Mərkəzi Asiya və Cənubi Qafqazda su təhlükəsizliyi

Kənd təsərrüfatının ümumi su istehlakının 60-90%-ni təşkil etdiyi Mərkəzi Asiya və Cənubi Qafqazda su təhlükəsizliyi yalnız resurs deyil, həmçinin iqtisadi dayanıqlılıq və siyasi sabitlik məsələsidir.

Sovet dövründə, Mərkəzi Asiya və Cənubi Qafqazda su idarəçiliyi mərkəzləşdirilmiş və Moskva su resurslarının bölgüsünü idarə edərək, genişmiqyaslı kənd təsərrüfatı istehsalını dəstəkləmək üçün suvarma və hidroelektrik sistemləri qurmuşdu. Moskvanın yaratdığı sistem qısamüddətli mənfəətə fokuslandığı üçün ətraf mühitin pisləşməsinə və idarəetmə sistemlərinin pozulmasına səbəb oldu və iqlim dəyişikliyi bu problemləri daha da şiddətləndirdi.

1991-ci ildə Sovet İttifaqının dağılması, əvvəllər vahid olmuş su sistemlərini parçalayaraq, yeni müstəqil dövlətləri regional çərçivələr olmadan su çatışmazlığı ilə üz-üzə qoydu. Hər iki region bənzər çətinliklərlə qarşılaşdı: transsərhəd çayların idarə olunması, suvarma tələbləri ilə hidroenerji istehsalının tarazlaşdırılması, çayın yuxarı və aşağı axını üzrə qonşular arasında siyasi gərginliklər. Lakin əməkdaşlıq çətin olduğu üçün, su məsələsi onların post-sovet reallıqlarında təməl bir mübarizə mövzusuna çevrildi. Bu gün su yalnız həyat mənbəyi deyil, həm də potensial bir münaqişə mənbəyidir.

Mərkəzi Asiya

Aral dənizinin hövzəsini qidalandıran və Mərkəzi Asiyanın həyat damarını təşkil edən əsas su mənbəyi Amudərya və Sırdərya çaylarıdır. Sovet hakimiyyəti dövründə bu çaylar pambıq istehsalı üçün geniş suvarma şəbəkələrinin işləməsini təmin edir və böyük miqyaslı hidroelektrik stansiyalarının fəaliyyətində istifadə olunurdu. Lakin bu sistem davamlılıq nəzərə alınmadan qurulmuşdu. Nəticədə, ətraf mühitdə ciddi dağıntılar meydana gəldi: bir zamanlar dünyanın dördüncü ən böyük daxili gölü olan Aral dənizinin 90%-i qurudu və bu, 20-ci əsrin ən böyük ekoloji fəlakətlərindən birinə çevrildi. Bu gün keçmiş Aral dənizinin ətrafında səhralaşma nəticəsində illik iqtisadi itkilər 1.25 milyard dolları keçib.

Müstəqillikdən sonra, daha səmərəli su idarəçiliyi ilə bağlı ümidlər qısa ömürlü oldu. Sürətli əhali artımı, yüksələn enerji tələbatı və iqlim dəyişikliyi regionun su sistemlərini gərginləşdirdi. 1990-cı illərdə bölgədə əhali 25 milyon idi; bu gün isə 82 milyonu ötüb ki, bu da kənd təsərrüfatı və enerji sahələrində suya olan tələbatı artırır.

Qırğızıstan və Tacikistan Mərkəzi Asiyanın əsas çaylarının mənbələrinə ev sahibliyi edən ölkələrdir və bol suya malikdirlər, lakin onlar enerji çatışmazlığı ilə mübarizə aparır. Qışda suvarma üçün saxlanılan su hidroenerji üçün həyati əhəmiyyət kəsb edir və hər iki ölkəni elektrik enerjisi çatışmazlığına qarşı həssas edir. Qırğızıstan suyun bol olmasına baxmayaraq, 2023-cü ildə hidroelektrik enerji istehsalı üçün kifayət qədər su olmaması səbəbindən fövqəladə vəziyyət elan etmişdi.

Bundan başqa, böyük pambıq istehsalçısı olan Özbəkistan ciddi su çatışmazlığı ilə qarşı-qarşıyadır, çünki ölkə sərhədləri daxilində yalnız 12.2 kub kilometr su resursları mövcuddur. Əhalisi 40 milyona çatmış Özbəkistan su mənbələri baxımından Qırğızıstan və Tacikistandan asılı vəziyyətdədir. Proqnozlar göstərir ki, su çatışmazlığı 2030-cu ilə qədər 14%-dən 46%-ə qədər artacaq və bu, kənd təsərrüfatı istehsalına və iqtisadi sabitliyə təhdid yaradacaq.

Qazaxıstan da oxşar vəziyyətdədir. Ərazisinin üçdə ikisi quraq və ya yarımsəhra kimi təsnif edilən ölkə, əsasən Qırğızıstan və Özbəkistandan axan sudan asılıdır. Ölkə su idarəçiliyi islahatlarına sərmayə qoysa da, resurslarının davamlılığı hələ də sual altındadır.

Türkmənistan isə demək olar ki, tamamilə Amudərya çayından asılıdır və qeyri-effektiv suvarma sistemləri ilə yanaşı azalan çay axınları ilə mübarizə aparır. Bu vəziyyət kənd təsərrüfatı sektoruna və ərzaq təhlükəsizliyinə təhdid yaradır.

Su ehtiyatlarının istifadəsinə aid bəzi sazişlər Sovet dövründən qalıb və müasir reallıqlara uyğun deyil. Sovet dövründən irs olaraq qalan su idarəçiliyi üçün mübadilə sistemi hələ də mövcuddur, lakin bu sistem ciddi çətinliklərlə üzləşir. Bu sistemə əsasən, yuxarı axın ölkələri olan Qırğızıstan və Tacikistan bitkilərin böyümə mövsümündə aşağı axın ölkələri olan Qazaxıstan, Özbəkistan və Türkmənistana su buraxır. Əvəzində, bu aşağı axın ölkələri onları yanacaq, elektrik enerjisi və maliyyə yardımı ilə təchiz edirlər. Lakin bu sistem indi ciddi təzyiq altındadır.

Əsas problem budur ki, su getdikcə daha çox silah kimi istifadə olunmağa başlayıb və təhlükəsizlik məsələsinə çevrilib. İqlim dəyişikliyi və yerli ehtiyaclar, yuxarı axın ölkələrini hidroenergetika və enerji ehtiyacları üçün daha çox su saxlamağa məcbur edib. Eyni zamanda, su idarəçiliyi yalnız texniki əsələ olmaqdan çıxaraq, siyasi baxımdan həssas mövzuya çevrilib və bu, əməkdaşlığı daha da çətinləşdirib. Dövlətlər arasında qarşılıqlı inam azalır və getdikcə su məsələsinə daha çox milli təhlükəsizlik prizmasından baxılır.

Bundan əlavə, gələcəkdə mübadilə sisteminin necə qurulacağına dair fikir ayrılıqları artır. Qazaxıstan və Özbəkistan köhnə sistemin qorunmasını istəyir, çünki bu sistem Sovet dövrünün prioritetlərinə uyğundu və o dövrdə kənd təsərrüfatı sektoru üstünlük təşkil edirdi. Əksinə, Qırğızıstan və Tacikistan bu razılaşmanın artıq onların enerji ehtiyaclarını əks etdirmədiyini iddia edir və dəyişən prioritetlərinə uyğun yeni şərtlər tələb edirlər. Bu fikir ayrılıqları, hər bir tərəfin asanlıqla güzəştə getmək istəməməsi səbəbindən su ehtiyatlarının bölünməsi üzrə razılaşmaları yenidən müzakirə etmək səylərini çətinləşdirir.

Başqa bir problem 2028-ci ilə qədər Amudərya çayından suyun yönləndirilməsi vasitəsilə Əfqanıstanda Quştəpə (Kuş-Tepe) kanalının inşasıdır. Davamlı əməkdaşlıq çərçivəsi qurulmasa suyun azalması regional gərginlikləri artıra bilər.

Cənubi Qafqaz

Mərkəzi Asiya kimi, Cənubi Qafqaz da Kür, Araz, Alazan və Xram kimi transsərhəd çaylardan çox asılıdır. Bu çaylar kənd təsərrüfatı, hidroenergetika və məişət istifadəsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sovet dövründə genişmiqyaslı suvarma sistemləri Azərbaycanda və Gürcüstanda da intensiv kənd təsərrüfatı istehsalını təmin edirdi. Regiondakı çaylar boyunca tikilən hidroelektrik stansiyaları böyüyən şəhər mərkəzlərini elektrik enerjisi ilə təchiz edirdi. Lakin, qeyd edildiyi kimi, Sovet su idarəçiliyi əsasən qısamüddətli mənfəət üzərində fokuslanmışdı və bu sistem bu günə qədər davam edən ətraf mühitin pisləşməsinə, eləcə də su çirklənməsinə səbəb olmuşdu. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan, Ermənistan və Gürcüstanın regional əməkdaşlıq üçün yeni çərçivələr yaratmaq cəhdləri o vaxtdan bəri ləng gedir.

Hazırda Azərbaycanın su resurslarının təxminən 70-75%-i Ermənistan və Gürcüstandan gələn yuxarı axın mənbələrindən asılıdır. Bu asılılıq ölkəni çay axınında iqlim dəyişikliyi və ya siyasi hadisələrin səbəb olduğu dəyişikliklərə qarşı son dərəcə həssas edir. İkinci Qarabağ Müharibəsindən əvvəl Azərbaycan Ermənistanın nəzarətində olan mühüm su mənbələrinə çıxışın məhdud olması səbəbindən su təhlükəsizliyi ilə mübarizə aparırdı. Müharibədən sonra Azərbaycan, suvarma və içməli su üçün böyük əhəmiyyət kəsb edən Tərtər və Gəncə çayları da daxil olmaqla bir neçə çaya nəzarəti bərpa etdi. Lakin sülh sazişinin olmaması və Ermənistanla olan qeyri-müəyyənlik uzunmüddətli su təhlükəsizliyini təhdid etməkdə davam edir.

Azərbaycan təbii qaz istehlakını azaltmaq üçün hidroenergetikanın genişləndirilməsini də planlaşdırır, lakin iqlim modelləri yaxın onilliklərdə çay axınında böyük azalmaların olacağını proqnozlaşdırır ki, bu da enerji istehsalı üçün risklər yaradır. Bu, Avropanı enerji ilə təmin edən Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixracına təsir göstərə bilər.

Gürcüstan çayları, o cümlədən Kür və Xram həm kənd təsərrüfatı, həm də enerji istehsalı üçün vacibdir. Ölkə elektrik enerjisinin 80%-dən çoxunu su elektrik enerjisindən alır. Bununla belə, iqlim dəyişikliyi ilə yaxın onilliklərdə çay axınının əhəmiyyətli dərəcədə azalacağı gözlənilir ki, bu da hidroenergetika istehsalı üçün ciddi risk yaradacaq.

Ermənistan xarici su mənbələrindən az asılı olsa da, üzləşdiyi başqa problemlər var. Suyun keyfiyyəti ölkəni narahat edən əsas məsələlərdəndir. Sənaye və mədən tullantıları çirklənməyə səbəb olub və nəticədə aşağı axında olan Gürcüstan ilə gərginlik yaradıb. Ermənistan, xüsusilə kənd təsərrüfatının mərkəzləşdiyi şimal bölgələrində kənd təsərrüfatı istehsalı və ərzaq təhlükəsizliyini təhlükə altına alan artan quraqlıqlarla üzləşir. Həm Ermənistan, həm də Gürcüstan su təhlükəsizliyi məsələlərində beynəlxalq donorlardan və investisiyalardan çox asılıdır.

Eyni çaylardan asılı olmalarına baxmayaraq, Azərbaycan, Ermənistan və Gürcüstan hələ də su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı hərtərəfli müqavilə imzalamayıblar. Hər üç ölkənin ərazisindən axan Kür və Araz çayları regionun kənd təsərrüfatı və enerji sistemləri üçün həlledici əhəmiyyətə malikdir, lakin çoxtərəfli razılaşma yoxdur. Azərbaycan və Gürcüstan arasında Kür çayı ilə bağlı ikitərəfli saziş üzrə danışıqlar gələcək əməkdaşlığa müəyyən ümidlər verir, lakin irəliləyiş ləng gedir. Müəyyən edilmiş uzunmüddətli fəaliyyət planı olmadan, xüsusilə quraqlıq və ya yüksək tələbat dövründə su təhlükəsizliyi ilə bağlı gərginlik arta bilər.

Əməkdaşlığa, yoxsa daha dərin münaqişəyə doğru?

Mərkəzi Asiyada mövcud olan mübadilə sistemi hələ də müəyyən dərəcədə fəaliyyət göstərsə də, getdikcə aktuallığı azalır. Müasir reallıqları əks etdirmək üçün yeni mübadilə sistemi qurulmalıdır. Lakin bu yeni sistemin parametrləri barədə razılaşma əldə etmək getdikcə daha da çətinləşir. İqlim dəyişikliyi yuxarı axın ölkələrini enerji istehsalı üçün daha çox su saxlamağa məcbur edərkən, aşağı axın ölkələri kənd təsərrüfatı istehsalını qorumaq üçün etibarlı su axınları tələb edir. Eyni zamanda, suya təhlükəsizlik prizmasından yanaşılması danışıqları mürəkkəbləşdirir, çünki dövlətlər suyu birgə resursdan çox, strateji sərvət kimi qiymətləndirməyə meyillidir.

Cənubi Qafqazda da vəziyyət eyni dərəcədə mürəkkəbdir. Ermənistan, Azərbaycan və Gürcüstan bir neçə əsas çayı bölüşürlər, lakin onlar çoxtərəfli sazişlər hazırlamaqda çətinlik çəkirlər. Bir neçə sərhəddən axan Kür və Araz çayları kənd təsərrüfatı və enerji üçün həlledici əhəmiyyətə malikdir, lakin lazım olan əlaqələndirmə olmadan bu paylaşılan ehtiyatlar gərginlik mənbəyinə çevrilə bilər. Azərbaycan və Ermənistan arasında sülh sazişinin olmaması, xüsusilə, hər iki ölkə çaylara çıxışı əldə etmək üçün mübarizə apardığı zamanda, uzunmüddətli su təhlükəsizliyini hələ də təhdid edir.

Su ilə bağlı çətinliklərin öhdəsindən gəlmək üçün Mərkəzi Asiya və Cənubi Qafqazın birgə su resurslarına sahib çıxması və regional qurumlara əsaslanan əməkdaşlıq çərçivələri qurması vacibdir. Dayanıqlı irəliləyişin yeganə yolu, hər dövlətin suverenliyinə hörmət göstərən, lakin eyni zamanda  bir növ qarşılıqlı asılılıq yaradan özlərinin yeni əməkdaşlıq çərçivələrini qurmaqdır.

Cənubi Qafqaz bu prosesdə tamamlayıcı rol oynaya bilər. Onlar Mərkəzi Asiya çay sistemləri ilə birbaşa əlaqəli olmasalar da, oxşar su problemlərini bölüşürlər və birgə tədqiqat proqramları, eləcə də ətraf mühitlə bağlı əməkdaşlıq platformaları vasitəsilə mübadilə edilə bilən transsərhəd resursların idarə edilməsində təcrübəyə malikdirlər. Məsələn, Gürcüstanın regional enerji ticarəti və hidroenergetika sahəsində təcrübəsi Mərkəzi Asiya üçün faydalı ola bilər, eyni zamanda Cənubi Qafqaz Mərkəzi Asiyanın irimiqyaslı suvarma sahəsində təcrübəsindən faydalana bilər. Bunun vasitəsilə bu iki region su təhlükəsizliyində bir-birinin irəliləyişinə töhfə verməsi mümkündür.

Mərkəzi Asiya və Cənubi Qafqazda Orta Dəhlizlə bağlı əməkdaşlıqda mühüm irəliləyişlər əldə olunsa da, onları vahid institusional çətir altında birləşdirən regional çərçivə hələ də yoxdur. İndi sual bu iki regionun bütün potensialını necə açmaq və ümumi problemləri həll etmək üçün onların bir-birinə bağlılığından necə istifadə etməkdir. Su həm həyati əhəmiyyət kəsb edən, həm də potensial gərginlik mənbəyi qismində bu ortaq gələcəyin mərkəzində dayanır. Su həmçinin daha dərin regional inteqrasiyaya doğru təməl daşı olmaq və tarixən mübahisəli məsələni sülhün təməlinə çevirmək potensialına malikdir.

İndi həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda su hadisələri iki fərqli istiqamətə yönəldə bilər: o, münaqişələri alovlandıra və ya əməkdaşlıq üçün təməl ola bilər. Sual artıq su təhlükəsizliyinin prioritet olub-olmaması deyil, bu regionların onu rəqabət mənbəyindən əməkdaşlıq üçün təmələ çevirə biləcəyidir. Bu baxımdan, 29-cu Tərəflər Konfransı (COP29) bu ölkələrə əlaqələndirmə və əməkdaşlıq üçün müəyyən çərçivə müzakirə etmək və yaratmaq üçün platforma təklif edə bilər.