Cənubi Qafqazda kimin Rusiya ilə ticarəti daha çox artıb?

Cənubi Qafqazda gedən geo-siyasi proseslərin fonunda yaranan əsas suallardan biri bu regionun ölkələrinin Rusiya ilə iqtisadi əlaqələrinin nəcə dəyişməsidir. Ermənistanın Qərbə inteqrasiyası ilə bağlı fikirlər səsləndirilsə də iqtisadi göstəricilər bunun əksini göstərir. Son illərdə Gürcüstan və Azərbaycanın Rusiya ilə ticarət əlaqələrində ciddi dəyişikliklər müşahidə edilməmişdir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra isə Ermənistanın Rusiyadan olan iqtisadi asılılığı daha da artmaqdadır. Rusiya ilə iqtisadi əlaqələrlə bağlı son üç ildə baş verən dəyişiklikləri anlamaq üçün Cənubi Qafqaz ölkələrinin hər birinin Rusiya ilə ticarət əlaqələrinin dinamikasını nəzərdən keçirək və bu dinamikaların müqayisəli təhlilini aparaq.

Azərbaycan-Rusiya ticarət əlaqələri. Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2021-2023-cü illərdə 1.45 dəfə və ya 1.37 milyard dollar artaraq 4.36 milyard ABŞ dollarına (bundan sonra dollar) çatmışdır (Qrafik 1,2). Baxılan dövrdə Rusiyaya ixrac isə 1.3 dəfə və ya 275 milyon dollar artaraq 1.12 milyard dollara çatmışdır. 2021-2023-cü illərdə Rusiyadan idxal isə 1.52 dəfə və ya 1.1 milyard dollar arataraq 3.16 milyard dollara çatmışdır. 2024-cü ilin ilk yarısında isə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2.17 milyard dollar, idxal 1.6 milyard dollar, ixrac 557 milyon dollar təşkil etmişdir. Bu dövrdə idxal ötən ilin eyni dövrü ilə müqayisədə 4.4% artdığı halda ixrac 10% azalmışdır (Qrafik 1,2).

Rusiyanın Azərbaycanın xarici ticarət əlaqələrində payına nəzər saldıqda isə görərik ki, bu göstərici ixrac üzrə 2021-2023-cü illərdə 4.15%-dən 3.53% qədər azalmış, idxal üzrə isə 17.7%-dən 18.3%-ə qədər artmışdır (Qrafik 3). 2024-cü ilin ilk yarısında isə Rusiyanın ixracda payı 4.31%, idxalda payı 18.17% təşkil etmişdir.

Qrafik 1. Azərbaycan-Rusiya ikitərəfli ticarət əlaqələri (milyon dollar)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Göründüyü kimi Azərbaycanın Rusiya ilə ticarət əlaqələrinin həcmi son üç ildə artan tempə malik olmuşdur.  Bu istər ixracda, istərsə də idxalda özünü göstərmişdir. Bu artım prosesi Azərbaycanın xarici ticarətində baş verən ümumi artım prosesinə paralel şəkildə getdiyindən baxılan dövrdə Rusiyanın Azərbaycanın idxalında payı əsaslı şəkildə dəyişməmiş və 18% ətrafında olmuşdur. İdxalda payı isə əsasən 4% ətrafında dəyişmişdir.  2024-cü ilin ilk yarısında isə Rusiyaya ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 10% azalmış, idxalda isə cəmi 4.4% artım qeydə alınmışdır.

Qrafik 2. Azərbaycanın Rusiya ilə ticarət əlaqələrində artım          

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Qrafik 3. Rusiyanın Azərbaycanın xarici ticarət əlaqələrində payı

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Gürcüstan-Rusiya ticarət əlaqələri

Gürcüstan ilə Rusiya arasında ticarət əlaqələrində əsaslı artım 2022-ci ildə müşahidə edilmiş, 2023-cü ildə isə artım səviyyəsi çox az olmuşdur. Belə ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1.53 dəfə və ya 862 milyon dollar arataraq 2.45 milyard dollara çatmışdır (Qrafik 4). Bu artımda əsas rola Rusiyadan idxalın artması malik olmuşdur. Belə ki, 2022-ci ildə Rusiyadan idxal 830 milyon dollar, ixrac isə 32 milyon dollar artmışdır. 2023-cü ildə isə əvvəlki il ilə müqayisədə idxal 5% azalmış, ixrac isə 2.3% artmışdır (Qrafik 5). Nəticədə ticarət dövriyyəsinin həcmi 2023-cü ildə 2022-ci ilə nisbətən 71 milyon dollar və ya 2.9% azalaraq 2.4 milyard dollara bərabər olmuşdur. 2024-cü ilin ilk beş ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac 2.8%, idxal isə 6.1% azalmışdır (Qrafik 5). Bu dəyişikliklərə baxmayaraq Rusiyanın Gürcüstanın ticarətində payı əsaslı dəyişikliklərə məruz qalmamışdır. Belə ki, 2022-2023-cü illərdə Rusiyanın ixracda payı 11% ətrafında, idxalda payı isə 13% ətrafında dəyişmişdir (Qrafik 6). 2024-cü ilin ilk beş ayında isə Rusiyanın ixracda payı 1% artaraq 12%-ə, idxalda payı isə 1.2% azalaraq 11.8%-ə bərabər olmuşdur.

Aparılan təhlillər göstərir ki, Gürcüstan ilə Rusiya arasında ticarət əlaqələri 2022-ci ildə artsa da sonrakı dövrdə azalmaya meylli olmuşdur. Bu proses cari ilin ilk beş ayında da davam etməkdədir. Xüsusilə də Rusiyadan Gürcüstana idxalın səviyyəsində azalmalar müşahidə edilir. Rusiyanın Gürcüstanın xarici ticarət əlaqələrində payı isə əsaslı dəyişikliyə məruz qalmasa da azalmaya meylli olmuşdur.

Qrafik 4. Gürcüstan-Rusiya ikitərəfli ticarət əlaqələri (milyon dollar)

Qrafik 5. Gürcüstanın Rusiya ilə ticarət əlaqələrində artım

Qrafik 6. Rusiyanın Gürcüstanın xarici ticarət əlaqələrində payı

Ermənistan-Rusiya ticarət əlaqələri

Cənubi Qafqaz ölkələri arasında son illərdə Rusiya ilə ticarət əlaqələrində ən böyük dəyişikliklərin baş verdiyi ölkə Ermənistandır. Belə ki, 2021-2023-cü illərdə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2.6 dəfə artaraq 7.4 milyard dollara çatmışdır (Qrafik 7). Bu dövrdə Rusiyadan idxal 2 dəfə, Rusiyaya ixrac isə 4 dəfə artmışdır. Oxşar artım trendi 2024-cü ildə də davam etməkdədir. Artıq 2024-cü ilin ilk beş ayında Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2023-cü il ərzindəki dövriyyədən 190 milyon dollar daha çox olmuşdur. 2022 və 2023-cü illərdən fərqli olaraq 2024-cü ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin artımında idxalın həcminin kəskin şəkildə artması daha çox rol oynamışdır. Belə ki, 2024-cü ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə idxal  beş dəfə artmış, ixracın həcmi isə 20.5% azalmışdır (Qrafik 8). Halbuki əvvəlki illərdə Rusiyaya ixracın həcmində belə sürətli artım müşahidə edilirdi. Son illərdə Ermənistan-Rusiya ticarət əlaqələrində baş verən dəyişikliklər Rusiyanın Ermənistanın xarici ticarətində payının da artmasına imkan vermişdir. Belə ki, Rusiyanın Ermənistanın ixracında payı 2022-ci ildə 28%-dən 45%-ə qədər artmış, 2023-cü ildə isə 40%-ə, 2024-cü ilin ilk beş ayında isə 17%-ə qədər azalmışdır (Qrafik 9). Rusiyanın idxalda payı isə 2021-2023-cü illərdə 37.3%-dən 32.5%-ə qədər azalmışdır. 2024-cü ilin ilk beş ayında isə Rusiyanın idxalda payı 69% səviyyəsinə çatmışdır.

Güründüyü kimi Ermənistan ilə Rusiya arasında siyasi sahədə müşahidə edilən gərginliklərin fonunda ticarət əlaqələri sürətlə inkişaf etməkdədir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsində son illərin ən böyük artımı müşahidə edilməkdədir. Əsas diqqət çəkən məqam isə ondan ibarətdir ki, 2022-ci ildə Ermənistan Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən əsas ölkələrdən birinə çevrilmişdi və bunun nəticəsində Rusiyaya ixracda kəskin artım müşahidə edilirdi. Bu proses 2023-cü ildə davam etsə də 2024-cü ildə bunndan fərqli olaraq idxalın həcmində böyük artım müşahidə edilməkdədir. 

Qrafik 7. Ermənistan-Rusiya ikitərəfli ticarət əlaqələri (milyon dollar)

Qrafik 8. Ermənistanın Rusiya ilə ticarət əlaqələrində artım

Qrafik 9. Rusiyanın Ermənistanın xarici ticarət əlaqələrində payı

Ticarət əlaqələrinin müqayisəli təhlili

Cənubi Qafqaz ölkələrinin Rusiya ilə ticarət əlaqələrinin müqayisəli təhlilinə nəzər salsaq görərik ki, bu ölkələr arasında son üç ildə ən çox Rusiyaya məhsul ixrac edən ölkə Ermənistan olmuşdur.  Ermənistandan Rusiyaya ixrac səviyyəsi bu dövrdə artan tempə malik olmuşdur. Azərbaycan və Gürcüstanın isə Rusiyaya ixrac səviyyəsi və ixracın artım tempi çox az artmışdır (Qrafik 10).

Qrafik 10. Cənubi Qafqaz ölkələrindən Rusiyaya ixrac

Son üç ildə Cənubi Qafqaz ölkələri arasında Rusiyadan idxal səviyyəsinə görə də Ermənistan lider olmuş və 2024-cü ilin ilk beş ayında idxal səviyyəsi ciddi şəkildə artmışdır (Qrafik 11). Bu dövrdə digər Cənubi Qafqaz ölkələrinin də Rusiyadan idxalı artsa da bu daha çox tədriclə baş vermiş və böyük artım müşahidə edilməmişdir.

Qrafik 11. Cənubi Qafqaz ölkələrinin Rusiyadan idxalı

Rusiyanın Cənubi Qafqaz ölkələrinin xarici ticarətində oynadığı rolu anlamaq üçün onun bu ölkələrin xarici ticarətində payının necə dəyişdiyinə də nəzər salmaq vacibdir. Statistik rəqəmlər göstərir ki, son üç ildə Cənubi Qafqaz ölkələri arasında Rusiyanın ixracda payının ən yüksək olduğu ölkə Ermənistan olmuşdur (Qrafik 12). Bu göstərici yalnız 2024-cü ilin ilk beş ayında azalmışdır. Gürcüstan və Azərbaycanın ixracında Rusiyanın payı isə elə də böyük deyildir və Azərbaycan nümunəsində bu göstərici son üç ildə azalmaya meylli olmuşdur. Gürcüstanın ixracında Rusiyanın payı isə bu dövrdə cüzi artmışdır.

Qrafik 12. Rusiyanın Cənubi Qafqaz ölkələrinin ixracında payı

Baxılan dövrdə Cənubi Qafqaz ölkələri arasında Rusiyanın idxalda payının ən çox olduğu ölkə də Ermənistan olmuşdur. 2021-2023-cü illərdə bu göstərici cüzi azalmaya meylli olsa da 2024-cü ilin ilk beş ayında əsaslı şəkildə artmışdır (Qrafik 13). Bu dövrdə Azərbaycan və Gürcüstanın idxalında Rusiyanın payı isə demək olar ki, dəyişməmiş və sabit qalmışdır.

Qrafik 13. Rusiyanın Cənubi Qafqaz ölkələrinin idxalında payı

Nəticə

Aparılan təhllilər onu göstərir ki, Cənubi Qafqaz ölkələrinin Rusiya ilə ticarət əlaqələri son üç ildə fərqli dinamika müşahidə edilmişdir. Azərbaycanın Rusiya ilə ticarət əlaqələri inkişaf etmiş və bu proses tədriclə baş vermişdir. Ticarət əlaqələrində sıçrayış müşahidə edilməmiş və bu proses Azərbaycanın ümumi xarici ticarət əlaqələrinin artması prosesinin fonunda baş verdiyindən Azərbaycanın xarici ticarətində Rusiyanın payı ciddi şəkildə dəyişməmişdirGürcüstanın Rusiya ilə ticarət əlaqələrində isə illər üzrə fərqli dinamika müşahidə edilmiş və Rusiyadan idxalda müəyyən artımlar müşahidə edilsə də, Gürcüstandan Rusiyaya ixrac demək olar ki, sabit səviyyədə qalmışdır. 

Təhlil edilən dövrdə Rusiya ilə ticarət əlaqələrində ən çox dəyişikliklərin baş verdiyi və Rusiyanın payının ən böyük olduğu ölkə Ermənistan olmuşdur. Bu dinamikanın müşahidə edilməsinin əsas səbəbi isə 2022-ci ildən etibarən Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi və bununla da Ermənistanın Rusiyaya sanksiyaya məruz qalan məhsulların yenidən ixrac edildiyi ölkəyə çevrilməsi olmuşdur. Ermənistan bu məhsulların Rusiyaya ixracını həyata keçirməklə özü də böyük gəlirlər əldə etmiş və Rusiyaya sanksiyalardan yayınmaqda kömək etmişdir. Bunun nəticəsidir ki, 2022-ci ildə Ermənistandan Rusiyaya ixrac 2.4 dəfə artmışdır.  Bu trend 2023-cü ildə də davam etmişdir.

2024-cü ildən etibarən isə Ermənistandan Rusiyaya ixrac səviyyəsi əsaslı şəkildə azalmağa başlamış, əvəzində idxal səviyyəsi ciddi şəkildə artmağa başlamışdır. İlkin olaraq bu əks proses belə təsürat yaradır ki, artıq Ermənistanın Rusiyaya yenidən ixracda iştirak etmir. Lakin, bu belə deyildir və Ermənistanın yenidən ixracda iştirakı davam edir. Sadəcə olaraq 2024-cü ildən etibarən əks istiqamətdə yəni Rusiyadan gələn məhsulların digər ölkələrə ixracı istiqamətində Ermənistan yenidən ixracı təşkil edən ölkə kimi iştirak etməkdədir. Bu xüsusilə də özünü almaz ixracında göstərir. Belə ki, statsitik rəqəmlər göstərir ki, 2023-cü ildə Ermənistan ümumi dəyəri 561 milyon dollar olan 3.5 milyon karat həcmində almaz (emal edilmiş və xam şəkildə) idxal etmişdir. İdxal edilən almazın 80%-i xam şəkildə olmuşdur. İdxal edilən almazın 48%-i və ya 269 milyon dolları  (1.7 milyon karat) Rusiyanın payına düşmüşdür. Maraqldır ki, bu dövrdə Ermənistan 589 milyon dollar dəyərində (4.5 milyon karat) almaz ixrac etmişdir. Halbuki həmin dövrdə Ermənistanda cəmi 170 min karat almaz emal edilmişdir. Bu isə onu deməyə əsas verir ki, ixrac edilən almazın 96.2%-i təkrar ixrac şəklində ixrac edilmişdir. İxrac edilən almazın 85%-i (3.8 milyon karat) Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixrac edilmişdir. 2023-cü ildə Ermənistanın ikinci ən çox almaz ixrac etdiyi ölkə isə Rusiya olmuşdur (0.5 milyon karat). Dollar dəyərində baxdıqda Ermənistandan ixrac edilən almazın ümumilikdə 94%-i Rusiya və BƏƏ-nin payına düşür.  Bu proses 2024-cü ildə də davam etməkdədir. Belə ki, cari ilin ilk beş ayında Ermənistan 327 milyon dollar dəyərində almaz idxal etmiş və 310 milyon dəyərində almazı isə ixrac etmişdir. Yenə də almazın ən çox idxal edildiyi ölkə Rusiya, ən çox ixrac edldiyi ölkə isə BƏƏ olmuşdur. 

Onu da qeyd etmək lazımdır ki, 2024-cü ilin yanvarından etibarən Avropa İttifaqı Rusiyanın ən böyük almaz hasilatı şirkəti olan Alrosaya qarşı sanksiyalar tətbiq etmişdir. Bu şirkətin beynəlxalq almaz bazarında payı 30% səviyyəsindədir. Bu isə onu deməyə əsas verir ki, Rusiya və Rusiya almazının alıcıları olan ölkələr sanksiyalardan yayınmaq üçün üçün ölkələrdən istifadəni daha da intensivləşdirəcəkdir. Ona görə də ehtimal etmək olar ki, Rusiyadan Ermənistana idxalın 2024-cü ilin ilk aylarında artmasında bu prosesin də rolu vardır.  

Görünən odur ki, Ermənistan Rusiyaya və Rusiya ilə sıx ticarət əlaqələrinə malik olan ölkələrə sanksiyalardan yayınmaqda kömək etməkdə davam edir və bundan faydalanmaqdadır. Sadəcə olaraq hazırda əvvəlki iki ildən fərqli olaraq daha çox Rusiyadan gələn məhsulların digər ölkələrə ixracında fəaldır. Əvvəlki illərdə isə bu daha çox Rusiyaya ixrac şəklində özünü göstərirdi. İstənilən halda Ermənistanın Rusiya ilə ticarət əlaqələri genişlənməkdədir və 2024-cü ildə Rusiyanın Ermənistanın xarici ticarıt dövriyyəsində payı 46%-dən çox olmuşdur.