Bəşəriyyət tarixi qlobal miqyasda özünün ən təlatümlü dövrlərindən birini yaşayır. İkinci Dünya Müharibəsindən sonra dövlətlərin təhlükəsizliyi və əməkdaşlığını qorumaq üçün yaradılmış Yalta-Potsdam beynəlxalq münasibətlər sistemi xeyli müddətdir ki, iflic vəziyyətindədir. İşlək tənzimləmə mexanizmlərinin olmaması ucbatından indiyədək görünməmiş fəlakətlərə gətirib çıxara biləcək nüvə müharibəsi təhlükəsi gün keçdikcə daha da artır.
Soyuq müharibənin ardından ortaya çıxmış dünya nizamı artıq öz aktuallığını itirib. Köhnəlmiş qlobal idarəetmə modelini əvəzləyə biləcək yeni dünya düzəni isə hələ ki, formalaşmayıb. Əgər əvvəlki beynəlxalq münasibətlər sistemi dünya müharibələrinin nəticəsi kimi yaranmışdısa, hazırda məhz nüvə silahı hələ ki, belə münaqişələr üçün çəkindirici amil rolunu oynayır. Bu səbəbdən günümüzdə müharibələr yalnız regional miqyasda baş verir, hərçənd onlar qlobal qarşıdurmanın təzahürləri olaraq nəzərdən keçirilməlidir.
Müasir dövrdə sözügdən qarşıdurma üç istiqamətdə cərəyan edir: Silahlı münaqişələr, iqtisadi-ticarət müharibələri və ideoloji mübarizə.
- Silahlı münaqişələr: Hazırda dünyada qlobal əhəmiyyətə malik iki əsas aktiv münaqişə bölgəsi mövcuddur – Ukrayna və Yaxın Şərq. Birincisi ərazi baxımından konkret olsa da, ikincisi çoxsaylı gərginlik ocaqlarını özündə cəmləşdirir və müxtəlif zamanlarda fərqli ölkələrin (İsrail, Fələstin, Livan, Suriya, İraq, Yəmən, hətta İran) sərhədlərini əhatə edir. Lakin danılmaz faktdır ki, aktiv münaqişə tərəflərinin sayı tədricən artır, coğrafiyası genişlənir. Bu toqquşmalar daha uzunmüdətli və daha şiddətli xarakter alır. Mövcud qlobal idarəetmə sistemi isə sözügedən münaqişələri dayandıra bilmir.
- İqtisadi-ticarət müharibələri: Minilliyin ilk 20 ili daha çox qloballaşma şüarı altında beynəlxalq maliyyə axınlarına nəzarətin gücləndirilməsi və bu vəsaitlərin idarəedilməsi sahəsindəki təmərküzləşmə ilə yadda qalıb. Son illərdə xüsusilə Qərbin geniş iqtisadi sanksiyaları fonunda resurslar uğrunda mübarizə daha da kəskinləşib. Bura texnoloji sahədəki amansız rəqabəti, dayanıqlı təchizat zəncirlərinin qurulması istiqamətində aparılan gərgin yarışı, eləcə də ABŞ və Çin kimi dünya nəhəngləri arasındakı gedən ticarət müharibəsini də əlavə etdikdə, qlobal iqtisadi qarşıdurmanın nisbətən daha bütöv mənzərəsi yaranır.
- İdeoloji mübarizə: Günümüzdə müxtəlif ideoloji cəbhələri təmsil edən qüvvələr arasında çəkişmələr daha qabarıq tərzdə gedir. ABŞ və Aİ seçkiləri ərəfəsində bunu aydın şəkildə görmək mümkündür. Liberal interventlərlə mühafizəkarlar, qloballaşma carçıları ilə suverenlik tərəfdarları, radikal sağ və solçular arasındakı mübarizə o həddə çatıb ki, artıq bir-birinə qarşı müxtəlif fiziki məhv üsullarından belə istifadə edilir. Həmçinin, fərqli dünya baxışına malik olanlara qarşı müabrizə yumşaq güc alətlərindən istifadə, informasiya müharibələri, daxili siyasətə qarışma cəhdləri və rejiim dəyişikliklərilə müşayət olunur.
Hazırda beynəlxalq münasibətlər sistemində qarışıqlıq, hətta xaos hökm sürsə də, cari mənzərəyə baxmayaraq, bu sistemin iştirakçıları arasında iki qlobal güc mərkəzinin mövcudluğu aydın şəkildə görünür. Günümüzdə yalnız ABŞ və Çin həm iqtisadi, həm də hərbi gücü özündə birləşdirən ən qüdrətli dövlətlər olaraq qalmaqdadır.
Qlobal güc olmağa iddialı digər tərəflərdən biri – Rusiya iqtisadi gücə çevrilə bilməsə də, hərbi gücü ilə dünya birinciliyi uğrunda gedən mübarizəyə qoşulmağa, özünü fövqəldövlətlər sırasında göstərməyə cəhd etdi. Lakin Ukrayna cəbhəsində üzləşdiyi uğursuzluq Moskvanın öz planlarını həyata keçirməsinə mane oldu və Kremli qlobal güc statusu qazanmaq imkanından məhrum etdi.
Başqa bir iddialı – Aİ isə Rusiyanın tam əksinə olaraq, dünya miqyaslı iqtisadi güc kimi formalaşmağı bacarsa da, hərbi güc və geosiyasi oyunçu kimi qlobal səviyyəyə yüksələ bilmədi. Belə ki, uzun illərdir çoxsaylı hərbi kontingentə malik vahid Avropa Silahlı Qüvvələrinin yaradılması barədə danışılsa da, bu planlar hələ də kağız üzərində qalır. Avropa ölkələri arasında mövcud fikir ayrılıqları sözügedən istiqamətdə ciddi addımların atılmasını və birliyin hərbi gücə çevrilməsini əngəlləyir.
Aİ-nin geosiyasi oyunçu olmaq cəhdləri də iflasa uğradı. Bu uğursuzluğun başlıca səbəbi birliyin ümumi maraqlarının Fransa kimi ayri-ayrı dövlətlərin əsassız iddialarına qurban verilməsidir. Aİ-nin Azərbaycana, eləcə də bütövlükdə Cənubi Qafqaz regionuna münasibətdə atdığı addımlar bunun əyani sübutudur. Brüsselin siyasi səriştəsizliyi ucbatından Aİ hələ də ABŞ-ın təsiri altında qalmaqda davam edir.
Belə şəraitdə, ABŞ və Çin arasında qarşıdurma getdikcə daha da, şiddətlənir. Bu mübarizə artıq dünyanın az qala bütün regionlarına sirayət edir və Avropadan tutmuş, Asiya və Afrikayadək bütün qitələrdə özünü büruzə verir.
Beynəlxalq münasibətlərin digər iddialı tərəflərinə gəlincə, onların bəziləri (məsələn Türkiyə və İran) regional güclər kimi çıxış edir. Lakin istər regional gücləri təmsil edən dövlətlər, istərsə də belə gücə sahib olmayan ölkələr qlobal mübarizənin bir parçasına çevrilir. Bundan imtina etmək üçün onlara heç bir seçim imkanı da verilmir. Belə olduqda isə həmin dövlətlər ən təhlükəli aqibətlə – qlobal güclərin bilavasitə aktiv mübarizə meydanına çevrilmək təhlükəsilə üzləşir.
Dünyanın irimiqyaslı qarşıdurmalar burulğanında olduğu və mübarizənin kəskinləşdiyi bir zamanda Azərbaycan özünün başlıca problemini həll etdi. Rəsmi Bakı ölkənin qlobal və regional güclərin toqquşması meydanına çevrilməməsinə nail oldu. Hazırda istər qlobal, istərsə də regional oyunçularla tərəfdaşlıq və praqmatik münasibətlər qurulub.
Ölkədaxili konsensus da kifayət qədər yüksək səviyyədədir. Bu amil, bir tərəfdən xarici qüvvələrin daxili işlərə müdaxiləsinin qarşısını alır, digər tərəfdən isə müstəqil xarici siyasət yeritməyə imkan verir.
Beləliklə də, hazırda paralel cərəyan edən iki proses tədricən sürətlənir: Ən güclülər zəifləyir, orta və kiçik güclər isə daha da qüvvətlənir. Mövcud tendensiya şərti olaraq qlobal Şimal və qlobal Cənub adlandırılan dövlətlər qrupu arasındakı mübarizədə özünü daha aydın formada büruzə verir. Bu proses paralel şəkildə getdiyindən dünyanı cənginə alan qlobal qarşıdurmalar burulğanı daha kəskin şəkil alır. Belə şəraitdə, beynəlxalq sistemdə hökm sürən qeyri-müəyyənlik hələ uzun müddət davam edə bilər.
Bu qeyri-müəyyənlik dövründə müstəqilliyini və suverenliyini qorumaq, mövcud qarşıdurmanın tərəflərindən hər biri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirmək az qala mümkünsüz görünür. Lakin Azərbaycan məntiqli və ardıcıl addımları ilə bir çox dövlətlər üçün imkansız olanı bacardı. Bundan sonra əldə edilən nailiyyətlərin qorunub-saxlanması, eləcə də bütün mümkün təhdidlərə vaxtında və düzgün şəkildə cavab verilməsi olduqca önəmlidir.