Isveçrədə Ukrayna ilə bağlı başa çatan Sülh Forumunun yekun bəyanatını iştirak edən 90 ölkədən 81-i imzalayıb. İmzalamayanlar ölkələr arasında Səudiyyə Ərəbistanı, Hindistan, Meksika, Cənubi Afrika Respublikası və Braziliya var. Bu o ölkələrdir ki, Rusiya ilə də tərəfdaşlıq münasibətləri mövcuddur. Maraqlıdır ki, Rusiya ilə tərəfdaşlıq münasibətləri olan Türkiyə, Serbiya və Macarıstan yekun bəyanata imza atıblar.
“Reuters” agentliyinin yaydığı məlumata görə, bəyanatda Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiyanın dağıdıcı müharibəni davam etdirməsi pislənilib. Sənəddə Zaporojye atom elektrik stansiyanın və dəniz limanlarının Ukrayna geri qaytarılması tələb olunub. Buna baxmayaraq, sammit iştirakçılarının çoxunun dəstəyini qazanmaq üçün sənəddə “Rusiyanın təcavüzü” əvəzinə “müharibə” ifadəsindən istifadə edilib. Yekun bəyanatda bütün əsirlərin dəyişdirilməsi vacibliyi vurğulanıb. Söhbət həm də Ukraynadan zorla Rusiyaya aparılan uşaqlardan gedir.
Aydındır ki, Kreml Sülh Forumunun yekun bəyanatı ilə hesablaşmayacaq. Çinin Sülh Forumunda iştirak etməməsi Kiyevi məyus edib. Əksinə, Ukrayna Prezidenti Volodimir Zelenski Pekini başqa ölkələrin sammitdə iştirak etməsinə mane olduğunu söyləyib. Ukrayna prezidenti iyunun 3-də Sinqapurda Şanqri-la Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı bunu demişdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ittihamı rədd edərək demişdi ki, Pekin əvvəldən görüşə böyük əhəmiyyət verməyib. Kiyev İsveçrədəki Sülh Forumunu Rusiyaya təzyiq kimi dəyərləndirib. Bu Forum Kremlin mövqeyinə təsir etməsə də, Rusiya üçün müharibəni davam etdirmək getdikcə çətinləşir, ssanksiyalar sərtləşdikcə iqtisadi problemləri artır.
Daha ətraflı: https://atlassam.org/sulh-forumu-rusiyani-dayandirmayacaq/