə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar, keçirilən birgə təlimlər xüsusi əhəmiyyətə malikdir. 2024-cü ildə Ordumuzun şəxsi heyəti ikitərəfli, çoxtərəfli və çoxmillətli regional, beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli hərbi təlimlərdə iştirak edib. Türkiyədə keçirilən “Qafqaz Qartalı-2024”, “EFES-2024”, “Anadolu Ankası-2024”, “Açıq dəniz”, “Mavi Balina”, Gürcüstanda “ETERNITY-2024”, Pakistanda “Hind Qalxanı”, Qazaxıstanda “Birləşdik”, “Qızıl Qartal”, “Sonsuz Qardaşlıq-III, Polşada “CWIX 24”, İtaliyada “Adaptiv Interaction 2024”, Moldovada “REGEX 2024” təlimlərində iştirak edən silahlı qüvvələrimiz təcrübə və vərdişlərini bölüşmək imkanı əldə ediblər.

Bu gün Ordumuzun arsenalında olan müxtəlif növ müasir texnika və silah-sursatın beynəlxalq sərgilərdə nümayişi Azərbaycanın ötən 20 ildə hərbi sahəyə diqqət və qayğısı ilə bağlı əyani təsəvvür formalaşdırır. 2003-cü ildən dövlət büdcəsindən Silahlı Qüvvələrə ayrılan xərclərin təxminən 15 dəfəyədək artırılması və hazırda 6 milyard manatdan çox olması bunu bir daha sübut edir. Bunun nəticəsi olaraq Azərbaycanın müdafiə sənayesi də ildən-ilə inkişaf edir, respublikamız dünya silah bazarında layiqli mövqe tutmağa nail olur.

Hazırda dünya silah-sursat bazarında böyük payı olan Rusiya, İsrail kimi dövlətlərin diqqəti daha çox daxili tələbatı ödəməyə, müəyyən ehtiyat yığmaya yönəlib. Bu isə dünya silah bazarında müəyyən qıtlıq yaradıb, qiymət artımına səbəb olub. Belə bir şəraitdə Azərbaycanın dünya silah bazarında önəmli ixracatçıya çevrilmək imkanları genişdir. Bakıda ənənəvi olaraq keçirilən müdafiə sənayesi sərgiləri sərgisi ölkəmizin bu sahədəki nailiyyətlərinin, reallaşdırdığı layihələrin nümayişi baxımından yaxşı imkanlar açır.