QƏRB SUSUR: ERMƏNİSTAN RUSİYANI SANKSİYALARDAN YAYINDIRIR

Vladimir Putinin Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin 2024-cü ildə 14-16 milyard dollara çatacağı və bunun rekord göstərici olacağı ilə bağlı fikirləri böyük rezonans doğurub və bu qəfil artımın hansı mənbələr hesabına əldə olunması ilə bağlı suallar yaradıb. Əsas fikir bundan ibarətdir ki, Rusiya ilk növbədə bu nəticə ilə Ermənistanı hələ də öz təsir dairəsində saxlamağa, onu iqtisadi müstəvidə həvəsləndirməyə çalışır.

Son illərdə Ermənistanda Rusiyanın hərbi təsirindən azad olmaq üçün müxtəlif yollara əl atır. Artıq Rusiya sərhədçiləri İrəvan beynəlxalq aeraportundan çıxarılıb, gələn ilin yanvarından isə onlar Ermənistanın İranla sərhəddindən də çıxarılacaqlar. Lakin bununla belə Ermənistan Avrasiya İqtisadi İttifaqında qalmağa davam edir və bu təşkilatda təmsil olunmaq üçün heç bir problem görmür. Moskva İrəvanın zəif damarını tapıb. Kreml ümid edir ki, Ermənistanın Rusiyanın hərbi asılılığından çıxmaqla bağlı siyasətini iqtisadi müstəvidə həyata keçirilən əməliyyatlarla neytrallaşdırmaq mümkündür.

Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Ermənistanla iqtisadi əlaqələrin bu qədər dərinləşməsi ondan xəbər verir ki, rəsmi İrəvan Rusiyaya məxsus əməliyyatların onun üzərindən aparılmasında heç bir problem görmür. Çoxsaylı iri maliyyə əməliyyatlarının həyata keçirilməsi nəticəsində kiçik dövlət büdcəsinə malik Ermənistan qəfil iqtisadi sıçrayışa nail olur və bu, nəticə yalnız Rusiya ilə əlaqələrdə ortaya çıxır. Bu da ondan xəbər verir ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya alternativ ticarət tərəfdaşlarına, xüsusilə də MDB ölkələrinə yönəlib ki, Ermənistan bu konteksdə strateji əhəmiyyət daşıyan tərəfdaşlardan birinə çevrilib.

Ermənistan Rusiyaya qarşı beynəlxalq sanksiyalardan yan keçmək üçün “paralel idxal” yolu kimi istifadə olunur. Ermənistan üzərindən idxal edilən malların Rusiya bazarına çatdırılması dövriyyənin artımını təmin edir. Lakin nədənsə bu, Ermənistanın qərbli tərəfdaşlarının diqqətini çəkmir, yaxud da onlar bilə-bilə bunu görmək istəmirlər. Baxmayaraq ki, hələ bir müddət əvvəl ABŞ Rusiyaya tətbiq olunan sanksiyaları pozmaqda ittiham etdiyi dövlətlərin siyahısını yayaraq onları bir növ təhdid etmişdi.

Görünür, Qərb Ermənistanın Rusiya ilə iqtisadi müstəvidə həyata keçirdiyi əməliyyatların artmasında maraqlıdır. Onlar Ermənistanın iqtisadi cəhətdən güclənməsi, onun iqtisadi müstəqilliyinin təmin olunması ilə bağlı İrəvan adminstrasiyası ilə eyni mövqeni bölüşürlər. Bu məqamda Ermənistanın çoxsaylı sanksiyalara düçar olan Rusiya ilə iqtisadi əməkdaşlığı Qərb üçün problem yaratmır, Amerikada qəzəb doğurmur, əksinə onlar bu məsələdə Ermənistana müstəsna hüquq tanıyaraq onun iqtisadi inkişafına töhfə verirlər.