Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu-2025” konfransında Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməyəcəyi təqdirdə, ölkə Konstitusiyasına dəyişiklik təşəbbüsünü şəxsən öz üzərinə götürəcəyini deyib. Əvvəla, bu bəyanat ilk baxışda sülhə can atan, siyasi məsuliyyət daşıyan lider obrazını yaratmağa hesablanmış olsa da, dərin təhlil onun əsl niyyətlərinə dair ciddi suallar doğurur. Heç şübhəsiz ki, Nikol Paşinyan “şəxsi təşəbbüs” arqumentini vurğulayaraq, guya ölkə daxilindəki siyasi-hüquqi baryerləri aşmağa hazır olduğunu göstərməyə çalışır. Lakin bu ritorikanın arxasında gizlənən məqamlar daha dərindir. Əgər doğrudan da sülh müqaviləsi Ermənistan üçün həyati əhəmiyyət kəsb edirsə, bu cür fundamental dəyişikliklər niyə məhz Konstitusiya Məhkəməsinin mümkün mənfi qərarından sonra gündəmə gəlməlidir? Paşinyanın yanaşması daha çox məsuliyyətdən yayınmaq və qərarın ağır nəticələrini hüquqi institutların üzərinə yükləmək cəhdinə bənzəyir.
Əslində, onun çıxışı sanki öncədən planlaşdırılmış “qaçış strategiyası”dır. Belə ki, müqavilə rədd ediləcəyi təqdirdə Paşinyan ictimaiyyətə “mən cəhd etdim, lakin məhkəmə imkan vermədi” arqumenti ilə müraciət edəcək. Bu, həm daxili müxalifətə, həm də beynəlxalq ictimaiyyətə qarşı siyasi alibi yaratmaq məqsədi güdür.
Paşinyanın sülh çağırışlarının səmimiliyini şübhə altına salan digər əsas məqam onun daxili siyasətdə və çıxışlarında tez-tez revanşist ritorikaya yol verməsidir. Ermənistan cəmiyyətində Azərbaycanla barışığın əleyhinə olan dairələrə, xüsusilə radikal müxalifətə qarşı real ideoloji mübarizə aparmaq əvəzinə Paşinyan vaxtaşırı onların dili ilə danışır, siyasi tarazlığı qorumaq naminə ikili ritorikadan istifadə edir. Halbuki sülh istəyən lider ilk növbədə öz ictimaiyyətini bu istiqamətdə hazırlamalı, diplomatik sabitliyi gücləndirən addımlar atmalı, cəmiyyətin psixoloji müqavimətini tədricən yumşaltmalıdır. Əksinə, Paşinyan hökuməti son aylarda sərhəd məsələlərində süründürməçilik nümayiş etdirir, bəzi hallarda isə yeni təxribat ritorikasına şərait yaradır.
Paşinyanın “Konstitusiyanı dəyişməyə hazıram” bəyanatı, əslində, onun həm daxili ictimai rəyi, həm də beynəlxalq dairələri eyni vaxtda manipulyasiya etmək cəhdinin tərkib hissəsidir. Ermənistanda Konstitusiyanın dəyişdirilməsi sadə prosedur deyil və geniş ictimai müzakirə, parlament çoxluğu və referendum tələb edir. Paşinyan isə bu mürəkkəb prosesi sadəlövhcə “şəxsi təşəbbüs” adlandıraraq məsələni dramatikləşdirir və özünü “sülhün yeganə müdafiəçisi” kimi təqdim edir. Bu yanaşma bir tərəfdən beynəlxalq ictimaiyyətin, xüsusilə də Qərbin dəstəyini saxlamaq, digər tərəfdən isə daxili siyasi məsuliyyətdən yayınmaq məqsədi güdür. Paşinyan bilir ki, Konstitusiya dəyişiklikləri uğursuz olarsa, o, bütün məsuliyyəti ictimai iradəyə və hüquqi prosedurlara yükləyərək siyasi mövqeyini qoruyacaq.
Əgər doğrudan da Paşinyan sülh müqaviləsinə səmimi şəkildə tərəfdarıdırsa bu sənədin imzalanması üçün hüquqi prosedurlar çoxdan başlamalı idi. Ermənistan cəmiyyətində də bu istiqamətdə maarifləndirici işlər görülməli, müqavilənin iqtisadi, siyasi və humanitar üstünlükləri geniş ictimaiyyətə təqdim edilməli idi. Lakin əvəzində nə müşahidə edirik? Prosesin ləngiməsi, hüquqi manelərin qabardılması, ikibaşlı ritorikaların davam etməsi və danışıqlarda qeyri-müəyyənliyin artırılması. Bu isə onu göstərir ki, Paşinyan hökuməti ya sülh müqaviləsinin nəticələrinə hazır deyil, ya da bu prosesi daha geniş geosiyasi kontekstdə Qərbin, Rusiyanın və İranın təsir dairələri çərçivəsində alver predmeti kimi saxlayır. Bu isə Ermənistan üçün daha təhlükəli nəticələrə gətirib çıxara bilər.
Beləliklə, Nikol Paşinyanın son bəyanatı daha çox siyasi kosmetikaya bənzəyir. O, həm beynəlxalq ictimaiyyətə “mən istədim, amma sistem imkan vermədi” mesajını ötürür, həm də daxildə hüquqi institutları önə verərək məsuliyyətdən yayınmağa çalışır. Əgər Paşinyan doğrudan da sülhə nail olmaq istəyirsə, ilk növbədə sözlərini ardıcıl və cəsarətli addımlarla təsdiqləməlidir. Əks təqdirdə, bu cür bəyanatlar sadəcə gündəmlik manipulyasiya və populist siyasətin davamı kimi yadda qalacaq. Ermənistan isə sülh fürsətini yenə də itirmək riski ilə üzləşəcək.