Aİ-Çin münasibətləri: Əməkdaşlıq, rəqabət, yoxsa qarşıdurma?

Hazırda beynəlxalq münasibətlər sahəsində Çin ətrafında gedən müzakirələrdə daha çox ABŞ-Çin rəqabəti və Rusiya-Çin əməkdaşlığı mövzuları diqqət mərkəzindədir. Lakin Aİ-Çin münasibətləri də öz əhəmiyyətinə görə ilk iki istiqamətdən geri qalmır və hətta gələcəkdə Vaşinqton-Pekin, Moskva-Pekin əlaqələri üçün müəyyənedici amillərdən biri kimi çıxış edir.

Aİ-Çin münasibətləri özünəməxsus dinamikaya və xüsusiyyətlərə malikdir. Bəzi akademik dairələrdə bu münasibətlər yeni çoxqütblü dünya nizamının formalaşdırılması üçün sınaq prosesi kimi səciyyələndirilir. Belə ki, Brüssel və Pekin arasındakı qarşılıqlı əlaqələrin ideoloji bazasını məhz hər iki tərəfin özünü çoxqütblü dünyanın fərqli mərkəzləri kimi qələmə verməsi təşkil edir.

Rəqəmlər nə deyir?

Çin ABŞ-dan sonra Aİ-nin ikinci ən böyük ticarət tərəfdaşıdır. Pandemiya və regional münaqişələr səbəbindən dünya ticarətindəki yavaşlamaya baxmayaraq, son 10 ildə (2013-2023) Aİ ilə Çin arasındakı ticarət dövriyyəsi demək olar ki, iki dəfə – 373 milyard avrodan 738 milyard avroyadək artıb. Özü də bu ticarətdə balans Şərq ölkəsinin xeyrinə dəyişib.

Belə ki, Aİ-nin Çinlə ticarət kəsiri 3 dəfəyə yaxın (104 milyarddan 291 milyardadək) çoxalıb. Ötən ilin yekunlarına əsasən, Çin Aİ üçün ən böyük tədarükçü və Avropa mallarının üçüncü ən böyük alıcısı olub. Çin Aİ-nin idxalında 20.5%, ixracatında isə 8.8%-lik paya sahibdir.

Bərabərtərfli üçbucaq formulu

2019-cu ildə Aİ tərəfindən Çinə münasibətdə yeni yanaşma irəli sürülüb. Brüssel Pekinlə əlaqələrini üç əsas bənd üzrə inkişaf etdirməyə başlayıb:

  • Dialoq üzrə əməkdaşlıq;
  • İqtisadi rəqabət;
  • Sistemlərarası qarşıdurma.

Avropalı rəsmilərinin bərabərtərfli üçbucaq formulu kimi təqdim etdiyi bu yanaşma onu göstərir ki, Aİ-Çin münasibətlərində həm iş birliyi, həm də fikir ayrılıqları mövcuddur.

Dialoq üzrə əməkdaşlıq prinsipinə əsasən, Aİ müəyyən sahələrdə Çini hələ də öz tərəfdaşı kimi qəbul edir. Bu, ilk növbədə ekologiya siyasəti, yaşıl enerjiyə keçid, qlobal iqlim məsələləri kimi mövzulardır. Qeyd edilən sahələrdə Brüssel və Pekin arasındakı qarşılıqlı əlaqalər və əməkdaşlıq inkişaf edir, Aİ və Çin bir-birini yaşıl gündəliyə sadiq tərəflər kimi nəzərdən keçirirlər. Təsadüfi deyil ki, həm avropalı, həm də çinli rəsmilər Aİ-Çin əməkdaşlığının rənginin yaşıl olduğunu bəyan edirlər. Bununla yanaşı, tərəflər terrorizmə qarşı mübarizə, qanunsuz miqrasiyaya qarşı tədbirlər üzrə də birgə səylər göstərirlər.

Aİ və Çin arasında iqtisadi rəqabət tədricən artır. Bu, ilk olaraq tərəflər arasındakı iqtisadi güc və ticarət balansının dəyişməsilə bağlıdır. Avrozona ilə müqayisədə yeni minillikdəki qlobal iqtisadi təlatümlərdən daha az zərər görən Çin əvvəlcə bir sıra Şərqi və Mərkəzi Avropa ölkələri üçün industrial donor olaraq çıxış etməyə başladı. Pekinin 2020-2025-ci illəri əhatə edən “Made in China” proqramı isə ölkənın sənaye və innovativ inkişafını daha yüksək mərhələyə qaldırdı, yeni bazarlara çıxış imkanlarını xeyli genişləndirdi. Hazırda Çin müəyyən iqtisadi və elmi-texniki sahələrdə Aİ ilə rəqbət aparmaq gücündədir. Beləliklə də, Brüssel Pekinlə əlaqələrdə artıq işgüzar təşəbbüsü əldə verir. Günümüzdə Çin Avropa ölkələrində daha əlverişli yatırım mühitindən istifadə edir, qarşılıqlı investisiyalar haqda sazişi isə hələ də razılaşdırmaq mümkün olmayıb.

Siyasi müstəvidə ötən onilliyin ortalarınadək Aİ və Çin yeni çoxqütblü dünya nizamının qurulmasında gələcək mərkəzlər olaraq, daha çox bu istiqamətdəki əməkdaşlığı önə çəkirdilər. Lakin geosiyasi mübarizənin kəskinləşməsi fonunda artıq gələcək nizamın necə olacağı ətrafında fikir ayrılıqları artmağa başladı. Hazırda rəsmi Brüsselin dünyanın gələcəyi ilə bağlı baxışlarının daha çox ABŞ-ın mövqeyi ilə üst-üstə düşdüyü məlumdur. Hərçənd, bunu Fransa kimi bir sıra Avropa ölkələrinə şamil etmək olmaz. Çinə gəlincə, rəsmi Pekinin bu məsələdə Moskva ilə nisbətən yaxın yanaşmaya malik olması göz önündədir.

Bu arada, mayın əvvəllərində Aİ-Çin münasibətlərində əlamətdar hadisə baş verib. Çin sədri Si Cinpin Avropa turu çərçivəsində Fransa, Macarıstan və Serbiyaya səfər edib. Tədbirlər proqramının kifayət qədər geniş olması ilə yadda qalan bu səfər beş illik fasilədən sonra baş tutub. Bu illər ərzində isə tərəflər arasındakı ayırıcı xətlər daha da dərinləşib. Həmin xətləri aşağıdakı kimi təsvir etmək olar:

  • Qərb və qeyri-Qərb. Burada tərəflər hələ də ikiqütblü dünya nizamı paradiqmasından çıxış edirlər. Aİ və Çinin Ukrayna münaqişəsinə dair mövqelərinə nəzər saldıqda, bu ayırıcı xətt daha aydın görünür. ABŞ və Aİ Çini Rusiya ilə əməkdaşlıqdan çəkinməyə çağırır. Lakin buna baxmayaraq, Pekinlə Moskva arasındakı işbirliyi getdikcə daha da dərinləşir. Belə şəraitdə Qərb və qeyri-Qərb arasındakı məsafə artır, Çin Rusiya ilə birgə mövcud dünya nizamını dəyişməkdə daha çox ittiham edilir ki, bu da Aİ ilə Çin arasında yeni siyasi-iqtisadi razılaşmaları mümkünsüz edir.
  • Aİ qurumları və üzv ölkələr. İlk xətt əsasən Aİ tərəfindən qabardılırsa, ikinci xətt başlıca olaraq Çin tərəfindən formalaşdırılır. Pekin Aİ-nin ümumi institutlarında qeyri-Qərb ölkələrinə qarşı ayırıcı münasibəti sezdiyi üçün bu təsisatlarla əlaqələrini xeyli azaldıb. Çin Avropa ilə münasibətlərdə yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru hərəkəti seçib. Belə ki, hazırda Şərq nəhəngi birbaşa Brüssellə deyil, Paris və Budapeşt kimi Avropanın digər paytaxtları ilə əlaqələrə üstünlük verir. Əlbəttə ki, Macarıstanın, hətta Fransanın belə Aİ-nin “risklərin azaldılması” kimi ümumi yanaşmasını dəyişəcəyi real deyil. Amma Çin ümid edir ki, onun bir sıra Avropa ölkələrilə əlaqələri strateji xarakter alarsa, həmin ölkələr bu əlaqələri ümumavropa həmrəyliyinə qurban verməyəcəklər.

Qərbin Çin dilemması

ABŞ Çinlə münasibətlərdə “ayırma” (de-coupling) prinsipini irəli sürərək Pekini bütün fəaliyyət sahələri üzrə uzunmüddətli rəqib kimi görür. Aİ isə Çinlə əlaqələrini “risklərin azaldılması” (de-risking) konsepsiyası üzərində qurur. Brüssel Pekinlə mümkün sahələrdə qarşılıqlı əməkdaşlığı davam etdirməyə, bu əməkdaşlığı özü üçün daha təhlükəsiz etməyə, itkilərə məruz qalmadan mövcud işbirliyindən faydalanmağa çalışır. Çinlə bağlı fərqli yanaşmalar Aİ-yə üzv ölkələr arasında da özünü göstərir. Avropa dövlətlələrinin bir qismi Pekinlə münasibətlərdə məsafə saxlamağın tərəfdarı olsalar da, digər bir qismi əksinə, əməkdaşlığı daha da genişləndirməyin lehinədir.

Aİ-nin hədəfləri, Çinin məqsədləri

Aİ Çinlə münasibətlərdə ilk növbədə iqtisadi dividendlər əldə etməyi hədəfləyir. Həmçinin, Brüssel qlobal iqlim dəyişikliyi şəraitində ekoloji gündəm, eləcə də elmi-texnoloji inkişaf məsələlərində Çinlə əlaqələrdən faydalanmağa çalışır.

Çin üçün Aİ-nin öz strateji subyektliyini artırması çox vacibdir. Pekin Aİ-nin tam şəkildə ABŞ-ın təsiri altına düşməsini istəmir, Qərb düşərgəsində daxili ziddiyyətlərin və Çinlə əməkdaşlıq meyillərinin saxlanmasına çalışır. Belə ki, Şərq ölkəsinin sonrakı inkişafı üçün açıq Avropa bazarı, investisiya imkanları, Aİ-nin daha üstün elmi-texnoloji bazasından yararlanmaq imkanı vacibdir.

Səfərin nəticələri

Çin liderinin Avropaya səfəri, ilk olaraq Pekinin regiona böyük marağının göstəricisidir. Düzdür, bu səfərin ciddi qlobal nəticələrə səbəb olması mümkünsüz olsa da, o, Aİ-Çin münasibətlərində daha aktual elementləri və prioritetləri müəyyənləşdirmək üçün önəmli idi.

Çin sədrinin Paris, Belqrad və Budapeştdəki görüşləri bir daha təsdiq etdi ki, Pekin Aİ ilə strateji dialoq əvəzinə, hələ də kompromisə hazır olan ayrı-ayrı Avropa ölkələrilə əlaqələri tərcih edir.

Həmçinin, Si-Cinpinin Avropa turu Qərb və Aİ daxilindəki ziddiyyətləri bir daha üzə çıxardı, Aİ ilə Çin arasında əməkdaşlıq tendesiyalarının hələ də saxlanmasını təsdiqlədi. Bununla yanaşı, səfər ayırıcı xətlərin olduğu kimi qalmasını və onları aşmaq üçün tərəflərdən heç birinin ciddi təşəbbüs göstərməməsini nümayiş etdirdi.