İSLAMAFOBİYA BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK SİSTEMİNƏ CİDDİ TƏHDİDDİR

Dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda milli-dini zəmində gərginliklərin artması, ksenofobiya, islamofobiya kimi ifrat dözümsüzlük təzahürlərinin geniş vüsət alması müsəlman ölkələri arasında sıx əməkdaşlığın zəruriliyini ön plana çıxarır. Bu neqativ tendensiyalar beynəlxalq təhlükəsizlik mühitini zədələməklə yanaşı, fərqli sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı da ciddi şəkildə sarsıdır.

Rəsmi Bakı hazırda təzahürlərinə geniş rast gəlinən islamofobiyanın yalnız müsəlman ölkələrinin problemi olmadığını, bütövlükdə beynəlxalq təhlükəsizlik arxitekturası üçün ciddi risk daşıdığını bəyan edir. Bu yanaşma universal dəyərlərə söykənir və ölkəmizin qeyd edilən istiqamətdəki təşəbbüskar mövqeyi islamofobiya ilə mübarizəni beynəlxalq gündəliyin daimi, legitim tərkib hissəsinə çevirməyə yönəlib. Belə şəraitdə İslam ölkələrinin yalnız dini-mənəvi həmrəylik əsasında deyil, həm də siyasi, iqtisadi və strateji maraqlar naminə birgə fəaliyyətinin təşkili obyektiv zərurət kimi meydana çıxıb. Oxşar çağırışlarla üz-üzə qalan bu ölkələrin qlobal təhdidlərə qarşı birgə müqavimətinin təşkili, xüsusilə dünyada qabarıq duyulan islamafobiya ilə mübarizəsi xüsusilə aktualdır.

Azərbaycanda son illərdə təşkil etdiyi qlobal tədbirlərlə sivilaziyalararası həmrəyliyin təşəbbüskarına çevrilib. Qərblə Şərqin kəsişdiyi məkanda yerləşən ölkəmizin mədəniyyətlərarası dialoqda əlaqələndirici missiyasını uğurla realaşdırması hazırda dünyada açıq etiraf edilir. Bu yanaşma ölkəmizin həm İslam dünyasında, həm də beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirir.

İslam dəyərləri ilə yanaşı, digər dinlərin daşıyıcılarına da dözümlü münasibət ölkədə real tolerantlıq modelinin mövcudluğunu təsdiq edir. Ölkəmizdə təşkil edilən müxtəlif dini və mədəniyyətlərarası forumlar, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsindəki çağırışlar rəsmi Bakının ardıcıl şəkildə dinlərarası birliyə və həmrəyliyinə töhfə verməyə çalışdığını sübut edir. 2008-ci ildə Bakıda təsis edilən, sonralar beynəlxalq status qazanmış “Bakı Prosesi” çərçivəsində dini və mədəniyyətlərarası dialoqun təşviqi, 2017-ci ilin ölkədə “İslam həmrəyliyi ili” elan edilməsi, dünya dini liderlərinin sammitlərinin təşkili bu baxımdan xüsusi qeyd olunmalıdır.

Mayın 26-da Bakıda keçirilən “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans da elmi müzakirələrin aparıldığı və dünyaya mühüm mesajların verildiyi intellektual platforma kimi tarixiləşib. Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətində yer alan fikirlər Azərbaycanın islamafobiya problemini obyektiv təhlil edən, buna qarşı ciddi mübarizə aparan ölkə olduğunu bir daha təsdiqləyib: “Vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiya bir növ dövlət siyasətinə çevrilmişdir. Bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır”.

Dünyaya “demokratiya dərsi” verməyə çalışan, sivil dəyərlərdən dəm vuran bir sıra Qərb dövlətlərinin başqa dinlərə və konfessiyalara qarşı dözümsüz münasibətinin neqativ təsirləri son onilliklərdə daha qabarıq görünür. Dövlət başçısının sözügedən müraciətində vurğulandığı kimi, Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs Qurani-Kərimin yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər qeyri-insani hərəkətlər müsəlmanların hisslərini təhqir etməyə yönəlmiş hadisələr sırasındadır.

Bakıda keçirilən konfrans islamofobiyanın yalnız dini-mədəni səviyyədə deyil, hüquqi, sosial və siyasi müstəvidə də təhlili zərurətini önə çıxarıb. Müzakirələr zamanı xüsusi vurğulanıb ki, bəzi Avropa ölkələrində müsəlmanların dini etiqad azadlığı ciddi şəkildə məhdudlaşdırılır, hicab və digər dini simvollar qadağan edilir, İslam dini ziyarətgahlarına hücumlar artır.

Təcrübə göstərir ki, dünyada işğalçılıq məqsədi güdən müharibə və hərbi əməliyyatlar milli-dini zəmində qarşıdurmalara, ksenofobiyaya zəmin yaradır. Bunun əyani təzahürünü Ermənistanın 30 illik işğalçılıq siyasətinin fəsadları – azad edilmiş ərazilərimizdəki dağıntılar fonunda aydın görmək mümkündür. İşğal dövründə bəşəri əhəmiyyətə malik çoxəsrlik tarixi-mədəni abidələrimizin, o cümlədən İslam dininə aid abidələrin, ziyarətgahların, məscidlərin, məzarlıqların dağıdılması, mədəni irs obyektlərinin qarət edilməsi, təyinatının dəyişdirilməsi, xristian abidələrinin saxtalaşdırılması Azərbaycaycanın islamafobiyadan əziyyət çəkən ölkələr arasında olduğunu təsdiq edir.

Bu gün Ermənistan ərazisində azərbaycanlılara aid zəngin maddi-mənəvi irsi şüurlu və planlı şəkildə tamamilə məhv etmək, saxtalaşdırmaq, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək istiqamətində işlər aparılır, YUNESKO və digər aidiyyəti beynəlxalq təşkilatların bu vandalizmə seyrçi, laqeyd münasibətinin, ümumilikdə işğal faktına uzun illər göz yumulmasının mahiyyətində də məhz islamafobiya, dini-etnik zəmində ayrı-seçkilik siyasəti dayanıb.

Konfransda qəbul edilmiş yekun sənəd islamofobiyanın yalnız Şərq-Qərb münasibətləri müstəvisində deyil, həm də ümumbəşəri təhlükə kimi tanınmasını önə çəkir. Sənəddə Fransa başda olmaqla, bəzi ölkələrin İslam mədəniyyətinə qarşı nümayiş etdirdiyi ayrı-seçkilik nümunələri konkret hallarla göstərilir.

Ümumiyyətlə, Azərbaycan bu kimi tədbirlər təşkil etməklə, İslam dünyasının narahatlıqlarını və haqlı tələblərini Qərbə çatdırmaq üçün platformalar yaradır. Diplomatik baxımdan son dərəcə əhəmiyyətli olan bu addımlar daxili və xarici siyasətin tərkib hissəsi olmaqla yanaşı, ölkəmizin beynəlxalq imicinin yüksəlməsində də mühüm rol oynayır.