STM-də Qazaxıstandan olan tədqiqatçılarla görüş keçirildi

Sosial Tədqiqatlar Mərkəzində Qazaxıstanda L.Qumilyov adına Avrasiya Milli Universitetinin Sosiologiya kafedrasından Nurlan Baiqabılov və Astana İnformasiya Texnologiyaları Universitetindən sosioloq Assem Kusmanova ilə görüş keçirilib.
Azərbaycana səfərləri çərçivəsində ölkəmizdəki tədqiqat mərkəzlərinin fəaliyyətlərini öyrənmək istədiklərini söyləyən qonaqlar sosiologiya sahəsində ortaq addımların atılmasının vacibliyini vurğulayıblar.
STM İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova qonaqları salamlayaraq STM haqqında onları məlumatlındırıb. O bildirib ki, Prezidentin fərmanı ilə yaradıldığı vaxtdan Mərkəzdə aktual problemlərə həsr edilən təklif və tövsiyələri əks etdirən elmi təhlillərin hazırlanması üzərində mütəmadi iş aparılır. Cəmiyyətdəki sosial proseslər və dinamika ilə bağlı təhlillər STM tərəfindən mütəmadi olaraq təhlil edilir.
STM o cümlədən, ictimai rəyin öyrənilməsi ilə bağlı sosioloji tədqiqatlar və rəy sorğuları keçirərək onların nəticələrini təqdim edir. Tahirə Allahyarova STM-in Azərbaycan dilində və xarici dillərdə nəşr edilən hesabatlarını qonaqlara təqdim edərək Türk Dünyasının siyasi və mənəvi baxımdan birliyinin elm və tədqiqat sahəsində də uğurla davam etdiyini vurğulayıb. Görüşdə iştirak edən STM-in departament müdirləri Aqşin Məmmədov, Seymur Əliyev, Əziz Əlibəyli və sektor müdirləri Humay Axundzadə, Tural İsmayılov Mərkəzin müxtəlif sahələrdə tədqiqatlar aparan Türk Dünyasının beyin mərkəzləri ilə əlaqələrinin bundan sonra da prioritet olaraq daha da inkişaf etdiriləcəyini vurğulayıblar. Çıxışçılar qeyd edib ki, Mərkəzin təsis edilməsində məqsəd Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil etmək, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirməkdir. Eyni zamanda dəyişiklikləri proqnozlaşdırmaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırmaq da bu məqsədlər sırasındadır. Müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin etmək də bu hədəflər arasında yer alır.
Görüşdə L.Qumilyov adına Avrasiya Milli Universiteti və Astana İnformasiya Texnologiyaları Universiteti ilə STM arasında gələcək əməkdaşlıq perspektivləri barədə qərarlar alınıb.