Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə xüssusi diqqət mərkəzində yer alan məsələlərdən biri də iqlim maliyyəsi ilə bağlı oldu. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırlması, qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq maliyyələşmə mexanizmlərinin işə salınması müstəsna əhəmiyyət kəsb edir. Bu vaxta qədər sözügedən istiqamətdə atılan addımlar, götürülən öhdəliklərin icrası məqbul həddə olmayıb. Elə bu da iqlim böhranının daha da dərinləşməsinə əlverişli zəmin yaradıb.
Hazırda proseslərin gedişi onu göstərir ki, iqlim maliyyəsi ilə bağlı bütün məsələlər öz həllini tapmalı, ölkələrin bu xüsusda üzərlərinə götürdükləri öhdəliklər tam həcmdə icra olunmalıdır. Bütün bunlara COP29 çərçivəsində xüsusi diqqət edilməsi, müvafiq qərarların qəbulu üçün Azərbaycan tərəfindən zəruri addımlar atılır. Qeyd edilməlidir ki, məhz Azərbaycanın təşəbbüsü və fəaliyyəti, apardığı danışıqlar nəticəsində iqlim maliyyəsi ilə bağlı COP-29-da həlledici qərarların verilməsi gözlənilir. COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu kontekstdə qeyd edir ki, COP29-da ən böyük gözlənilən yeniliklər danışıqlar prosesində iqlim maliyyəsi ilə bağlı qərarın verilməsidir: “İqlim maliyyəsi ilə bağlı ilk dəfə əsaslı bir sənədin qəbulu gözlənilir. COP29-da qəbul edilməsi vacib olan təxminən 60 qərar var. Onlardan ikisi xüsusilə vacibdir. Biri iqlim maliyyəsi, digəri karbon bazarlarının formalaşdırılması, tənzimlənən karbon bazarları ilə bağlıdır. Bu da Paris Sazişinin 6-cı maddəsi ilə əlaqədardır. Həmin iki qərarın qəbul edilməsi halında COP prosesi çərçivəsində tarixi nailiyyət hesab olunacaq”.
Azərbaycan inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Belə fondun yaradılması Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü 14 təşəbbüsdən biridir. Bununla da ölkəmiz yeni bir yanaşma əsasında maliyyə mexanizminin yaradılması təklifi ilə çıxış edir. Azərbaycanın bu yanaşması təqdir olunur və COP29 çərçivəsində müvafiq qərarın qəbulu gözlənilir. Bunu Pre-COP29 konfransında səslənən fikirlər də təsdiq edir. ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta buradakı çıxışında bildirb ki, maliyyə dəstəyi iqlim fəaliyyətində kritik bir amildir: “Buraya beynəlxalq dövlət dəstəyi də daxildir ki, bu, uyğunlaşma və borcun dayanıqlılığının, eləcə də maliyyə məkanının yaxşılaşdırılması istiqamətində iş üçün xüsusilə vacibdir”. Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan isə vurğulayır ki, iqlim maliyyəsi ölkəsi üçün prioritet olub və olaraq qalır. İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro da rəsmi Romanın inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə həssaslığını nəzərə alaraq uyğunlaşma məsələlərində dəstəyini davam etdirəcəyini vurğulayıb. Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Kerri Makkartinin sözlərinə görə, iqlim fəaliyyətlərinin effektivliyi maliyyə resurslarının təmin edilməsindən asılıdır. Beynəlxalq İqlim və İnkişaf İnstitutu nümayəndəsi Una Mey Qordon da qeyd edir ki, beynəlxalq ictimaiyyət iqlim maliyyəsi məsələsinə maksimum diqqət yetirməlidir.
Ümumiyyətlə, Pre-COP29 konfransında səslənən fikirlər onu göstərir ki, beynəlxalq miqyasda iqlim maliyyəsinin artırılması ilə bağlı fikirlər yekdil xarakter daşıyır. Elə bu fonda COP29-da iqlim maliyyəsi ilə bağlı mühüm qərarların qəbulu gözlənilir. Qeyd olunmalıdır ki, 2017-2021-ci illərdə iqlimin maliyyələşdirilməsinin həcmi orta hesabla ildə cəmi 7 milyard ABŞ dolları təşkil edib. Bu göstərici iqlim dəyişmələrinə qarşı mübarizədə olduqca azdır. Lakin COP29-dan sonra bu göstəricinin bir neçə dəfə artması gözlənilir.
Belə maliyyələşmə iqlim dəyişikliyinin həm səbəbləri, həm də nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayır. Təsirlərin azaldılması sahəsində vəsaitlər daha çox bərpa olunan enerjinin inkişafı, enerji səmərəliliyi təşəbbüsləri, istixana qazı emissiyalarını azaldan layihələri dəstəkləmək üçün yönəldilir. Günəş, külək və hidroenergetika texnologiyalarına investisiyalar qalıq yanacaqlardan uzaqlaşmaq üçün vacibdir və iqlim maliyyəsi bu texnologiyaların dəyəri ilə onların tətbiqi arasında körpü yaratmağa kömək edir.
İqlim maliyyəsinin əksəriyyəti hökumətlər və beynəlxalq maliyyə institutları kimi ictimai mənbələrdən gəlir. Özəl sektorun iştirakı iqlim maliyyələşdirməsinin digər mühüm mənbəyidir. İnstitusional investorlar, korporasiyalar və banklar iqlim dəyişikliyi ilə bağlı maliyyə risklərini getdikcə daha yaxşı görürlər və yaşıl investisiyalara vəsait ayırırlar. Məsələn, “yaşıl istiqrazlar”a sürətlə artan maraq investorlar üçün bərpa olunan enerji infrastrukturu və ya davamlı kənd təsərrüfatı kimi ətraf mühitə müsbət təsir göstərən layihələri maliyyələşdirmək baxımından mühüm bir vasitədir.
O da faktdırr ki, iqlim maliyyələşdirməsində əsas məsələlərdən biri vəsaitlərin ədalətli bölüşdürülməsinin təmin edilməsidir. Bəzi inkişaf etməkdə olan ölkələr əhəmiyyətli maliyyə dəstəyi alsa da, digərləri, xüsusən də ən az inkişaf etmiş və kiçik ada dövlətləri iqlim təsirlərini aradan qaldırmaq üçün çox vaxt lazımi maliyyəni cəlb etməkdə çətinlik çəkirlər. Bu qeyri-bərabər paylanmanın aradan qaldırlması da COP29-da xüsusi diqqət mərkəzində yer alacaq.
Bir məqam da xüsusi vurğulanmalıdır ki, COP29 gündəliyi üçün Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən bəziləri COP prosesində böyük yeniliklərə səbəb olacaq. Onlardan biri də “Birgə Atəşkəs Çağırışı” ilə bağlı olan təşəbbüsdür. Müəllifi Prezident İlham Əliyev olan bu təşəbbüsü COP tarixində bir ilkdir və artıq dünyanın 127 ölkəsi bu təşəbbüsə qoşulub. Bu və digər hallar COP29-un iqlim prosesində mühüm yeniliklərə və dünya üçün önəmli nəticələrə gətirib çıxaracağına olan ümidləri daha da artırır.