ABŞ Ermənistanla hərbi əməkdaşlığı genişləndirir. Vaşinqton Ermənistanın Müdafiə Nazirliyinə öz nümayəndələrini yerləşdirmək və Ermənistan ordusu ilə mütəmadi təlimlər keçirməklə kifayətlənməyərək, bu ölkəyə təyyarələrlə silah-sursat daşıyır və birbaşa öz hərbi kontingentini Ermənistan ərazisində yerləşdirir.
Bu proses İrəvanın KTMT üzvü olaraq qalması, ölkə sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunması, Ermənistandakı Rusiya hərbi bazasının öz fəaliyyətini davam etdirməsi fonunda baş verir. ABŞ isə Ermənistanın KTMT üzü olmasının bütün sahələrdə, o cümlədən də hərbi sahədə ikitərəfli əməkdaşlığa maneə olmadığını bəyan edir.
Digər tərəfdən, Rusiyanın Qərb sanksiyalarından yayınmasına Ermənistanın verdiyi töhfə getdikcə daha da artır. Təkcə 2021-2023-cü illərdə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2.6 dəfə artaraq $7.4 milyarda çatıb. 2024-cü ilin ilk beş ayında isə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi bütün 2023-cü il ərzindəki dövriyyədən daha çox olub – $7.6 milyard.
Bəs görəsən ABŞ Ermənistanın Rusiya ilə mövcud hərbi-siyasi bağlılığına və artan iqtisadi əməkdaşlığına niyə göz yumur? Hazırki dövrdə Ermənistanı Ağ Evin gözündə müstəsna bir dövlətə çevirən hansı məqamlardır?
ABŞ-ın istər Cənubi Qafqazda, istərsə də dünyanın digər bölgələrində atdığı addımlar, nə qədər qəribə olsa da, ölkənin öz daxilindəki seçki kampaniyasına hesablanıb. Baydenin prezidentlik yarışından uzaqlaşdırılması və Harrisin ən yüksək posta namizəd kimi irəli çıxmasından sonra hazırki demokratlar administrasiyası respublikaçıların mümkün qədər daha çox “kartlarını vurmağa” çalışır.
Məsələn, Trampın seçkiqabağı tezislərindən biri İsrailə daha çox dəstək verməklə yəhudi dövlətinin düşmənlərini sıradan çıxarmaq və bununla da Yaxın Şərqdə sülhü bərqərar etməkdir.
Ötən ayın sonlarında Netanyahunun Vaşinqtona səfərindən sonra Tehranda HƏMAS liderinin öldürülməsi İranın mümkün cavab zərbəsi fonunda Ağ Evin İsrailə dəstəyini artırması üçün şərait yaratdı. Bugün ABŞ bir tərəfdən Yaxın Şərqə daha böyük hərbi qüvvələr göndərərək İsraili bütün vasitələrlə qoruyacağını göstərir, digər tərəfdən isə İran başda olmaqla bölgə dövlətlərinin mövqelərini yumşaltmağa çalışır.
Başqa bir misal Trampın Ukrayna müharibəsini dərhal dayandıracağı vədi ilə bağlıdır. O, Putinlə razılaşa biləcəyini qeyd edir. Eks-prezidentin planına görə, əgər Kiyev bu razılaşmanı qəbul etməsə ABŞ Ukraynaya hərbi yardımı dayandıracaq, yox əgər etiraz edən tərəf Rusiya olarsa, Vaşinqton Ukraynanı ən müasir silahlarla təchiz edərək Kremli sülhə məcbur edəcək.
Trampın bu planına cavab olaraq, hazırki ABŞ administrasiyası Rusiya ilə indiyədək görünməmiş miqyasda məhbus mübadiləsini həyata keçirdi və avropalı tərəfdaşlarını da prosesə qoşulmağa sövq etdi. Bununla da, Vaşinqtondakı demokratlar hökuməti Putinlə razılaşa bildiyini göstərdi. Digər tərəfdən, indiyədək Ukraynanın Rusiya ərazisinə bir güllə belə atmasına həssas yanaşan ABŞ, indi Kiyevin hətta qarşı tərəfin torpaqlarını işğal etməsinə icazə verdi. Beləliklə də, Ağ Ev lazım gələrsə Moskvanı daha sərfəli sülhə məcbur etmək imkanlarını nümayiş etdirdi.
Yuxarıda sadalananları nəzərə alaraq, bugün ABŞ-ın Ermənistan-Rusiya işbirliyinə göz yummasını və İrəvanla əməkdaşlığı genişləndirməsini məhz bu kontekstdə dəyərləndirmək olar. Vaşinqton öz hədəflərini dəfələrlə bəyan edib: Qarabağ ermənilərinin geri qaytarılması, Ermənistana hərtərəfli dəstək, sülhün əldə olunması. ABŞ-ın hazıki hakimiyyəti İrəvan-Bakı nizamlanmasına aparan yolu bu cür görür.
Belə olan şəraitdə, Azərbaycan hərbi və diplomatik mövqelərini mümkün qədər möhkəmləndirməli və səbrlə ABŞ-dakı seçkilərin nəticələrini gözləməlidir.