“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, politoloq Nazim Cəfərsoyun “Yeni Sabah”a müsahibəsi:
– Martın 31-də Türkiyədə keçirilməsi gözlənilən bələdiyyə seçkilərində kimin qalib olması daha realdır? İstanbulu fəth edən adam, sizcə, kim olacaq?
– “Fəth” ifadəsinin işlənməsini düzgün hesab etmirəm, lakin Türkiyədə parlament seçkilərində dəqiq kimin qalib gələcəyini söyləmək doğru olmaz. Çünki hazırda İstanbul üçün açıqlanan namizədlərin fonunda 4 nəfərin adı səslənir: hakim AKP-nin namizədi Murat Kurum, CHP-nin namizədi və mövcud bələdiyyə başqanı Ekrem İmamoğlu, İYİ Partiyanın nümayəndəsi Buğra Kavuncu, SAADET nümayəndəsi Birol Aydın və “Zafer” Partiyasından Azmi Karamahmutoğlu.
2019-cu ildə keçirilən bələdiyyə seçkilərində səslər 2 blok halında formalaşmışdı: “Cümhur İttifaqı” və “Millət İttifaqı”. Onlarına aralarındakı fərq isə ilk turda çox simvolik idi. İstanbul kimi 20 milyonluq bir şəhərdə 13 min səs çox xırda bir rəqəmi ifadə edir və mübarizənin gərginliyini ortaya qoyurdu.
İkinci turdan sonrakı təkrar seçimdə səs fərqi 800 min oldu.
İndiki seçkilərdə isə çox böyük dəyişiklik prosesi özünü büruzə verəcək. Murat Kurum MHP və hakim AKP-nin ümumi namizədi olsa da, əvvəlki namizəd Binali Yıldırımdan daha zəif bir fiqurdur. “Zafer”dən Azmi Karamahmutoğlu var ki, o da milliyyətçi çevrələrdə çox hörmətli bir şəxs sayılır. Ovaxtkı seçkilərdə “Zafer” olmasa da, indiki seçimlərdə onun 2,5%-in üstündə səslərinin olacağı bildirilir. Hətta bu səsin 5-6%-ə qədər artması da gözlənilir.
Qısası, MHP-dən səs almaq gücünə malik sadəcə 1 nəfər var.
– Yəni milliyyətçi kəsiminin əsas söz sahibi olacağını iddia edirsiniz…
– Qismən, bəli. Digər tərəfdən, İYİ Partiya prezident seçkilərindən sonra milliyyətçi xəttə doğru transfer oldu. O, parlament seçkilərində İstanbul üzrə 8,3% səsi var. İndi onlar bələdiyyə seçkilərində nə qədər səslərini artıra biləcək, bu məsələ də maraqlıdır. İstanbul merliyinə balanslar o qədər həssasdır ki, “Zafer”lə İYİ-in səsləri 1-2% belə olsa, vəziyyəti dəyişə bilər.
Üstəlik, nəzərə almaq lazımdır ki, İYİ 2019-cu ildə Ekrem İmamoğluna dəstək verib digər partiyalarla bərabər ortaq namizədi tapmışdılar. İndi isə İYİP öz namizədini meydana çıxarır və bu da avtomatik şəkildə Ekrem İmamoğlunun şansını azaldan bir amildir. Çünki səslərin bir hissəsi labüd olaraq İYİP-in öz namizədi olan Buğra Kavuncuya gedəcək. Həmçinin, İYİP-in seçicilərinin önəmli bir hissəsi də milliyyətçi gənclərdir ki, ola bilsin, onların səsi “Zafer”ə transfer olsun.
Burada Ekrem İmamoğlunun vəziyyəti də özündə ciddi məqamları özündə ehtiva edir. Çünki Ekrem İmamoğlu 5 il İstanbula rəhbərlik etdi və tərəfsiz analitiklərin müşahidələrinə görə Ekrem İmamoğlu bu 5 ildə ciddi və uğurlu potensialı özündə cəmləşdirə bilmədi. Yəni o, son 5 ildə uğurlu bələdiyyə sədrliyi nümunəsi ortaya qoymayıb.
Beləliklə, onun indiki potensial gücü hazırda yetərli sayılmır. O cümlədən Ekrem İmamoğlunun İstanbulda seçilə bilməsi üçün PKK-nın siyasi qanadı sayılan DEM-lə əməkdaşlığı ortaya çıxdı. Bununla bağlı proseslər isə həm CHP, həm İYİP, həm də ortada qalan seçicilərdə İmamoğluya qarşı neqativ enerjini artıran bir məqamdır. Çünki DEM-in PKK-nın siyasi qanadı olduğu bilinir, Türkiyədə bu məsələyə dair həssaslıqlar var və bu da İmamoğlunun əleyhinə işləyən məqamlardan biridir.
– İddialar var ki, DEM ilə CHP arasında hər hansı bir gizli sövdələşmə qurulub…
– Bu barədə məlumatlar yayılıb. Hətta son dövrlər belə bir məlumat da çıxıb ki, DEM HDP sədri Selahettin Demirtaşın həyat yoldaşı Başak Demirtaşı namizəd olaraq seçəcək. Hələ ki bu barədə fikirlər səslənsə də, CHP ilə DEM arasında danışıqlar gedir. Əgər sövdələşmə baş tutmasa, bu dəfə İmamoğlunun seçilmə şansı həddindən artıq zəifləyəcək.
Sonuncu məqam isə ondan ibarətdir ki, İstanbul kənar bölgələrdən köç alan bir coğrafiyadır. Ona görə də burada 2 məqam mühüm əhəmiyyət kəsb edir: bunlardan birincisi, İstanbula gələn ən böyük köçün Qara dəniz bölgəsindən – Trabzondan olmasıdır. Yəni trabzonlular gəlib İstanbula yerləşiblər. Onlar İstanbulda sayca çoxdurlar, təşkilatlanmağı bacarırlar və maddi gücləri daha yaxşıdır. Burada İmamoğlunun ən böyük şansı trabzonlu olmasıdır. Lakin bu seçkilərdə Trabzondan 3 nəfər daha namizəd var. Ekrem İmamoğlu, Murat Kurum və Azmi Karamahmutoğlu. Trabzonlu elektorat da proseslərə daxil olacaq ki, burada da səslərin bölünməsi qeydə alınacaq.
Başqa bir məqam isə budur ki, seçkilərdən əvvəl xaricilərə vətəndaşlıq verilməsi aktual idi və bu qərara əsasən, mülk alan xaricilərə vətəndaşlıq verilir. Xüsusən də ərəblər İstanbuldan mal-mülk alanda onların vətəndaşlığı gəlib İstanbula düşür. Belə olan halda onların da daha çox hakim partiyaya səs verə biləcəyi düşünülür. Yəni hazırda bugünkü 5 namizədlə seçki kampaniyası yetərincə rəngarəng və gərgindir. Tərəflər arasındakı balanslar çox həssas olduğu üçün indidən birmənalı kimin seçiləcəyini söyləmək çətindir. Üstəlik, DEM-in namizəd çıxarıb-çıxarmayacağı da sual altındadır. Doğrudur, iddialara görə, DEM-in İmamoğluna dəstək veriləcəyi gözlənilir, amma bu məsələ hələlik tam dəqiqləşməyib. Bunun isə İmamoğlunun lehinə, yoxsa əleyhinə olacağı da bilinmir. Çünki Qara dəniz bölgəsindən olanlar milliyyətçidirlər və belə olan halda onların İmamoğluna bu halda səs verməməsi labüddür. Məncə, bu seçkilərdə müəyyən sürprizlər də ola bilər.