AZƏRBAYCAN VƏ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ ARASINDA HƏRBİ SAHƏDƏ DƏ ƏLAQƏLƏR YENİ VÜSƏT ALIR

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər özünün yeni yüksəliş mərhələsini yaşamaqdadır.  Müxtəlif sferaları əhatə edən bu əlaqələr artıq hərbi sahəni də əhatə etməyə başlayır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən başlayacaq “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təlimi bunun faktiki təzahürüdür.

Belə tədbirlər iştirakçı ölkələrin hərbi müstəvidə də fəaliyyətlərini tələb olunduqda daha çevik qaydada əlaqələndirməyə imkan verir. Digər tərəfdən Mərkəzi Asiya və Cənubi Qafqazın dünya üçün artan əhəmiyyəti fonunda bu regionlarda təhlükəsizliyin daha yüksək səviyyədə təmini də böyük önəmə malikdir.

Mərkəzi Asiya ölkələrinin Azərbaycanla hərbi təlim keçirməsinə artıq beynəlxalq miqyasda da xüsusi diqqət ayrılır. Dünyanın müxtəlif media vasitələrində sözügedən təlimlərlə bağlı yayımlanan materiallar, ekspert şərhləri də bunun təsdiqidir. Beynəlxalq miqyasda da ümumi yanaşma bundan ibarətdir ki, təlimlər Azərbaycanın Mərkəzi Asiya ölkələrinin daha da dərinləşməsinə rəvac verir və tərəflərin münasibətlərinin çoxşaxəliliyini nümayiş etdirir.

“Birləşdik – 2024” təlimlərinin daha bir fərqləndirici xüsusiyyəti onun hansısa  təşkilatın himayəsi altında keçirilməməsidir. Təlimə qatılan  ölkələrlə bağlı diqqət cəlb edən məqamlardan biri iştirakçılardan dördünün – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Türk Dövlətləri Təşkilatının üzvü olmasıdır. Türk Dövlətləri Təşkilatı daxilində təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq səviyyəsinin artırılması üzv ölkələrinin hər birinin mənafeyinə cavab verir. Azərbaycan bu xüsusda konkret təkliflər də irəli sürüb. Prezident İlham Əliyev müxtəlif vaxtlarda bu məsələni gündəmə gətirib. Türk Dövlətləri Təşkilatının 2022-ci ildə Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev qeyd edib ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdırlar.

“Birləşdik – 2024” təlimlərinin keçirildiyi ərazilər də xüsusi diqqət cəlb edir. Təlimlərin Xəzər akvatoriyasını əhatə etməsi təsadüfi hesab olunmur. Avropanı Çinlə birləşdirən multimodal ticarət yolları şəbəkəsi olan Orta Dəhlizin bir hissəsi məhz bu ərazidən keçir. Günümüzdə dəhlizlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması xüsusi aktuallıq kəsb edir. Yəməndəki Husi üsyançılarının 2023-cü ilin sonlarından etibarən, Qırmızı dənizdə yük gəmilərinə hücum etməyə başlamasından sonra nəqliyyat dəhlizlərinin təhlükəsizliyi daha çox aktuallaşıb.

Orta Dəhliz hazırda Avropa ilə Asiya arasında ticarətin aparılması üçün ən təhlükəsiz və çox sərfəli variantdır. “Birləşdik – 2024” təlimi bu marşrutun etibarlı şəkildə qorunduğunun nümayişi də hesab oluna bilər. Təlimə qatılan ölkələr ümumi təhlükəsizlik problemlərini həll etmək üçün uğurlu  əməkdaşlıq münasibətləri qurmaq iqtidarında olduqlarını da əyani olaraq göstərirlər. Təlim və onun nəticələri, bu istiqamətdə atılan digər addımlar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərbi istiqamət üzrə də əməkdaşlığın  dinamik inkişafına əlverişli zəmin yaradır. Bu, tərəflərin hər birinin marağına cavab verir, əməkdaşlığın daha möhkəm özüllər üzərində qurulmasına gətirib çıxarır.

Daha ətraflı: https://mtm.az/x%c9%99b%c9%99rl%c9%99r/az%c9%99rbaycan-v%c9%99-m%c9%99rk%c9%99zi-asiya-olk%c9%99l%c9%99ri-arasinda-h%c9%99rbi-sah%c9%99d%c9%99-d%c9%99-%c9%99laq%c9%99l%c9%99r-yeni-vus%c9%99t-alir/