Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi, bu kontekstdə Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasına xüsusi maraq göstərən tərəflərdən biri də ABŞ-dır. Son dövrlərdə ABŞ-ın bu istiqamətdə aktiv fəaliyyət həyata keçirdiyi, Amerika rəsmilərinin regiona səfərləri, digər formalarda qurulan ünsiyyət çərçivəsində bu məsələnin əsas diqqət mərkəzində yer alması da bəlli həqiqətdir.
Qeyd etmək lazımdır ki, ABŞ dövlət katibi Antoni Blinkenin ötən ay Prezident İlham Əliyevə etdiyi telefon zəngində də sözügedən məsələlərə geniş yer ayrılıb. Bundan sonra ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın da diqqət mərkəzinə gətirdiyi əsas məqamlar sülh müqaviləsi, regional kommunikasiyaların açılması ilə bağlı olub. Hazırda ABŞ sülh prosesininin irəliləməsində marağını ifadə edir, bu prosesdə aktiv rol almaq istəyir. Təbii ki, bunun ümdə səbəblərindən biri tranzit əhəmiyyəti getdikcə daha çox artan Orta Dəhlizlə bağlıdır. Bu marşrutun Zəngəzur dəhlizindən keçməsinin təmin olunması ABŞ-ın geosiyasi, geoiqtisadi maraqlarına tam uyğundur.
Bütün bu məsələlərin Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-ın Dövlət katibinin iştirakı ilə üçtərəfli görüşündə də əsas müzakirə predmetlərindən birini təşkil etməsi tamamilə təbii xarakter daşıyır.
Hazırda Ermənistanın müttəfiqi kimi Rusiyanı Qərbə, xüsusən də ABŞ və Fransaya dəyişmək istiqamətdə cəhdləri daha da genişlənir. Elə bu kontekstdə İrəvanın Qərbdən asılılığı da yüksələn xətt üzrə inkişaf edir. Həmçinin, Qərb ölkələrinin, ələxsus da ABŞ-ın Ermənistan hakimiyyətinə təsiri də artmaqdadır. Bundan irəli gələrək, ABŞ-ın öz təsir vasitələrindən istifadə edərək, Ermənistanı Azərbaycanın şərtləri daxilində Zəngəzur dəhlizinin açılmasına vadar edəcəyi tamamilə gözləniləndir. Sülh razılaşması, regionda kommunikasiyaların açılmasını ABŞ rəsmiləri indi İrəvanda keçirilən görüşlərdə də mütəmadi qaydada qaldırırlar.
Hesab edilir ki, ABŞ sülh prosesi, Zəngəzur dəhlizinin açılmasında israr edərsə, Ermənistan buna müqavimət göstərə bilməyəcək. Xüsusən də o baxımdan ki, Ermənistanın indi ABŞ-ın yardım və köməyinə ehtiyacı yüksək həddədir. ABŞ-ın isə israrlı olacağı şübhə doğurmur. Məsələ burasındadır ki, Azərbaycan üçün Zəngəzur dəhlizinin alternativi mövcuddur. Bu alternativ İran ərazisindən keçir və onun açılması məqsədilə müvafiq addımlar atılır. Xatırlatmaq lazım gəlir ki, ABŞ-İran münasibətlərinin indiki fonunda Vaşinqton cənub qonşumuzun ərazisindən keçən bu marşruta qarşıdır. Lakin Azərbaycan və İran üçün Vaşinqtonun mövqeyi hansısa əhəmiyyət kəsb etmir. Bu halda ABŞ üçün Ermənistandan keçən dəhlizin işə salınması daha məqbuldur və bu, daşımaların hamısının İran üzərindən keçən dəhlizə yönləndirilməsinin qarşısını alacaq.
Digər tərəfdən Avrasiyanın geosiyasi, geoiqtisadi mənzərəsində əhəmiyyəti artan Mərkəzi Asiyaya Zəngəzur dəhlizi ilə daha asan daxil ola biləcəyi reallığını da ABŞ diqqətdən qaçırmır. Bütün bunları nəzərə alaraq, ABŞ Zəngəzur dəhlizinin açılması məqsədilə Ermənistanla təmaslarını artırıb.