Gürcüstanda son həftələrdə “Xarici təsirin şəffaflığı haqqında” qanun (beynəlxalq mətbuatda “Xarici Agentlər haqqında” qanun kimi də tanınır) və onun ətrafında baş verən təlatümlər fonunda diqqətçəkən şayiələr meydana çıxıb. Ən çox müzakirə olunan bu cür şayiələrdən biri də Gürcüstanın Qərbyönümlü siyasətindən əl çəkməsi müqabilində özünün separatçı əraziləri – Abxaziya və Cənubi Osetiyanı özünə qaytarmaq ehtimalı ilə bağlıdır.
Sözügedən şaiyələrə görə, hakim “Gürcü Arzusu” partiyası və Gürcüstanın de-fakto rəhbəri Bidzina İvanişvili Rusiya ilə gizli danışıqlar apararaq, ölkəsinin Qərb yolundan dönməsi və bunun əvəzində Kremlin xeyir-duası ilə konfederativ Gürcüstan layihəsi üzərində işləyir. Bu konfederasiyaya, yuxarıda da qeyd edildiyi kimi, Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanın daxil edilməsi nəzərdə tutulur.
Bu şayiələrin yaranmasına rəvac verən ilk səbəblərdən biri bu ilin martında Gürcüstan parlamentinin sədrinin birinci müavini Gia Volski və gürcü əsilli rusiyalı oliqarx David Xidaşeli arasındakı görüş olmuşdur. Rusiya elitası, xüsusilə Qərb sanksiyaları siyahısına daxil olmuş rus oliqarx Vladimir Yevtuşenkov ilə yaxın əlaqələrə malik Xidaşeli vaxtilə Gürcüstan Daxili İşlər Nazirliyində müşavir kimi çalışmış və bir neçə il əvvəl Azərbaycan-Gürcüstan sərhəd məsələsində də gündəmə gəlmişdi: həmin vaxt Xidaşeli guya Rusiya arxivlərindən tapdığı xəritələr ilə Azərbaycanın nəzarətində olan bəzi ərazilərin Gürcüstana aid olmasını iddia etmiş və bu “ifşa” Gürcüstan sərhəd demarksiyası və delimitasiyası üzrə dövlət komissiyasının guya Azərbaycanın xeyrinə çalışdığı iddia edilən iki üzvünün həbsi ilə nəticələnmişdi. Xidaşelinin eyni zamanda Abxaziya ilə qeyri-qanuni ticarətdə də pay olduğu iddia edilir.
Volski-Xidaşeli görüşü zamanı Abxaziya məsələsi xüsusilə müzakirə olunub və bu görüşdə Xidaşeli Volskiyə “Abxaziya ilə konfederasiya yaratmaq əla olardı” deyə müraciət edib.
Dövlət rəsmilərinin ictimai açıqlamaları şayiələri daha artırıb. Bu baxımdan may ayının 26-da Gürcüstanın baş naziri İrakli Kobaxidzenin 2030-cu ildə abxaz və osetinlərlə birlikdə vahid Gürcüstan kimi Avropa ailəsinin tamhüquqlu üzvü olmaqla bağlı bəyanatını qeyd etmək lazımdır. Yuxarıda adı çəkilən qanun layihəsinə qarşı Qərbin təzyiqi haqqında danışan deputat Savalan Mirzəyev isə həm Gürcüstan, həm Abxaziya, həm də Cənubi Osetiya üçün sanksiyalara dözməyə hazır olduğunu, həmçinin onun üçün Manhettendən çox Suxumidə gəzməyin daha maraqlı olduğunu bildirmişdir.
Hazırda sadə vətəndaşlar və ekspert icması içərisində birləşmə məsələnin nə dərəcədə ciddi olub-olmaması və ya hansı səviyyədə icra ediləcəyi ilə bağlı ehtimallar müzakirə olunur. Burada maraqlı cəhət ondan ibarətdir ki, Gürcüstan daxilində də, ərazi bütövlüyü yoxsa Qərb yolu dilemması cəmiyyəti iki yerə bölə bilər. Bu yaxınlarda aparılan sorğular onu göstərdi ki, Gürcüstan əhalisinin əksəriyyəti ərazi bütövlüyünə dəstək versə də, bu əksəriyyət digər kursu dəstəkləyən azlıqdan cəmi bir neçə faiz öndədir. Burada təxmin etmək olar ki, ərazi bütövlüyünü dəstəkləyənlər əsasən yaşlı nəslin nümayəndələri, Qərb yolunu seçənlər isə daha çox gənclərdir.
Ümumiyyətlə, separatçı rejimlərin reinteqrasiyası ilə konfederasiya yaradılması müasir tarixdə heç də yeni təşəbbüs deyil. 1995-ci ildə Deyton sazişi Serb Respublikasını Bosniya və Herseqovinanın tərkibinə daxil edərək bu cür konfederasiya yaratmışdı. 1998-ci ildə Minsk Qrupu həmsədrlərinin Azərbaycana təkliflərindən biri də Qarabağın daxil olduğu “vahid dövlət” (common state) yaradılmasını özündə ehtiva edirdi və Bakı tərəfindən qəbul olunmamışdı. (“Vahid dövlət”də Qarabağ federativ subyekt kimi çıxış edərək Bakının xarici işlər, ordu və sair həyati əhəmiyyətli məsələlərində veto hüququ əldə edəcəkdi.) 2003-cü ildə Rusiyanın təşəbbüskarı olduğu “Kozak memorandumu” Moldovanın əsas hissəsi, Dnestryanı bölgə və Qaqauziyadan ibarət federalizasiyanı nəzərdə tuturdu. Bəzi iddialara görə, bu plan implementasiyaya çox yaxın olsa da, son anda Qərb ölkələrinin təzyiqi ilə Kişinynov tərəfindən rəss edilmişdi.
Layihənin əsas aktorlarından sayılan Kremlin özündən hələ açıqlama gəlməmiş, bəzi hallarda onun qeyri-rəsmi sözçüsü kimi çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenkonun ikibaşlı sözləri də diqqətdən yayınmayıb. Belə ki, mayın 17-də Azərbaycanda həmkarı İlham Əliyevlə görüşü zamanı Lukaşenko Cənubi Qafqazda yeni layihələrin müzakirə edildiyinə eyham vurub. Əgər bu eyham Gürcüstan ilə bağlıdırsa, bu zaman bunu Cənubi Qafqazın siyasi tarixində yeni bir geosiyasi eranın başlanğıcı kimi başa düşülə bilər.
Rusiya Gürcüstan kontekstində də Qarabağda olduğu kimi qoşunlarını çəkib ərazi bütövlüyünə dəstək verərsə və bunun müqabilində Tiflisi Avropa yolundan döndərərsə, bu Kreml üçün Qərblə olan qarşıdurmada çox böyük geosiyasi uğur olar. Gürcüstanı özünə təhlükə gəlməyən bir bölgəyə çevirməklə yanaşı, Kreml həmçinin konfederasiya yaratmaq və Abxaziya və Cənubi Osetiyanı bu quruluşda bərabərhüquqlu üzvlərə çevirməklə Tiflisin daxili və xarici siyasətində ciddi söz sahibi olmağı da hədəfləyə bilər.
Bu cür gedişat isə Ermənistanda, Abxaziyada və Cənubi Osetiyada narahatlıqla izlənilir. Son vaxtlar Ermənistanda Qərbə doğru istiqamətlənən xarici siyasət və Gürcüstan ilə əl-ələ tutaraq trans-Atlantik məkana irəliləmək istəyi fonunda Gürcüstanın bu yoldan sapması birincinin ambisiyalarına böyük zərbə vura bilər. Tiflislə Moskva arasında gərginliyin fonunda öz “müstəqilliklərini” uzadan Abxaziya və Cənubi Osetiya üçün də bu iki paytaxt arasında yaxınlaşma xoş xəbər kimi qarşılanmır. Xüsusilə, daha çox müstəqilliyə meyl edən Abxaziyada Rusiya və Gürcüstan arasında sövdələşmənin obyektinə çevrilmə ehtimalı narahatlığa səbəb olub.
Rusiya-Gürcüstan sövdələşməsi, hətta konfederasiyaya gətirib çıxarmasa belə, bölgədə yeni nəqliyyat dəhlizinin açılmasına da şərait yarada bilər. Burada məhz Abxaziyadan keçərək, Rusiyanı Gürcüstan vasitəsilə Ermənistan ilə birləşdirən nəqliyyat xəttindən gedir.
Bu söz-söhbətlər fonunda, Gürcüstan Prezidentinin vetosuna baxmayaraq, “Gürcü arzusu”nun üstünlük təşkil etdiyi parlamentin ikinci dəfə təsdiqi ilə “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edildi. Payızda keçiriləcək seçkilər ərəfəsində, Gürcüstan cəmiyyətində bu təlatümlər daxili qeyri-müəyyənliyə səbəb olur. Lakin eyni zamanda məhz seçkilərin nəticələri siyasi qüvvənin qalib gələcəyini və Gürcüstanın həm daxili, həm xarici siyasətini, eyni zamanda regionun gələcək görünüşünü müəyyənləşdirən əsas faktorlardan biri olacaq.
Daha ətraflı: https://top-center.org/az/tehlil/3657/gurcu-arzusunun-yeni-plani-gurcustan-konfederasiyasi