GÜRCÜSTAN ALDADILDIĞINI BİLƏNDƏ QƏRB TƏZYİQƏ BAŞLADI

Gürcüstan müstəqillik qazandığı 1991-ci ildən etibarən xarici siyasətini əsasən Qərblə yaxın əlaqələr qurmağa yönəltmişdi. Bu siyasət ölkənin Avropa İttifaqı  və NATO ilə strateji tərəfdaşlığa yönəlməsi, habelə iqtisadi, siyasi və hərbi sahələrdə Qərblə inteqrasiyanı özündə ehtiva edirdi. Lakin son dövrlərdə baş verən hadisələr, xüsusilə Avropa İttifaqı ilə üzvlük müzakirələrinin 2028-ci ilin sonuna qədər qədər gündəmdən çıxarılması və ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırması Gürcüstanın xarici siyasətində ciddi dəyişikliklərin yaşanmasına səbəb olub. İndi əsas məsələ bu dəyişikliklərin ölkənin Rusiya ilə yaxınlaşmasına nə dərəcədə zəmin hazırlaması ilə bağlıdır.

Qeyd etməliyik ki, Gürcüstanın xarici siyasətindəki dəyişikliklərin başlıca səbəblərindən biri ABŞ-ın Gürcüstana olan təzyiqləridir. ABŞ ölkənin NATO ilə inteqrasiyasını dəstəkləyən və Gürcüstanın Qərb müttəfiqləri ilə daha yaxın əlaqələr qurmasına tərəfdar olan bir siyasət yürütmüşdü. Lakin ABŞ-ın son dövrlərdəki addımları, xüsusilə də Gürcüstanın daxili işlərinə müdaxiləsi və öz siyasi maraqlarını ön planda tutması Gürcüstanın rəhbərliyinin ciddi narazılığına səbəb oldu. Bununla yanaşı, ABŞ və Avropanın Gürcüstanın daxili siyasətinə kobud müdaxiləsi Qərbin anti-Rusiya xətti çərçivəsində baş verdi ki, rəsmi Tbilisi regional faktorları nəzərə alaraq bu kampaniyanın tərkib hissəsi olmaq istəmədi. Belə olan halda kollektiv Qərb Gürcüstana hücuma keçdi, siyasi təzyiqlər fonunda Gürcüstan hökuməti çarəni yalnız müstəqil qərar qəbul etməkdə gördü.

Hazırda Gürcüstan 2028-ci ilə qədər Avropa İttifaqı ilə üzvlük müzakirələrinin dayandırılması haqqında qərar verib. Bu qərar ölkənin xarici siyasətində yeni mərhələnin başlanmasıdır. Bu qərarın səbəbləri çoxşaxəlidir. Əsas amil Gürcüstanın daxili siyasətindəki qeyri-sabitlik və Avropa İttifaqının ölkəyə qarşı münasibətinin zəifləməsidir. Burada Gürcüstana verilən vədlərin real həyatda öz təsdiqini tapmaması da mühüm rol oynayır. Təsadüfi deyil ki, bir müddət bundan əvvəl hakim “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili bildirmişdi ki, uzun onillər ərzində üzünü Qərbə çevirən, xüsusilə də Avropa institutları ilə yaxınlaşmaq yolunu tutan Gürcüstan nəhayət ki, aldadıldığını başa düşüb. Çünki bu illər ərzində Gürcüstana Avropa İttifaqına və NATO-ya üzvlüklə bağlı çoxlu vədlər verilsə də onların heç biri həyata keçməyib.

Digər amil Gürcüstanın Rusiya ilə münasibətlərinin getdikcə yaxşılaşmasının  ölkənin Avropa İttifaqı ilə əlaqələrini bir az daha çətinləşdirməsidir. Avropa İttifaqının Rusiyaya qarşı apardığı sərt siyasət Gürcüstanın öz iqtisadi və ticarət maraqlarını qorumaq istəyini artırıb, bu isə yalnız Rusiya ilə yaxınlaşmaqdan keçir. Bu mənada Gürcüstan rəhbərliyinin Rusiyanın dəstəyini əldə etməsi onun Qərbin iqtisadi və siyasi təzyiqlərindən qaçmağı hədəflədiyini göstərir. Hökumət bu addımından haqlıdır. Çünki Gürcüstanın Rusiya ilə yaxınlaşması ölkə iqtisadiyyatını güclənməsi, xarici donorlardan asılılığın aradan qaldırılması, ölkəyə sərmayələrin cəlb olunması deməkdir. Digər mühüm amil ondan ibarətdir ki, Gürcüstan Rusiya ilə hərbi əməkdaşlıq sahəsində də maraqlıdır. Bu ona Cənubi Qafqazda güc balansının qorunması baxımından lazımdır.

Güman olunur ki, Rusiya ilə yaxınlaşma Gürcüstanın daxili siyasətinə müsbət təsir edəcək. Bu vəziyyət Rusiyanın dəstəyi ilə Gürcüstanın həm daxili sabitliyini təmin etmək, həm də ərazi bütövlüyünü bərpa etmək şansını artırır. Rusiyanın Cənubi Osetiya və Abxaziya məsələlərində Gürcüstanı dəstəkləməsi bu ərazilərdəki münaqişələrin həlli istiqamətində əhəmiyyətli bir rol oynaya bilər. Bu isə Qərbin xoşuna gəlmir. Onlar Avropadakı proksi dövlətlərin əli ilə Gürcüstana təzyiqlərini gücləndirməyə, Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə başlayıblar.

Hazırda Gürcüstan çətin və mürəkkəb vəziyyətdən keçir. Dekabrın 14-də keçiriləcək prezident seçkilərindən sonra ölkənin siyasi stabilləşməsi istiqamətində mühüm addımların atılacağı gözlənilir. Çox güman ki, bu addımlar Rusiyanın iştirakı ilə Gürcüstanın öz ərazi bütövlüyünü təmin etməsi istiqamətində əhəmiyyətli addımların atılması ilə müşayiət olunacaq.