GÜCLÜ ENERJİ POTENSİALI OLAN QONŞUNU QOYUB OKENANIN O TAYINDA ÇARƏ AXTARMAQ AĞILSIZLIQDIR

Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq niyyəti yeni xəbər olmasa da İrəvan adminstrasiyası bu məsələ ilə bağlı fəal diplomatiyasını davam etdirir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da ABŞ-a səfərinin gündəmini Rusiya təşkil edir. Qərbin təhriki ilə Rusiyanın hərbi təsirindən çıxmağa çalışan, bu çərçivədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlarını demək olar ki, qoparan Ermənistan həm də Moskvanın siyasi-iqtisadi asılılığından qurtulmağa çalışır.  Ona görə də Armen Qriqoryan Amerika görüşlərində Rusiyanın enerji sektorundakı monopoliyasından xilas olmaq üçün Vaşinqton adminstrasiyasından kömək istəyib. Onların əsas niyyəti ondan ibarətdir ki, başda ABŞ olmaqla kollektiv Qərb Ermənistanda yeni atom elektrik stansiyasının tikintisinə yardım etsin.

Ermənistan Avropa İttifaqı ilə hələ 2017-ci ildə geniş və hərtərəfli tərəfdaşlıq haqqında saziş imzalamaq istəyəndə onun qarşısına öhdəlik qoyulmuşdu ki, energetika sahəsində əməkdaşlıq çərçivəsində Metsamor atom elektrik stansiyası bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır. Bu, Ermənistan qarşısında ilk belə tələb deyildi. Ona qədər bu cür tələblər olmuşdu. 2013-cü ildə Ermənistan Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq istəyəndə də ondan “Metsamor”un bağlanmasını tələb etmişdilər. Bundan xeyli əvvəl Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri isə bəyan etmişdi ki, “Metsamor”un bağlanması və istismardan çıxarılması Avropa İttifaqının əsas məqsədi olaraq qalır.

Lakin Ermənistan 1960-cı illərə məxsus dizaynı ilə dünyanın ən riskli nüvə stansiyalarından olan “Metsamor”u bağlamaq qərarından hər zaman yayınıb. Əsas arqument də bundan ibarət idi ki, bu atom elektrik stansiyası ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 40 faizdən çoxunu ödəyir və o, bağlansa Ermənistan ciddi enerji böhranı yaşayacaq. Əlbəttə ki, bütün bunlar yalnız bəhanələr idi. Belə olmasaydı sabiq prezident Serj Sarkisyan 2008-ci ildə parlamentdəki çıxışında tezliklə atom elektrik stansiyasının yeni blokunun tikintisinə başlanacağını bəyan etməzdi. Düzdür, Ermənistan hakimiyyəti bu layihəni yerinə yetirə bilmədi, maliyyə çatışmazlığına görə, stansiyanın ikinci blokunun istismar müddəti uzadıldı. Prosesi Rusiyanın “Rusatom Service” səhmdar cəmiyyəti idarə edirdi və layihənin həyata keçirilməsi üçün Rusiya hökuməti Ermənistana 270 milyon dollar kredit və 30 milyon dollar qrant ayırmışdı. Bununla da Türkiyə ilə sərhəddə yerləşən və region üçün ən ciddi təhlükə mənbəyi olan “Metsamor”un bütün etirazlara baxmayaraq yerində qaldı.

Ermənistan hökuməti vaxtaşırı bəyan edirdi ki, stansiyada təhlükəsizlik tədbirləri yüksək səviyyədə yerinə yetirilib. Hətta MAQATE-nin mütəxəssisləri mütəmadi olaraq stansiyaya baş çəkir və müsbət rəylər verirlər. Təbii ki, bunlar dəqiq məlumatlar deyildi və bu informasiyaların verilməsində Rusiyadan gələn təlimatlar da əsas rol oynayırdı. Rusiya cidd-cəhdlə 1980-ci ildə istismara verilən, 1988-ci il zəlzələsindən sonra dayandırılan, 1995-ci ildə yenidən işə salınan “Metsamor”un fəaliyyətinin davam etdirilməsi ilə ilk növbədə Ermənistanın enerji asılılığını davamlılığına nail olmaq istəyirdi. Ermənistan hökumətinin stansiyanın təhlükəsizliyi ilə bağlı bəyanatları isə ondan qaynaqlanırdı ki, Rusiya forpostun ərazisində Qərb investisiyasının girməməsinə çalışırdı. Baxmayaraq ki, beynəlxalq mütəxəssislərin hamısı stansiyada baş verəcək hər hansı qəzadan 20 milyon insanın zərər görəcəyi ilə bağlı vaxtaşırı xəbərdarlıq edirlər.

Rusiya şirkəti ilə 2014-cü ildə bağlanan müqaviləyə görə “Metsamor”un ikinci enerji blokunun istismar müddəti 2026-cı ildə başa çatır. Yəqin ki, bu proqramı uzatmaq mümkün olmayacaq. Birincisi, ona görə ki, artıq Rusiya ilə əlaqələr əvvəlki kimi deyil və Ermənistan bu stansiyaya Moskvanın sərmayələrini cəlb edə bilməyəcək. Digər tərəfdən Ermənistanın enerji sektorunda sıxıntı ilə üzləşməsi Rusiyanın maraqlarına xidmət edir və bu, Kremlin İrəvana əsas təzyiq üsullarından biri hesab oluna bilər. Vaxt isə daralır. Cəmi iki ildən sonra istismarı başa çatacaq enerji blokunun hansı yolla yenisi ilə əvəz olunması sualı isə açıq qalıb. Çox güman ki, Avropa İttifaqı belə iri layihənin reallaşmasına girişməyəcək. Girişsə belə “Metsamor”un yenilənməsi, yaxud da Ermənistanda yeni enerji sisteminin qurulması vaxt aparacaq. İrəvanın ümidi ancaq Amerikaya qalıb. Ancaq Vaşinqton da yaxın müddətdə Ermənistan ərazisində atom elektrik stansiyasının tikintisinə başlamağa hazır deyil. İqtisadi qədər siyasi məsələ olan atom elektrik stansiyasının tikintisi həm də ona görə risklidir ki, sabah Nikol Paşinyanı hakimiyyətdə Rusiyayönümlü şəxs əvəzləsə bu, ABŞ üçün əsl başağrısına çevriləcək. Yeganə yol Azərbaycanla təcili əməkdaşlığa başlamaqdır. Çox güman ki, bunu Vaşinqtonda Armen Qriqoryana da başa salacaqlar. Ona məsləhət görəcəklər ki, güclü enerji potensialına malik olan qonşunu qoyub okenanın o tayında çarə axtarmaq ağılsız hərəkətdir.

Daha ətraflı: https://mtm.az/x%c9%99b%c9%99rl%c9%99r/guclu-enerji-potensiali-olan-qonsunu-qoyub-okenanin-o-tayinda-car%c9%99-axtarmaq-agilsizliqdir/