BMTM-də “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil edilib

07.06.2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masada bu sahə üzrə ixtisaslaşan ölkənin qanunvericilik və mərkəzi icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev beynəlxalq münasibətlər sistemində gender bərabərliyinin vacib yer tutduğunu qeyd etmiş və Azərbaycan hökumətinin qadınların cəmiyyətin siyasi, iqtisadi və sosial həyatında iştirakına xüsusi əhəmiyyət verdiyini vurğulamışdır. BMTM sədri eləcə də qadın ekspertlərin ölkənin siyasi, iqtisadi və sosial gündəminin formalaşdırılmasında və beynəlxalq platformalarda fəal iştirakını diqqətə çatdırmışdır.

BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayeva qadınların cəmiyyətdə və beynəlxalq müstəvidə rolunun daha geniş şəkildə təşviq edilməsinin Azərbaycan Respublikasında gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının müdafiəsi baxımından önəm daşıdığını diqqətə çatdırmış və qadınların xarici siyasət məsələləri ilə bağlı beynəlxalq səviyyədə səmərəli iştirakını təbliğ etmək üçün ardıcıl fəaliyyətin aparılmasının əhəmiyyətini vurğulamışdır.

Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Azərbaycan xanımlarının tarix boyu xalqımızın inkişafında mühüm rol oynadığını qeyd etmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərində bu istiqamətdə atılan addımlarının inqilabi əhəmiyyətə malik olduğunu bildirən H. Hüseynova beynəlxalq platformalarda qadınların Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə uğurla çatdırılması və milli maraqlarımızın təmini istiqamətində fəal çıxış etdiyini vurğulamışdır. O, Prezident İlham Əliyevin bu də sahəyə xüsusi diqqət yetirdiyini nəzərə çatdırmışdır.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qadınların ölkənin ictimai-siyasi həyatında iştirakının artırılmasını Azərbaycan hökumətinin gündəliyində duran strateji məsələlərdən biri olduğunu qeyd etmişdir:

“Azərbaycan qadınlarının dövlət idarəçiliyi və qərar qəbuletmə orqanlarında təmsilçiliyi artır. Azərbaycan qadınları beynəlxalq kürsülərdə ölkəmizi layiqli şəkildə təmsil edirlər”.

Tarixən diplomatiyanın kişilərin himayəsi altında olduğunu qeyd edən Azərbaycan Respublikası XİN-in Humanitar və Sosial məsələlər idarəsinin rəis müavini Şəfa Qasımova, qadınların bu sahədə töhfələrinin tarixən çox vaxt diqqətdən kənarda qaldığını bildirmişdir. Müasir dövrdə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və hədəflər üzrə irəliləyişlərə mühüm töhfə verən bir amil kimi qiymətləndirən Şəfa Qasımova 2030-cu il Gündəliyinin həyata keçirilməsində gender perspektivinin sistematik şəkildə tətbiqinin çox vacib olduğunu vurğulamış və xüsusən 5-ci DİM-in qadınların qərarların qəbulu prosesində bərabər iştirakını tələb etdiyini qeyd etmişdir.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova beynəlxalq təşkilatlar və platformalar çərçivəsində ölkəmizin tədqiqat, araşdırma və beyin mərkəzlərinin, eləcə də QHT nümayəndələrinin qadın əməkdaşlarının iştirak və təmsilçiliyi ilə bağlı fikirlərini bölüşmüş, əldə edilmiş nailiyyətlər və mövcud çətinliklər haqqında danışmışdır.

ADA Universitetinin Dövlət, xarici və tələbə  işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva ADA universitetinin akademik heyətində təmsil edilən qadın və qızların xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda fəal iştirak etdiyini diqqətə çatdırmışdır. O eləcə də “Beynəlxalq münasibətlər” ixtisası üzrə ADA universitetində təhsil prosesi ilə bağlı bir sıra statistik göstəricilər barədə məlumat vermiş və bu ixtisas üzrə tələbələr arasında qızların çoxluq təşkil etdiyini vurğulamışdır.

Daha sonra dəyirmi masa sual-cavab sessiyası ilə davam etdirilmişdir.

Daha ətraflı: https://aircenter.az/az/post/bmtm-de-xarici-siyaset-meseleleri-uzre-beynelxalq-platformalarda-azerbaycan-qadinlarinin-istiraki-problemler-ve-perspektivler-movzusunda-deyirmi-masa-teskil-edilib-1480