BMTM-də Malayziya parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Aprelin 29-da BMTM-də Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş baş tutub.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Malayziyanın regional və qlobal səviyyədə artan əhəmiyyəti barədə danışıb. F. Şəfiyev Malayziyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman prinsipial mövqe sərgilədiyini və BMT Təhlükəsizlik Şurası, BMT-nin digər institutları, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq platformalarda  bu dəstəyi ifadə etdiyini qeyd etdi.

F.Şəfiyev qonaqlara regional dinamika, Ermənistanla münasibətlərin hazırkı səviyyəsi, normallaşma prosesi, eləcə də BMTM-in fəaliyyəti barədə məlumat verdi.

Öz növbəsində, Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal isti qarşılanmaya görə təşəkkürünü ifadə etdi. O, regional və qlobal əhəmiyyətli məsələlərin müəyyənləşdirilməsi, habelə xarici siyasət tövsiyələrinin hazırlanmasında BMTM-in rolunun vacibliyini vurğuladı.

Malayziya Parlament Senatının prezidenti münaqişə səhifəsinin çevrilməsindən sonra regional əməkdaşlıq üçün yaranan imkanları yüksək qiymətləndirdiyini diqqətə çatdırdı.

Azərbaycanın strateji coğrafi mövqeyini vurğualayan Parlament Senatının prezideni ölkəmizin orta güc kimi artan roluna diqqət çəkdi.

“Malaziyanın hər zaman Azərbaycanla yaxın münasibətləri olub. Hər iki xalq qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər üzərində sıx şəkildə çalışır,”-deyə o bildirib.

O, həmçinin iki dövlətin beynəlxalq platformalardakı fəal əməkdaşlığına da diqqət çəkib.

Sonda, Malayziyadan olan nümayəndə heyətinə Azərbaycanın tarixi, cari regional vəziyyət, enerji və nəqliyyat layihələri barədə qısa təqdimat göstərilib.

Müzakirələr beynəlxalq dinamikaların müxtəlif aspektlərini əhatə edən mövzular üzrə fikir mübadilələri ilə davam etdirilib.

https://aircenter.az/az/post/bmtm-de-malayziya-parlamentinin-numayende-heyeti-ile-gorus-kecirilib-1447