Dövlət dil siyasəti müasir milli dövlətlərin institusional sabitliyinin, ideoloji bütövlüyünün və mədəni davamlılığının əsas dayaqlarından biri kimi çıxış edir. Xüsusilə qloballaşma və rəqəmsallaşma proseslərinin sürətləndiyi, informasiya axınlarının intensivləşdiyi müasir dövrdə dövlət dilinin hüquqi statusunun qorunması və funksional imkanlarının genişləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan Respublikasında dövlət dil siyasəti Prezident İlham Əliyevin siyasi fəaliyyətində milli dövlətçilik ideologiyasının mühüm tərkib hissəsi kimi sistemli və ardıcıl şəkildə həyata keçirilir.
Bu məqalədə əsas məqsəd Prezident İlham Əliyevin dövlət dil siyasətinə dair mövqeyini, irəli sürdüyü təşəbbüsləri və bu sahədə formalaşdırılan institusional mexanizmləri konseptual yanaşma əsasında təhlil etmək, eyni zamanda dövlət başçısının çıxış və müsahibələrində səsləndirdiyi fikirlərin elmi interpretasiyasını təqdim etməkdir.
Dövlət dil siyasətinin nəzəri, hüquqi və konseptual əsasları
Elmi ədəbiyyatda “dövlət dil siyasəti” anlayışı dilin hüquqi statusunun müəyyənləşdirilməsi, onun ictimai-siyasi, inzibati, təhsil, elm, mədəniyyət və media sahələrində istifadəsinin tənzimlənməsi, habelə dilin inkişafı üçün normativ və institusional mexanizmlərin yaradılması kimi izah olunur [12]. Dövlət dili milli identikliyin simvolu olmaqla yanaşı, siyasi legitimliyin və suverenliyin mühüm atributu kimi çıxış edir [12]. O, yalnız kommunikasiya vasitəsi deyil, eyni zamanda milli yaddaşın, tarixi irsin və ideoloji bütövlüyün daşıyıcısıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini dövlət dili kimi təsbit edir və dövlətin onun inkişafını təmin etməsini konstitusion vəzifə kimi müəyyənləşdirir [1]. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun [3] vasitəsilə dil siyasətinin hüquqi çərçivəsi daha da genişləndirilmişdir. Azərbaycan dilinin qorunması, tədrisi və tətbiqi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin dil siyasəti məhz bu normativ-hüquqi baza üzərində formalaşaraq praktik və institusional mexanizmlərlə tamamlanır.
Prezident İlham Əliyevin dil siyasətinə dair konseptual mövqeyi
Prezident İlham Əliyevin siyasi diskursunda Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, milli dövlətçilik fəlsəfəsinin əsas sütunlarından biri kimi təqdim olunur. Dövlət başçısı dil məsələsinə mədəniyyət, elm, təhsil, ideologiya və təhlükəsizlik prizmasından yanaşaraq onu milli suverenliyin ayrılmaz elementi kimi qiymətləndirir.
Prezidentin 5 yanvar 2025-ci il tarixində mediaya verdiyi müsahibə dövlət dil siyasətinin müasir çağırışlar fonunda necə dəyərləndirildiyini aydın şəkildə ortaya qoyur. Müsahibədə Prezident qeyd etmişdir ki, müstəqil dövlət üçün dil məsələsi texniki məsələ deyil, milli təhlükəsizlik və ideoloji davamlılıq məsələsidir. Dövlət başçısı qloballaşma şəraitində yad dil təsirlərinin artmasını təbii proses kimi qiymətləndirsə də, bunun dövlət dilinin mövqelərini zəiflətməməli olduğunu xüsusi vurğulamışdır: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr – onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma… xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır” [10].
Prezidentin bu mövqeyi dil siyasətinin müdafiəedici deyil, inkişafyönlü xarakter daşıdığını göstərir. Yəni məqsəd yalnız dilin qorunması deyil, onun rəqabətqabiliyyətli, funksional və intellektual dilə çevrilməsidir.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışında Azərbaycan dilinin elmi və intellektual potensialına xüsusi diqqət çəkərək vurğulamışdır ki, elmin inkişafı milli dildə aparılmadan dayanıqlı və davamlı ola bilməz. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan dili elmi terminologiya, akademik üslub və konseptual düşüncə baxımından zənginləşdirilməli, milli elmi məktəblərin formalaşmasında əsas vasitə kimi çıxış etməlidir. Bu yanaşma dil siyasətinin yalnız normativ deyil, həm də intellektual-strateji xarakter daşıdığını nümayiş etdirir [7].
Prezidentin Azərbaycan dilinin coğrafiyası və qorunması ilə bağlı mövqeyi
Azərbaycan Respublikasında dövlət dil siyasətinin müasir mərhələdə formalaşdırılması və strateji istiqamətlərinin müəyyənləşdirilməsi prosesində Prezident İlham Əliyevin çıxışları mühüm konseptual çərçivə yaradır. Prezident qeyd edir ki, Azərbaycan dili bu gün 50 milyondan artıq insan üçün ana dili funksiyasını yerinə yetirir: “Biz böyük xalqıq, 10 milyondan çoxu ancaq müstəqil Azərbaycanda yaşayır, amma dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Yəni bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz. Bizim dilimiz zəngindir” [10].
Bu fakt dilin geniş coğrafi areala malik olduğunu və onun yalnız Azərbaycan Respublikasının hüdudları ilə məhdudlaşmadığını təsdiqləyir. Beləliklə, dil siyasəti sırf daxili mədəni tənzimləmə mexanizmi olmaqdan çıxaraq, diaspor siyasəti və beynəlxalq humanitar münasibətlər kontekstində də qiymətləndirilməlidir. Bu baxımdan Prezidentin çıxışlarında “dil coğrafiyası” anlayışı strateji əhəmiyyət kəsb edir. O vurğulayır ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququnun təmin olunması, milli kimliklərinin və mədəni bağlılıqlarının qorunması müasir dövrdə prioritet məsələlərdən biridir: “…Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”. [7].
Bu mövqe xüsusilə 2022-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilmiş IX Zirvə Görüşündə səsləndirilmiş fikirlərlə uzlaşır. Prezident İlham Əliyev TDT-nin sammitində çıxış edərək Türk dünyasının yalnız müstəqil türk dövlətləri ilə məhdudlaşmadığını, onun coğrafi və mədəni sərhədlərinin daha geniş olduğunu qeyd etmişdir. O bildirmişdir ki, təşkilata üzv ölkələrdən kənarda yaşayan soydaşların hüquqları, təhlükəsizliyi və milli kimliyinin qorunması məsələləri daimi əsasda diqqətdə saxlanılmalıdır. Prezidentin xüsusilə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanından məhrum olması faktına diqqət çəkməsi dil məsələsini fundamental insan hüquqları və mədəni özünütəsdiq kontekstində təqdim edir: “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır” [11].
Dövlət başçısının ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı da dil və milli identifikasiya məsələsinin təhlükəsizlik aspektini ön plana çıxarır. Prezident burada, o cümlədən İranda yaşayan azərbaycanlıların hüquqlarının və mədəni kimliyinin müdafiəsinin Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu vurğulamışdır. Bu yanaşma göstərir ki, dil yalnız mədəni irs elementi deyil, həm də milli təhlükəsizlik və strateji davamlılıq faktoru kimi qiymətləndirilir. Dilin zəifləməsi və ya assimilyasiya proseslərinin güclənməsi milli identikliyin aşınmasına gətirib çıxara bilər ki, bu da uzunmüddətli perspektivdə dövlətçilik konsepsiyasına təsirsiz ötüşmür: “Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır… Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir” [10].
Prezidentin mövqeyində Azərbaycan dilinin ədəbi normativliyinin qorunması xüsusi yer tutur. O, çıxışlarında dilin “məişət dili” səviyyəsinə enməsi, xarici sözlərin həddindən artıq və əsassız istifadəsi kimi meyillərin narahatlıq doğurduğunu qeyd edir. Bununla yanaşı, beynəlxalq terminologiyanın zəruri hallarda qəbul edilməsinin təbii proses olduğu da nəzərə alınır. Bu isə dil siyasətində purist yanaşma ilə funksional zərurət arasında balansın qorunmasını tələb edir. Beləliklə, Prezidentin konseptual baxışında dil həm tarixi köklərə söykənən milli sərvət, həm də qloballaşan dünyada elmi-texnoloji inkişafın ifadə vasitəsi kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin çıxışlarında diqqət çəkən mühüm cəhətlərdən biri də dilin qorunması prosesinin yalnız dövlət orqanlarının səlahiyyət dairəsinə aid edilməməsidir. O vurğulayır ki, dil siyasətinin effektivliyi cəmiyyətin bütün təbəqələrinin – alimlərin, müəllimlərin, yazıçıların, media nümayəndələrinin və bütövlükdə vətəndaşların fəal iştirakı ilə mümkündür [7]. Bu baxımdan dilin qorunması məsələsi hüquqi-normativ çərçivə ilə yanaşı, ictimai şüurun formalaşdırılması və maarifləndirmə tədbirləri vasitəsilə dəstəklənməlidir. Dövlət və cəmiyyət arasında qarşılıqlı məsuliyyət prinsipi Prezidentin dil siyasətinə yanaşmasının əsas sütunlarından biri kimi çıxış edir.
Prezident İlham Əliyevin çıxışları və müsahibələrinin təhlili göstərir ki, onun Azərbaycan dilinin coğrafiyası və qorunması ilə bağlı mövqeyi sistemli və çoxölçülü xarakter daşıyır. Bu mövqe dilin geniş yayılma arealını, diaspor faktorunu, milli kimlik və təhlükəsizlik məsələlərini, ədəbi normativliyin qorunmasını və ictimai məsuliyyət prinsipini vahid strateji konsepsiya daxilində birləşdirir. Nəticə etibarilə, Azərbaycan dilinin qorunması və inkişafı yalnız mədəni siyasətin elementi kimi deyil, milli dövlətçilik və mənəvi davamlılığın əsas təminatlarından biri kimi təqdim olunur.
Tarixi kontekst və dil siyasətində davamlılıq
Azərbaycan Respublikasında dövlət dil siyasətinin formalaşması və inkişafı çoxşaxəli tarixi təcrübəyə, hüquqi legitimliyə və strateji ardıcıllıq prinsipinə əsaslanır. Bu siyasətin ideya-siyasi əsasları XX əsrin əvvəllərində, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. 27 iyun 1918-ci il tarixində milli hökumətin qərarı ilə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi və dövlət orqanlarında kargüzarlığın bu dildə aparılmasına başlanılması milli dövlətçilik tarixində mühüm mərhələ təşkil etmişdir. Bu qərar Gülüstan müqaviləsi və Türkmənçay müqaviləsi nəticəsində Azərbaycanın parçalanmasından sonra ana dilinin dövlət dili kimi işlədilməsinə dair ilk rəsmi sənəd kimi xüsusi tarixi əhəmiyyət kəsb edirdi. Beləliklə, Azərbaycan dilinin ictimai-siyasi statusunun yüksəldilməsi və funksional imkanlarının genişləndirilməsi istiqamətində yeni mərhələ başlanmışdır [13, s.86].
Cümhuriyyət dövründə həyata keçirilən milliləşdirmə siyasətində dil məsələsi prioritet istiqamətlərdən biri olmuşdur. Bu siyasət müstəmləkəçilik dövründə zəiflədilmiş milli-mədəni mövqelərin bərpasını, keçmiş metropoliya dilinin idarəçilik və təhsil sistemində dominantlığının mərhələli şəkildə aradan qaldırılmasını və ana dilinin dövlət idarəçiliyində aparıcı mövqeyə yüksəldilməsini nəzərdə tuturdu. Beləliklə, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də siyasi suverenliyin və milli özünüdərkin ifadə forması kimi çıxış edirdi [13, s.86].
Sovet dövründə Azərbaycan dilinin hüquqi və funksional statusu bir sıra mürəkkəb mərhələlərdən keçmişdir. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra ana dilinə münasibət daha sistemli və məqsədyönlü xarakter almışdır. Onun təşəbbüsü ilə 27 aprel 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli-mədəni özünüdərkin möhkəmləndirilməsi baxımından mühüm hadisə olmuşdur. Sovet ideoloji çərçivələrinin mövcudluğuna baxmayaraq, bu addım dilin hüquqi statusunun qorunması və gələcək müstəqillik mərhələsi üçün institusional zəminin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyırdı. 1970–1980-ci illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dilin ictimai nüfuzu artmış, milli şüurun güclənməsi prosesi sürətlənmişdir [13, s.87].
Müstəqillik dövründə dövlət dilinin hüquqi əsaslarının konstitusion səviyyədə möhkəmləndirilməsi prioritet istiqamət kimi müəyyən edilmişdir. Qeyd edildiyi kimi, 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunmuş və bununla da dilin hüquqi statusu ali normativ səviyyədə rəsmiləşdirilmişdir [1]. Bu müddəa milli identikliyin hüquqi təminatı və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi baxımından fundamental əhəmiyyət daşıyır.
Dil siyasətinin institusional əsaslarının gücləndirilməsi istiqamətində 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın [8] imzalanması mühüm mərhələ olmuşdur. Həmin sənəd əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmış və dövlət dilinin tətbiq mexanizmləri sistemləşdirilmişdir. 30 sentyabr 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun [3] isə dilin qorunması, tətbiqi və inkişaf etdirilməsi üçün normativ-hüquqi çərçivəni müəyyən etmiş, dövlət orqanlarında, təhsil sistemində və ictimai həyatda Azərbaycan dilinin istifadəsini hüquqi baxımdan tənzimləmişdir. Bu qanun dil siyasətinin institusional mexanizmini gücləndirərək normativ istifadəyə nəzarəti təmin etmişdir.
Müasir mərhələdə dövlət dil siyasətinin ardıcıllığı Prezident İlham Əliyev tərəfindən davam etdirilir və yeni çağırışlara uyğun şəkildə təkmilləşdirilir. 12 yanvar 2004-cü il tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” [4] sərəncamlar latın qrafikalı əlifbanın geniş tətbiqini təmin etmiş, milli-mədəni irsin yeni qrafikada nəşrini sürətləndirmişdir. 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” [2] dilin müasir kommunikasiya və elmi-texnoloji mühitdə funksional imkanlarının genişləndirilməsini hədəfləmişdir. 2018-ci ildə imzalanmış “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haqqında” Sərəncam [5] və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqında” Fərman [6] isə rəqəmsal mühitdə dil normalarının qorunması, terminologiya siyasətinin sistemləşdirilməsi və normativ qaydalara nəzarətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Göründüyü kimi, Azərbaycan Respublikasının dövlət dil siyasəti tarixi-mədəni davamlılıq, hüquqi legitimlik və institusional inteqrasiya prinsipləri əsasında inkişaf etmişdir. Bu siyasət yalnız normativ aktların qəbul edilməsi ilə məhdudlaşmır, eyni zamanda uzunmüddətli strategiya çərçivəsində hüquqi, institusional və sosial tədbirlərin qarşılıqlı əlaqəsini təmin edir. Dövlət Dil Komissiyası, təhsil və mədəniyyət qurumları, elmi müəssisələr və informasiya vasitələri arasında koordinasiyalı fəaliyyət dil siyasətinin sistemli tətbiqinə şərait yaradır.
Təhsil, elm, media və mədəniyyət müstəvisində dil siyasəti təşəbbüsləri
Azərbaycan Respublikasında dövlət dil siyasətinin praktik tətbiqi Prezident İlham Əliyevin təşəbbüsləri ilə təhsil, elm, media və mədəniyyət sahələrində sistemli şəkildə həyata keçirilmişdir. Dövlət başçısının çıxışlarında qeyd olunduğu kimi, milli təhsil sistemi dövlət dilinin qorunması və inkişafının əsas platformasıdır. Bu yanaşma yalnız normativ-hüquqi statusun müəyyənləşdirilməsi ilə kifayətlənməyərək, Azərbaycan dilinin real ictimai funksionallığının təmin olunmasına yönəlib. Təhsil institutları gələcək nəsillərin dil bacarıqlarını, milli şüurunu və mədəni identifikasiyasını formalaşdıran əsas sosial mexanizm kimi çıxış etdiyindən, dil siyasətinin strateji istiqamətlərindən biri məhz bu sahəyə yönəldilmişdir.
Təhsil və maarifləndirmə təşəbbüsləri çərçivəsində Azərbaycan dilində dərsliklərin hazırlanması, mövcud tədris materiallarının müasirləşdirilməsi, dərslik və proqram təminatının normativləşdirilməsi, ədəbi dil normalarının qorunması və terminoloji vahidliyin təmin edilməsi ardıcıl tədbirlər vasitəsilə həyata keçirilmişdir. Bu yanaşma dilin yalnız öyrənilən fənn kimi deyil, digər fənlərin tədrisində əsas kommunikasiya vasitəsi kimi funksiyasını gücləndirir və onu intellektual inkişafın fundamental alətinə çevirir [12]. Rəqəmsallaşma prosesləri, onlayn dərs və təlim materiallarının hazırlanması, distant təhsil platformalarında Azərbaycan dilinin tətbiqi isə dili həm ölkədaxili, həm də diaspor mühitində əlçatan edir, qloballaşma şəraitində davamlılığını təmin edir.
Müəllim hazırlığı sisteminin gücləndirilməsi dil siyasətinin təhsil komponentinin səmərəliliyini artırır. Azərbaycan dilinin tədrisi üzrə müəllimlərin peşəkarlığının artırılması, metodiki təlimlərin təşkili və sertifikatlaşdırma mexanizmlərinin tətbiqi dilin praktik və institusional səviyyədə qorunmasına xidmət edir. Bu tədbirlər nəticəsində vahid metodoloji yanaşma formalaşır, dilin normativ əsasları sistemli şəkildə tətbiq olunur və keyfiyyətə nəzarət mexanizmləri gücləndirilir.
Elm sahəsində dilin mövqeyinin möhkəmləndirilməsi Prezidentin prioritetlərindən biridir. Azərbaycan dilində elmi nəşrlərin hazırlanması, elmi üslubun normativ əsaslarının qorunması və terminologiyanın sistemləşdirilməsi elmin milliləşdirilməsi ilə yanaşı, beynəlxalq elmi mühitlə inteqrasiyasına da imkan yaradır. Terminoloji vahidliyin təmin edilməsi elmi diskursun dəqiqliyini artırır və dilin elmi kommunikasiya vasitəsi kimi funksional imkanlarını genişləndirir.
Media və informasiya müstəvisində isə dövlət dili ictimai nüfuzun formalaşmasında və dil mədəniyyətinin geniş auditoriyaya ötürülməsində mühüm rol oynayır. Prezident çıxışlarında dilin “kütləvi şüurun formalaşmasında əsas vasitə” olduğunu vurğulayır və mediada dövlət dilinə məsuliyyətli yanaşmanın prioritet olmasını tələb edir. Kütləvi informasiya vasitələrində ədəbi dil normalarına riayət olunması, səlis və düzgün nitq mədəniyyətinin təşviqi, xarici sözlərin əsassız istifadəsinin məhdudlaşdırılması ictimai dil mədəniyyətinə birbaşa təsir göstərir. Peşəkar standartların gücləndirilməsi və redaktə mexanizmlərinin təkmilləşdirilməsi dövlət dilinin normativ mövqeyini möhkəmləndirən əsas amillərdən hesab olunur.
Rəqəmsal texnologiyaların tətbiqi ilə onlayn ensiklopediyalar, təhsil və maarifləndirici platformaların yaradılması isə Azərbaycan dilinin həm yerli, həm də beynəlxalq auditoriya üçün əlçatan olmasını təmin edir. Bu təşəbbüslər qloballaşma şəraitində dilin möhkəm mövqeyini qorumağa xidmət edir.
Nəticə olaraq, təhsil, elm, media və mədəniyyət sahələrində Prezident İlham Əliyevin dil siyasəti təşəbbüsləri dövlət dilinin qorunması və inkişafını institusional və praktik mexanizmlər vasitəsilə təmin edir. Bu siyasət hüquqi baza ilə real tətbiq arasında əlaqəni gücləndirir, dilin həm normativ saflığını, həm də funksional dinamizmini qoruyur. Beləliklə, Azərbaycan dili yalnız dövlət atributu kimi deyil, həm də milli identifikasiya, intellektual inkişaf və ictimai şüurun formalaşması baxımından strateji resurs kimi möhkəmləndirilir.
Prezidentin dil siyasətinin ideoloji və strateji əhəmiyyəti
Dövlət dil siyasəti müasir dövlət quruculuğunun fundamental istiqamətlərindən biri kimi yalnız normativ-hüquqi və inzibati mexanizmlərlə məhdudlaşmır, eyni zamanda dərin ideoloji və strateji məzmun daşıyır. Azərbaycan Respublikasında bu siyasət xüsusilə Prezident İlham Əliyevin fəaliyyətində milli birliyin möhkəmləndirilməsi, dövlət suverenliyinin qorunması və postmünaqişə mərhələsində reinteqrasiyanın təmin olunması kontekstində sistemli şəkildə həyata keçirilir. Bu yanaşma dövlət dilini təkcə kommunikasiya vasitəsi kimi deyil, milli təhlükəsizlik, ideoloji bütövlük və strateji davamlılıq faktoru kimi qiymətləndirir.
Postmünaqişə dövründə azad edilmiş ərazilərdə dövlət dilinin rəsmi idarəçilik, təhsil və ictimai həyatın bütün sahələrində tətbiqinin təmin olunması dil siyasətinin suverenlik konsepsiyası ilə üzvi bağlılığını aydın şəkildə nümayiş etdirir. Dövlət dilinin həmin ərazilərdə institusional səviyyədə bərpası yalnız inzibati idarəetmənin təşkili deyil, eyni zamanda milli-hüquqi məkanın bərqərar olunması, sosial inteqrasiyanın sürətləndirilməsi və vahid ictimai-mədəni mühitin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu baxımdan dil siyasəti ərazi bütövlüyünün ideoloji möhkəmləndirilməsinin mühüm komponenti kimi çıxış edir.
Dilin milli identifikasiya funksiyası sosial-linqvistik tədqiqatlarda da geniş şəkildə əsaslandırılmışdır. Xüsusilə Fişmanın (1991) yanaşmasına əsasən, dil milli yaddaşın və mədəni irsin daşıyıcısı olmaqla cəmiyyətin özünüdərk prosesində mühüm rol oynayır [12]. Bu kontekstdə dövlət dilinin qorunması və inkişafı vətəndaşların aidiyyət hissini gücləndirir, milli həmrəyliyi möhkəmləndirir və sosial inteqrasiyanı təmin edir. Prezidentin dil siyasəti məhz bu strateji məqsədlərə yönəlmiş kompleks tədbirlər sistemini ehtiva edir.
NƏTİCƏ
Aparılan təhlil göstərir ki, Prezident İlham Əliyevin dövlət dil siyasəti konseptual, çoxşaxəli və uzunmüddətli strateji yanaşmaya əsaslanır. Dövlət başçısının AMEA-nın 80 illik yubileyindəki çıxışı, 5 yanvar 2025-ci il tarixli müsahibəsində və digər tədbirlərdə səsləndirdiyi fikirlər Azərbaycan dilinin milli dövlətçilik, elmi inkişaf və ideoloji təhlükəsizlik baxımından əvəzsiz rolunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycan dili müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir, milli kimliyin və dövlət suverenliyinin əsas sütunlarından Prezidentin təşəbbüsləri konseptual yanaşmanın praktik reallaşmasını əks etdirir və dilin davamlı inkişafını, həmçinin cəmiyyətin vahid milli məkanda inteqrasiyasını təmin edən sistemli mexanizmləri formalaşdırır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dilinin qorunması yalnız formal vəzifə deyil, həm də hər bir vətəndaşın üzərinə düşən strateji missiyadır:
“Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm” [10]
Beləliklə, Prezidentin mövqeyi və təşəbbüsləri sayəsində dövlət dili siyasəti hüquqi, institusional, təhsil, mədəni, media və strateji səviyyələrdə bir-biri ilə inteqrasiya olunmuş, davamlı və səmərəli mexanizm kimi həyata keçirilir. Bu siyasət yalnız dilin qorunmasını təmin etmir, həm də milli birliyin möhkəmlənməsinə, ictimai həmrəyliyin gücləndirilməsinə və dövlətçilik ideyalarının cəmiyyət daxilində dərinləşməsinə xidmət edir.
_______________________________________________________________________________________
İSTİNADLAR:
1. Azərbaycan Respublikası Konstitusiyası. (1995). Bakı: Hüquq nəşriyyatı.
2. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” / Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir / – https://e-qanun.az/framework/25537
3. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu /Bakı şəhəri, 30 sentyabr 2002-ci il / – https://e-qanun.az/framework/1865
4. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı / Bakı şəhəri, 12 yanvar 2004-cü il/ – https://e-qanun.az/framework/5427
5. “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı /Bakı şəhəri, 17 iyul 2018-ci il / – https://e-qanun.az/framework/39503
6. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. / Bakı şəhəri, 1 noyabr 2018-ci il/ – https://e-qanun.az/framework/40441
7. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib /03 noyabr 2025/ – https://president.az/az/articles/view/70464
8. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. / Bakı şəhəri, 18 iyun 2001-ci il / – https://e-qanun.az/framework/3568
9. Prezident İlham Əliyev Bakıda keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirak edib /25 noyabr 2022/ – https://president.az/az/articles/view/57968
10. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib /05 yanvar 2026/ – https://president.az/az/articles/view/71213
11. Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə İlham Əliyevin nitqi /11 noyabr 2022/ – https://president.az/az/articles/view/57856
12. Fishman, J.A. (1991). Reversing language shift: Theoretical and empirical foundations of assistance to threatened languages. Clevedon: Multilingual Matters.
13. Məmmədov A. Rəsmi dilin konstitusiyalarda tənzimlənməsi: müqayisəli təhlil. // “Sosial tədqiqatlar” jurnalı, № 1 (5) 2025, s.78-91
Aqşin MƏMMƏDOV,
Sosial Tədqiqatlar Mərkəzi Daxili siyasətin təhlili departamentinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru
