KAZAN GÖRÜŞÜ YEKUN SÜLH SAZİŞİ İSTİQAMƏTİNDƏ DANIŞIQLARI SÜRƏTLƏNDİRƏ BİLƏR

Qarabağdakı separatçı rejimin iflasından sonra əsassız bəhanələrlə sülh masası arxasına oturmaqdan imtina edən Ermənistan son aylarda Azərbaycanın uğurlu siyasi, diplomatik və hərbi gedişləri qarşısında geri çəkilib, yeni geosiyasi vəziyyətlə barışmağa, birbaşa danışıqlarda iştiraka məcbur olub. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında oktyabrın 24-də Kazan şəhərində keçirilən görüş yekun sülh sazişi üzrə danışıqların əhəmiyyətli dərəcədə irəlilədiyini, tərəflər arasında birbaşa dialoqun müsbət nəticələrini bir daha təsdiqləyir.

Kazan görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş” üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimatın verilməsi deməyə əsas verir ki, tərəflər mübahisəli məsələlərin həlli üzrə irəliləyişləri real hesab edirlər. Eyni zamanda, rəsmi İrəvan regional təcriddən çıxmaq, tarixi şansı əldən verməmək üçün həlledici qərarların qaçılmazlığını qəbul edir.

Azərbaycanın danışıqlar prosesində siyasi-diplomatik üstünlüyü ələ alması, sülh gündəliyini diktə etməsi təkcə ölkəmizin regionda yeni geosiyasi reallıq yaratması ilə deyil, eyni zamanda, beynəlxalq hüquqa, haqqa, ədalətə söykənən tərəf olması ilə şərtlənir. Danışıqlar üçün baza rolunu oynayan, müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən dəstəklənən 5 əsas prinsip də məhz rəsmi Bakı tərəfindən irəli sürülüb. Hazırda iki ölkə arasında danışıqların sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların bərpası məsələləri ətrafında aparılması səmərəli nəticələr verir. Birbaşa danışıqların müsbət nəticələrini təqdir edən bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfləri prosesi sürətləndirməyə, yekun sülh sazişi naminə zəruri siyasi iradə nümayiş etdirməyə çağırırlar. ABŞ prezidenti Cozef Baydenin bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda da bu məsələyə xüsusi yer ayrılıb.

Rəsmi İrəvan gələn ay Bakıda keçiriləcək COP29 ərəfəsində özünü “sülhpərvər” tərəf kimi göstərmək üçün razılaşdırılmış müddəalar üzrə ilkin sülh razılaşmasının imzalanmasını istəyir ki, bu da yolverilməzdir. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, yekun sülh sazişi yalnız prinsipial əhəmiyyət kəsb edəm məsələlərin razılaşdırılmasından sonra imzalana bilər. “Yarımçıq”, tam olmayan sazişin imzalanması regionda dayanıqlı və etibarlı sülh üçün təminat yarada bilməz. Açıq qalan məsələlərin gələcəkdə yeni mübahisələrə və hərbi-siyasi gərginliyə gətirib çıxarması ehtimalı da kifayət qədər real görünür. Rəsmi İrəvanın son 4 ildə şifahi və yazılı öhdəliklərin imtinası ilə bağlı kifayət qədər faktlar var.

İndiki halda Ermənistan rəsmilərinin sülh sazişi ilə bağlı “çağırışları” daha çox siyasi manipulyasiyadır və beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürün formalaşdırılmasına hesablanıb. Rəsmi İrəvan elə görüntü yaratmağa çalışır ki, guya yekun sülh sazişi rəsmi Bakının iddiaları üzündən uzanır. Halbuki, qarşı tərəf sülh üçün zəruri olan məsələlərin həllində siyasi iradə nümayiş etdirə bilmir və etimad mühitinin formalaşmasına aşkar mane olur. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında ölkəmizə və Türkiyəyə qarşı ərazi iddialarına zəmin yaradan müddəaların aradan qaldırılmasını, habelə tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupundan de-yure imtinanı rəsmi İrəvan qarşısında ciddi tələblər kimi müəyyənləşdirib.

Prezident İlham Əliyev son aylarda dəfələrlə bəyan edib ki, iki ölkə arasında sülh danışıqlarına, etimad quruculuğu prosesinə xələl gətirən ən ciddi məqam Ermənistanın konstitusiyasında qonşu ölkələrin ərazi bütövlüyünü, suverenliyini təhdid edən müddəaların yer almasıdır. Lakin Ermənistan tərəfi bu prosesi əsassız şəkildə uzadır, yeni Konstitusiyanı qəbulu ilə bağlı referendumun 2027-ci ldə keçirilıcəyini bildirir. Azərbaycan qarşı ərazi iddialarını ali hüquq sənədində davam etdirən bir ölkənin “sülh mesajları” haqlı olaraq rəsmi Bakı tərəfindən ciddi qəbul edilmir.

Ermənistandakı müəyyən radikal-revanşist qüvvələr ölkə konstitusiyasının Azərbaycanın təkidi ilə dəyişdirilməsini yolverilməz adlandırır, hakimiyyətə təzyiq göstərməyə çalışırlar. Bundan əlavə, Qarabağ separatçılarının həbs olunmuş rəhbərlərinin geri qaytarılması tələbləri sülh sazişinin imzalanması iddiaları ilə tərs-mütənasiblik təşkil edir. Sivil birgəyaşayış normalarına zidd olan bu elementlərin aradan qaldırılmadığı bir şəraitdə Ermənistanın yekun sülh sazişinin imzalanmasında səmimi maraqlı olması barədə bəyanatları haqlı suallar doğurur.

Bütün bunlara rəğmən, rəsmi İrəvan onu da etiraf edir ki, hazırda Ermənistanın təhlükəsizliyinə zəmanət Azərbaycanla yekun sülh sazişinin imzalanmasından keçir. Qarşı tərəf yalnız bu yolla özü üçün etibarlı təhlükəsizlik təminatı ala bilər. Çünki sülh sazişindən asılı olmayaraq, Azərbaycan yekun hədəflərinə çatıb. İndi sülh özünütəcrid vəziyyətdən hələ də xilas olmayan Ermənistan üçün daha vacibdir.