Çin lideri Si Cinpin 2012-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı (MQİMO) çıxışı zamanı ilk dəfə Bəşəriyyət üçün Ortaq Gələcək Birliyi konsepsiyasını irəli sürüb. Həmin ilin sonunda Çin Kommunist Partiyasının 18-ci Qurultayının hesabatında bu konsepsiya rəsmi olaraq dövlət siyasəti kimi qəbul edilib.
Sözügedən konsepsiya həqiqi çoxtərəfliliyin qurulması və qlobal/regional müstəvidə inkişaf, təhlükəsizlik və sivilizasiya problemlərinin həlli üçün birlikdə işləməyi nəzərdə tutur. Konsepsiyanın həyata keçirilməsi, yəni qlobal Ortaq Gələcək Birliyinin yaradılması üçün üç təşəbbüs bəyan edilib.
- Qlobal İnkişaf Təşəbbüsü 2021-ci ilin sentyabrında irəli sürülüb. Ümumiliyi, əməkdaşlığı, inklüzivliyi, açıqlığı və innovasiyanı təşviq edir.
Təşəbbüs 6 prinsipə əsaslanır:
– prioritet olaraq inkişaf;
– insanyönümlü yanaşma;
– hər kəs üçün güzəştlər;
– innovativ inkişaf;
– insanla təbiət arasında harmoniya;
– nəticəyönümlü fəaliyyətlər.
Təşəbbüs səkkiz başlıca sahədə (yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi, pandemiyaya nəzarət, inkişafın maliyyələşdirilməsi, iqlim dəyişiklikləri, rəqəmsal iqtisadiyyat və s.) əməkdaşlıq üçün 32 praktiki təklifdən ibarətdir.
- Qlobal Təhlükəsizlik Təşəbbüsü 2022-ci ilin aprelində irəli sürülüb. Beynəlxalq ictimaiyyətin ümumi təhlükəsizlik ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
Təşəbbüs 6 prinsipə əsaslanır:
– Hərtərəfli, əhatəli, əməkdaşlığa əsaslanan və davamlı təhlükəsizlik
konsepsiyası;
– Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət;
– BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğunluq;
– Bütün ölkələrin qanuni təhlükəsizlik mülahizələrinə böyük əhəmiyyət verilməsi;
– Ölkələr arasında olan fikir ayrılıqları və mübahisələrin dialoq yolu, məsləhətləşmələr və dinc vasitələrlə həlli;
– Həm ənənəvi, həm də qeyri-ənənəvi sahələrdə hərtərəfli təhlükəsizliyin təmin edilməsi.
Bu təşəbbüs 20 başlıca sahəni əhatə edən qlobal təhlükəsizlik sisteminin yaradılmasını təklif edir. Həmin sahələr aşağıdakılardan ibarətdir: BMT-nin təhlükəsizlik üzrə rolu, nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması, beynəlxalq münaqişələrin siyasi həlli, regional təhlükəsizlik sahəsində əməkdaşlığa dəstək mexanizmləri, Yaxın Şərq, Afrika və Latın Amerikasında qida və enerji kimi qeyri-ənənəvi sahələrə xüsusi diqqət yetirməklə regional təhlükəsizliyin qorunması, biologiya kimi yeni sahələrdə təhlükəsizlik üzrə əməkdaşlıq, süni intellekt, qlobal okean, kosmos və s.
- Qlobal Sivilizasiya Təşəbbüsü 2023-cü ilin martında irəli sürülüb. Müxtəlif sivilizasiyalar arasında bərabərlik, qarşılıqlı minnətdarlıq, dialoq və anlaşmanı, sivilizasiyaların və xalqların yaxınlaşmasını nəzərdə tutur.
Təşəbbüs 4 prinsipə əsaslanır:
– Dünya sivilizasiyalarının müxtəlifliyinə hörmət;
– Bütün bəşəriyyətin ümumi dəyərlərinin təbliği;
– Sivilizasiyaların keçmiş irsinə və yeniliklərinə önəm vermək;
– Beynəlxalq humanitar mübadilələrin və əməkdaşlığın gücləndirilməsi.
Nəticə
Pekinə görə, dünyada geosiyasi və geoiqtisadi vəziyyət sürətlə pisləşir. Bu isə öz növbəsində inkişaf, təhlükəsizlik və qlobal idarəçilik üçün risklər və çağırışlar yaradır. Davam edən hərbi əməliyyatlar regional və qlobal təhlükəsizliyi təhdid edir, bəşəriyyətin inkişafına mane olur və qarşısıalınmaz ziyan vurur.
Bəşəriyyət üçün Ortaq Gələcək Birliyi konsepsiyası Çinin müasir modernləşmə və sivilizasiyaların inkişafına dair hərtərəfli baxışını təcəssüm etdirir. Bu konsepsiya Bir Kəmər, Bir Yol təşəbbüsündən başlayaraq inkişaf, təhlükəsizlik və sivilizasiya sahələrindəki üç qlobal təşəbbüslə bitən bir sıra uzunmüddətli strateji proqramlar təklif edir.
Üç qlobal təşəbbüs davamlı sülh, qlobal təhlükəsizlik, ortaq rifah, açıqlıq, inklüzivliyə nail olmağı hədəfləyərək Ortaq Gələcək Birliyinin qurulması üçün konseptual çərçivəni formalaşdırır. Qlobal təşəbbüslər müasir dünya problemlərinin həllində, qlobal idarəetmənin plüralist modellərinin təşviqində modernləşmə və inkişaf üçün praktiki variantları nümayiş etdirir.