Ukraynada davam edən aktiv hərbi əməliyyatlar fonunda münaqişənin perspektivləri qeyri-müəyyən olaraq qalmaqdadır. Son iki ayda rəsmi Kiyev istər hərbi, istərsə də siyasi-diplomatik müstəvidə uğur qazana və müharibənin gedişində dönüş yarada bilmədi. Bu səbəbdən də artıq Ukrayna rəhbərliyinin mövqeyində müəyyən yumşalma və kompromis axtarışları hiss olunur.
Döyüş meydanında “heç-heçə”
Avqustun əvvəllərində Ukrayna ordusunun Rusiya sərhədini keçərək Kursk vilayəti ərazisinə daxil olması gözlənildiyi nəticəni vermədi. Ukraynanın Kurskdakı hücumu tədricən dayandırıldı, bunun əksinə olaraq Rusiya silahlı qüvvələri Donbasda bir neçə vacib yaşayış məntəqələrini ələ keçirdilər.
Rusiyanın dərinliklərinə endirilən zərbələr də, miqyas baxmından əhəmiyyətli olsalar belə, bilavasitə cəbhə xəttində baş verənlərə ciddi təsir etmədi. Havaların getdikcə soyuması ilə fəal hərbi əməliyyatlar üçün vaxtın daraldığını nəzərə alsaq, yaxın aylarda bu qarşıdurmada köklü irəliləyişlərin olması ehtimalı demək olar ki, yoxdur.
Başda ABŞ olmaqla Qərb öz mövqeyi ilə hərbi əməliyyatlar səhnəsində yaranmış cari vəziyyətin əsas səbəbkarlarındandır. Silah təchizatındakı əsassız ləngimələr və məhdudiyyətlər, verilən silahların istifadəsi zamanı qoyulan çərçivələr işğala məruz qalan tərəfin döyüşlərdəki itkilərini artırır və irəliləməsinə mane olur.
Diplomatik səylər nəticəsiz qalır
Ukrayna münaqişəsi üzrə göstərilən diplomatik səylər hələ ki, öz bəhrəsini vermir. Siyasi müstəvidə hazırda aktual olan iki sülh planı mövcuddur ki, onlardan hər biri müvafiq olaraq döyüş meydanında toqquşan tərəflərdən bu və ya digərinin maraqlarını təmsil edir.
– Ukraynanın “Qələbə planı”: İyun ayında İsveçrədə Rusiyanın iştirakı olmadan baş tutan birinci Sülh Sammiti rəsmi Kiyevin mövqeyinin bir çox ölkələr tərəfindən birmənalı qarşılanmadığını göstərdi. Noyabrda ABŞ-da keçirilməsi planlaşdırılan ikinci Sülh Sammiti isə təxirə salındı və bu Zelenskinin Vaşinqtona səfər edərək öz “Qələbə planı”nı təqdim etməsindən sonra baş verdi. Bununla da, Qərbin Ukraynanın güzəştsiz mövqeyindən narazılığı üzə çıxdı.
Beləliklə də, Ukrayna diplomatiyası öz yanaşmasına Qərbin tam dəstəyini təmin edə, hərbi yardımın genişləndirilməsinə nail ola və uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbələr üçün icazə ala bilmədi. Belə şəraitdə Kiyev öz mövqeyini yumşaltmağa məcbur qaldı və üçüncü tərəflərin vasitəçiliyi ilə danışıqlara hazır olduğunu, 2025-ci ildən gec olmayaraq müharibəni sona çatdırmaq istədiyini bəyan etdi.
– “Sülhün dostları” təşəbbüsü: Çin və Braziliya tərəfindən irəli sürülən bu platforma getdikcə öz tərəfdarlarının sırasını genişləndirir. Hazırda onun işində 17 dövlət (təşəbbüskar ölkələrlə bərabər Meksika, Kolumbiya, Boliviya, CAR, Zambiya, Keniya, Əlcəzair, Misir, İndoneziya və s.) iştirak edir. Yaxın gələcəkdə bu təşəbbüs çərçivəsində Ukrayna münaqişəsi üzrə sülh konfransının təşkili nəzərdə tutulub.
Rusiya hələ ki, bu təşəbbüsdən kənarda qalmağı tərcih edir, onun iştirakçıları da bitərəflik prinsipinə əsasən Moskva ilə məsafə saxlamağa çalışırlar. Ukrayna “Sülhün dostları”nı Rusiyameyilli adlandırır, ABŞ isə Çinin sülh təşəbbüsünə şübhə ilə yanaşır. Lakin Avropada bu platforma maraqla qarşılanır, xüsusilə də Macarıstan onu dəstəkləyir.
Nəticə
Ukrayna rəsmilərinin son açıqlamaları Kiyevin mövqeyində məcburi dəyişikliklərin Qərbin təzyiqi ilə edildiyini deməyə əsas verir. Ukrayna rəsmilərinin barışmaz siyasi ritorikası artıq müəyyən güzəştlərə hazırlıq siqnalları ilə əvəz olunub. Əlbəttə ki, mövcud vəziyyətdə Ukraynanın geri addım atması anlaşılandır.
Çünki müxtəlif zamanlarda ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Macarıstan, Çin və digər ölkələr tərəfindən irəli sürülmüş sülh planları Kiyev üçün heç bir müsbət nəticəyə gətirib çıxarmayıb. Reallıq isə odur ki, qlobal səylərə baxmayaraq, bu istiqamətdəki bütün fəaliyyətlər Ukrayna üçün böyük itkilər, infrastrukturun dağıdılması, dövlətçiliyin məhvi və milli faciə ilə müşayiət olunur.