Beynəlxalq münasibətlərdəki mövcud qeyri-müəyyənlik getdikcə daha da artır. Hələ iyulun əvvəlində biz ilin sonunadək regionumuza təsir edən demək olar ki, bütün xarici amillər üzrə yeni bir vəziyyətin yaranacağını və onların nəticələrinə əsasən Azərbaycanın öz mövqeyini formalaşdırmalı və ifadə etməli olacağını proqnozlaşdırmışdıq (https://think-tanks.az/?p=3785). İndi isə payızın əvvəlində qeyri-müəyyənliyi dərinləşdirən və mümkün nizamlanmanı yubadan proseslərə nəzər salmağa çalışacağıq.
ABŞ Konqresi və Senatına seçkilər mühüm hadisələrdir və həmin seçkilərdən sonra Prezident Trampın beynəlxalq səhnədə eyni dərəcədə aktiv qalıb-qalmayacağına dair dəqiq bir cavab vermək mümkün olacaq. Parlamentin hər iki palatasında məğlubiyyət Trampın fəaliyyətini məhdudlaşdıracaq və ABŞ-də daxili qarşıdurma prosesinə start verəcək.
Bu qeyri-müəyyənlik Rusiya ilə Ukrayna arasındakı müharibəyə təsir göstərir – həm Moskva, həm də Ukrayna effektiv tədbirlər görməzdən əvvəl seçkilərin nəticələrini gözləyəcək. Müharibə şiddətlənəcək. Kiyev Ukrayna Təhlükəsizlik Xidməti binasına edilən hücuma cavab verməlidir… Hədəf Rusiyanın Federal Təhlükəsizlik Xidməti ola bilər.
İran regionu silkələməyə davam edərək İsrail və ABŞ-dəki seçkiləri gözləyəcək. Hazırkı şəraitdə bu administrasiyalarla qərar qəbul etmək rasional deyil.
Sentyabr ayında keçiriləcək ABŞ-Çin sammiti mühüm hadisədir, lakin ABŞ seçkilərinin nəticələrini gözləyən Pekin tələsməyəcək.
Almaniya üçün Alternativ (AfD) partiyasının ölkə daxilindəki qələbəsi, eləcə də Fransada Le Penin partiyasının güclənməsi mövcud qeyri-müəyyənlik mühitini daha da dərinləşdirir. Aİ-nin aparıcı dövlətləri transformasiya dövrünü yaşayır. Avropa demokratiyası qitədə ifrat sağçı qüvvələri inamla hakimiyyətə gətirir. Düdür, Almaniya və Fransanın siyasi elitalarının bu partiyaları zərərsizləşdirmək məqsədilə qətiyyətli addımlar atmaq üçün vaxtı var. Lakin Avropa elitaları öz müstəsnalıqlarına öyrəşiblər və səhvlərini etiraf etməkdən imtina edirlər ki, bu da onları kəskin böhrana sürükləyir.
Avropadakı qeyri-müəyyənlik qlobal və regional qarşıdurma perimetrlərində müharibələrə və qərar qəbuletmə proseslərinə də təsir göstərir.
İsraildə seçkilərin nəticələrini isə bütün Yaxın Şərq gözləyir.
Beləliklə, ABŞ, Avropa və İsraildəki potensial qeyri-sabitlik Çin, Rusiya və İranın qərar qəbuletmə prosesini yubatması üçün obyektiv şərait yaradır. Pekin, Moskva və Tehran hazırda ölkədaxili hakimiyyətdə sabitlik və gözləməyə hazır olduqlarını nümayiş etdirirlər.
Üçlük formatında (ABŞ, Çin və Rusiya) qərar qəbul etmək isə mümkün deyil, çünki bir çox məsələ və mövzuda ziddiyyətli maraqlar mövcuddur. Digər tərəfdən, ortada tammiqyaslı dünya müharibəsi – yeni qaydaları müəyyən edən açıq-aşkar qalib və bütün şərtləri qəbul edən məğlub tərəf də yoxdur. Aktiv hərbi əməliyyatlarda birbaşa iştirak edən ölkələr zəifləyib, planetin geniş ərazilərini əhatə edən və silahlı münaqişələrdə iştirak etməyən ölkələr isə kənarda qalıb.
Aktiv münaqişədən yayınanlar arasında kiçik və bir sıra orta ölçülü dövlətlər də var ki, Azərbaycan məhz belə dövlətlərdən biridir. Qonşuluğumuzda müharibələrdə iştirak edən böyük ölkələr var və ciddi resursların itirilməsinə baxmayaraq, onlar regional səviyyədə aktiv oyunçular olaraq qalırlar. Azərbaycan qonşu ölkələrlə, kiçik və orta ölçülü dövlətlərlə sıx münasibətlər nümayiş etdirir və əsas güc mərkəzləri ilə tarazlığı qoruyur.
Hazırkı qeyri-müəyyənlik mühitində kiçik və orta ölçülü ölkələr üçün əsas məsələ koalisiyalardan qaçmaq, ciddi tarazlığı qorumaq və suverenliklərini gücləndirməkdir. Bu, təhlükəsizlik və inkişafı müəyyən edən mürəkkəb bir vəzifədir.
