AZƏRBAYCANLA SÜLHÜN ƏLDƏ OLUNMASINI GECİKDİRMƏKLƏ ERMƏNİSTAN ÖZÜ ÜÇÜN BÖYÜK TƏHDİD YARADIR

Yaxın Şərqdə getdikcə daha gərgin xarakter alan vəziyyət bu coğrafiyada yeni böyük müharibənin olacağına dair verilən proqnozların reallığa çevrilmək üzrə olduğunu göstərir. Xüsusən də İran və İsrail arasında münasibətlərin hərbi müstəvidə aydınlaşdırılması gözlənilir ki, iki ölkənin savaşına ABŞ, Yəmən, Livan, bir sıra Avropa və ərəb ölkələrinin də müdaxiləsi qaçılmaz sayılır. Daha sonra sözügedən müharibədə iştirakçı ölkələrin sayının daha da artması istisna olunmur. Bu isə təkcə Yaxın Şərqin yox, ümumiyyətlə, dünyanın tarixində yeni bir səhifənin açılması deməkdir.
Baş verənlərin dünya miqyasında ciddi təsirlərə gətirib çıxaracağı, beynəlxalq münasibətlər sisteminə, qlobal iqtisadiyyata əsaslı şəkildə təsir göstərəcəyi şübhəsizdir. Bütün bunların önlənilməsi üçün göstərilən diplomatik cəhdlər hələ də istənilən nəticəni vermir. Şübhəsiz ki, Yaxın Şərqdə baş verənlər Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Bu təsirin minimal həddə olması region ölkələrinin mövqeyindən, biri-birlərinə münasibətindən, beynəlxalq aktorlarla əlaqələrindən əhəmiyyətli dərəcədə asılıdr. Regionun lider ölkəsi olan Azərbaycan bütün bunları nəzərə alır, Cənubi Qafqazda sabitlik və inkişaf mühitinin formalaşması istiqamətində əməli addımlar atır.
Dünyada mövcud geosiyasi vəziyyət və kəskinləşən ziddiyyətlər Cənubi Qafqazda sülhün bərqərar olması, əməkdaşlıq münasibətlərinin qurulmasına həmişəkindən daha böyük ehtiyac olduğunu göstərir. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunmasının tezləşdirilməsi də böyük önəmə malikdir. Hazırda iki ölkə arasında sülh mətninin xeyli hissəsi razılaşdırılıb.
Hazırda sülh sazişi üçün yeganə əsas əngəl Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının yer almasıdır. Sözügedən məsələ Ermənistanın mövcud Konstitusiyasının preambulunda 1989-cu ildə qəbul edilmiş müstəqillik bəyannaməsinə istinaddır. Ermənistan istənilən vaxt bu istinad əsasında Azərbaycana qarşı ərazi iddiasını ortaya qoya bilər və bu halda hansısa sülhdən danışmaq mümkün deyil. Əslində, Ermənistanda da etiraf edilir ki, ölkənin mövcud konstitusiyası sülh üçün ciddi əngəldir. Məsələn, cari ilin yanvarında Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi müsahibəsində deyib ki, konstitusiyada ziddiyyətli ifadələri saxlamaqla ölkəsi heç vaxt sülh üzü görməyəcək. Ermənistanda bu cür etiraflara baxmayaraq, bu ölkədə Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, sülh üçün sözügedən maneənin aşılması naminə əməli addımlar atılması istiqamətində heç bir qətiyyət nümayiş olunmur. Bu da sülhü gecikdirməklə yanaşı, regionda hadisələrin hər an arzuedilməz məcrada inkişafına əlverişli zəmin yaradır. Xüsusən də o fonda ki, bəzi kənar qüvvələr tərəfindən Ermənistanın intensiv şəkildə silahlandırılması, revanşizmə təşviq edilməsi istiqamətində addımlar atılır.
Azərbaycan Ermənistanla bağlı baş verənləri diqqətlə izləyir, istənilən ssenariyə hazırlığını daha da gücləndirir. Amma ölkəmiz üçün prioritet Cənubi Qafqazda sülh və əməkdaşlığın bərqərar olmasıdır. Əks halda istənilən qarşıdurma regionda çoxsaylı problemlərə yol açacaq. Xüsusən də o kontekstdə ki dünyada, o cümlədən Yaxın Şərqdə baş verənlərin təsiri Cənubi Qafqazda ziddiyyətlərin təsirinin daha mənfi xarakter daşıması ilə nəticələnmək iqtidarındadır.