QƏRBİN YENİ ANTİ-AZƏRBAYCAN KAMPANİYASI DA İFLASA MƏHKUMDUR

Qərbi təmsil edən bəzi dövlətlərin və təşkilatların digər ölkələrin daxili işlərinə qarışması, yaxud buna cəhd etməsi halları nəinki davam edir, hətta getdikcə daha geniş miqyas alır. Tarixən Qərb dövlətləri başqlarının daxili işlərinə müxtəlif formalarda, o cümlədən hərbi aksiyalar, iqtisadi sanksiyalar, gizli əməliyyatlar və diplomatik təzyiqlərlə müdaxilə ediblər. Bu müdaxilə əsas etibarı ilə demokratiyanın, insan haqlarının və ya qlobal təhlükəsizliyin təşviqi adı ilə əsaslandırılıb. Lakin reallıq daim tamam fərqli mənzərəni üzə çıxarıb.

Bir sıra motivlər Qərb dövlətlərinin nədən başqa ölkələrin daxili işlərinə qarışmağa sövq etdiyini aydın təsəvvür etməyə imkan verir. Demokratiya və insan haqlarının təşviqi ən çox istinad edilən əsaslandırmalardan biridir. Qərb ölkələri, xüsusən də ABŞ və Avropa İttifaqının üzvləri tez-tez iddia edirlər ki, onlar demokratik dəyərlərin bərqərar olması uğrunda mübarizə aparırlar, buna çalışırlar. Ancaq çoxsaylı nümunələr tamam fərqli reallığı göstərir. Qərb təmsilçilərinin demokratik idarəetmədən uzaq bir çox ölkələrlə iqtisadi, geosiyasi maraqları naminə sıx əməkdaşlıqları da bunu təsdiq edir.

İqtisadi maraqlar Qərb müdaxiləsinin başqa bir mühüm drayveri hesab olunur. Bir çox Qərb müdaxilələrini şərtləndirən başlıca faktorlardan biri təbii resurslarla zəngin regionlar üzərində nəzarəti ələ keçirməkdir. Yenə də günümüzdə bunun çoxsaylı misalları mövcuddur. Məsələn, Afrikanın təbii sərvətlərinin istismarı naminə Qərb ölkələri bura müxtəlif formada müdaxilə edir, neomüstəmləkəçilik siyasəti yürüdürlər. Fransanın Afrikada və əsarət altında saxladığı digər ərazilərdə həyata keçirdiyi neokolonial siyasət bunun konkret təzahürlərindən biridir. Qərb müdaxiləsini və ya buna cəhdi şərtləndirən daha bir faktor konkret ölkələrin müstəqil siyasət yürütməsi, öz milli maraq və mənafelərini qətiyyətlə müdafiə etmələridir. Belə ölkələr Qərb diqtəsi ilə hərəkət etmədiklərindən onlar məqsədyönlü şəkildə hədəf seçilirlər, barələrində böhtan kampaniyası aparılır, bu və digər şəkildə iradələrinə təsir cəhdləri göstərilir. Qeyd edilənlərin konkret nümunəsini Azərbaycanın timsalında görmək olar. Azərbaycaın müstəqil siyasət yürütməsi, xarici tərəfdaşları ilə öz maraqları çərçivəsində işbirliyi qurması, beynəlxalq münasibətlər sistemində getdikcə daha güclü mövqe sahibinə çevrilməsi Qərbdə narazılıq və qısqanclıqla qarşılanır. Bundan başqa, Qərbdə o da yaxşı sezilir ki, Azərbaycan dünyada formalaşmaqda olan yeni geosiyasi, geoiqtisadi reallıqlar çərçivəsində Avrasiya məkanında həlledici söz sahiblərindən biri kimi çıxış etməkdədir. Ümumiyyətlə, Azərbaycan bu gün Avrasiyanın geosiyasi, geoiqtisadi mənzərəsini formalaşdıran əsas ölkələrdən biridir. Belə şəraitdə Qərb geosiyasi rəqiblərinə qarşı Azərbaycanın onun yanında yer almasına xüsusi diqqət edir. Ancaq ona da çalışır ki, Azərbaycan xarici siyasətində öz maraqlarından daha çox Qərbin mövqeyini nəzərə alsın. Başqa sözlə, Azərbaycan Qərb təlimatları əsasında hərəkət etsin. Lakin rəsmi Bakının müstəqil xarici siyasət kursuna sadiq qalması, bütün istənilən kənar müdaxilə cəhdini qətiyyətlə rədd etməsi və buna müqavimət göstərməsi Qərbin ölkəmizlə bağlı məkrli istəklərini puça çıxarır. Elə o səbəbdən Azərbaycanı yanında görməyən Qərb ölkəmizi qarşısında görür.

Azərbaycana qarşı son dövrlərdə Qərbdə yenidən geniş vüsət alan iftira və böhtan kampaniyasının əsas səbəbləri bundan qaynaqlanır. Bunlar ABŞ Konqresində, Avropa Parlamentində, digər Qərb təsisatlarında yeni anti-Azərbaycan kampaniyasının əsas motivlərini də izah edir. Bu kampaniya çərçivəsində Qərb təmsilçiləri Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri ilə məhdudlaşmayaraq, özlərinin elan etdikləri bütün dəyərləri heçə sayırlar, terrorçuları, separatçıları müdafiə etməkdən belə çəkinmirlər. Yenə ABŞ Konqresində, Avropa Parlamentində edilən anti-Azərbaycan çağırışları, qəbul edilən sənədlər qeyd olunanların əyani nümunələridir. Ölkəmizə qarşı qarayaxma kampaniyasının və digər formada yeni hücumların vaxtı təsadüfi seçilməyib. COP-29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir. Qərb də öz iftira kampaniyasında bunu nəzərə alır. Amma hələ də nəzərə almamağa çalışdığı bir hal odur ki, Azərbaycan əleyhinə yeni kampaniya bundan əvvəl olanlar kimi fiaskoya məhkumdur. Azərbaycan bütün xarici tərəfdaşları ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq kimi məqamlar əsasında qurur, milli maraqlarını əsas götürür. Bunu nəzərə almayanların təkcə Azərbaycanla yox, həm də bütün Cənub Qafqaz, hətta bəzi hallarda Avrasiya ilə bağlı siyasətləri iflasa məhkumdur.