Rusiya ilə yanaşı Çin də müxtəlif sanksiyalarla üz-üzədir. Pekin Vaşinqtondan sanksiyaların ortadan qaldırlmasını tələb edir. Bu baş verməsə Çin də ABŞ-a qarşı sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb.
Cozef Bayden administrasiyası Çinlə mübarizədə yeni mərhələyə keçib. Vaşinqton Çinin süni intellekt üçün istifadə edilən çip texnologiyasına çıxışı ilə bağlı əlavə məhdudiyyətləri nəzərdən keçirir və bu, hazırda bazara çıxan yeni avadanlıqları hədəfləyir. Bu yolla Çinin qabaqcıl çip texnologiyalarına çıxış imkanları məhdudlaşdırılacaq. ABŞ-ın məqsədi Çinin süni intellekt modellərini qurmaq və idarə etmək üçün lazım olan mürəkkəb hesablama sistemlərinin yığılmasını çətinləşdirməkdir. Intel və Advanced Micro Devices kimi şirkətlər, o cümlədən Tayvan Semiconductor Manufacturing Company, Samsung Electronics gələn il ərzində yeni dizaynlı yarımkeçiricilərin kütləvi istehsalına başlamaq niyyətindədirlər.
Bu arada, ABŞ-dan Çinə daha bir zərbə dəyəcək. ABŞ Konqresinin respublikaçı və demokratlardan ibarət nümayəndə heyəti Hindistana səfəri zamanı Tibetin mühacirətdə olan dini lideri Dalay Lama ilə görüşəcəklər. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Respublikaçı sədri Maykl Makkol Hindistana ikipartiyalı nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibində Nensi Pelosi də var. Nensi Pelosi Nümayəndələr Palatasının sədri olduğu 2017-ci ildə Hindistana səfər edərək Dalay Lama ilə görüşüb. Bundan 9 il əvvəl də Nensi Pelosi Dalay Lama ilə görüşmüşdü. Həmin görüşün məqsədi 2008-ci ildə Tibetdə Çinin mərkəzi hökumətinə qarşı başlanan etiraz aksiyalarına dəstək idi. Görünür, bu səbəbdən Nensi Pelosi bu dəfə də nümayəndə heyətinin tərkibinə daxil edilib. Dalay Lama özü də keçmiş illərdə ABŞ-da səfərdə olub, hətta Ağ Evdə qəbul olunub. Nensi Pelosinin vaxtilə Tayvana səfəri də Çin-ABŞ münasibətlərində gərginlik yaratmışdı.
Çin Tibeti 1950-ci ildə nəzarətə götürüb. O zaman hələ gənc Dalay Lama bölgəni tərk edərək Hindistan ərazisində yerləşib. Bu səbbədən Çinlə Hindistan arasında münasibətlər gərginləşib. Dalay Lama Nobel Sülh mükafatı sahibidir. O bir çox dövlətə səfərlər edib, ölkə başçıları ilə görüşüb. Pekin bu səfərləri və görüşləri hər zaman narazılıqla qarşılayıb.
Amerikalı konqresmenlər Hindistan rəsmiləri ilə də görüşəcəklər. Vaşinqton Hindistanı strateji tərəfdaş kimi qiymətləndirir. Ancaq bütün hallarda diqqət konqresmenlərin Dalay Lama ilə görüşünə yönələcək. Çünki, bu görüş və müzakirələr Pekin-Vaşinqton münasibətlərini daha da gərginləşdirəcək.
Daha ətraflı: https://atlassam.org/konqresmenl%c9%99rin-s%c9%99f%c9%99ri-g%c9%99rginliyi-artiracaq/