Tramp tarif siyasətini korrektə edəcəkmi?

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinə tətbiq edilən tariflərdə istənilən azalma onun liderlərinin hərəkətlərindən asılı olacaq. O, çərşənbə günü Oval Ofisdə çıxış edərkən, “tariflərin nə qədər tez enə biləcəyi Çindən asılıdır” deyib. Ağ Ev sahibi əlavə edib ki, o, yaxın iki-üç həftə ərzində Çinə qarşı son tarif rəqəmini müəyyən edəcək və buna uyğun saziş imzalayacaq. Bu həftənin əvvəlində o, Çin idxalına olan 145 faizlik tarifini əhəmiyyətli dərəcədə azaldacağına işarə etsə də, konkret rəqəm açıqlamayıb. Hələlik, ABŞ Çinə 145 faiz idxal vergisi, Çin isə ABŞ mallarına 125 faiz rüsum tətbiq edib. Pekin bildirib ki, Tramp administrasiyası ticarət tərəfdaşını təhqir etmək və şantaj etmək cəhdlərini dayandırmalıdır. Çin rəsmiləri ABŞ-ın tariflərinin “əsas iqtisadi qanunlara və sağlam düşüncəyə” zidd olduğunu bildiriblər. Ağ Ev Çin idxalında əhəmiyyətli dərəcə endirimini müzakirə etməyə açıq olduğunu bəyan etsə də, bu məsələdə irəliləyiş yoxdur.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ABŞ və Çin arasında yüksək tariflər davamlı deyil. Maraqlıdır ki, Donald Tramp Çin lideri Si Cinpinlə daima əlaqədə olduğunu bildirib. Tramp hər dəfəsində “biz Çinlə ədalətli razılaşma əldə edəcəyik” fikrini səsləndirir. Buna baxmayaraq, iki ölkə arasında əldə olunacaq razılaşma ilə əlaqədar çox az aydınlıq var. Skott Bessent, ABŞ Prezidentinin bu ilin üçüncü rübündə tariflərinin son səviyyəsinə aydınlıq gətirmək üçün “məqbul hesablama” apardığını söyləyib. Hələliksə, polad, alüminium və avtomobillərə daha yüksək rüsumlar qüvvədədir. ABŞ Prezidenti eyni zamanda onlarla ölkəyə qarşı iyulun 9-dək ünvanlı tariflərin tətbiqini dayandırıb. Çünki, Trampın tarif siyasəti maliyyə bazarlarını sarsıdıb və dünya iqtisadiyyatında tənəzzül qorxusunu artırıb. Beynəlxalq Valyuta Fondu tariflərin artırılmasının dünyada borc yükünü artıracağını bəyan edib. Misal üçün aprel ayında  ABŞ-da biznes fəaliyyəti aprel ayında 16 ayın ən aşağı səviyyəsinə enib, mal və xidmətlərin qiymətlər isə yüksəlib. Bu arada, ABŞ daxilində gərginlik artıb. ABŞ-ın müxtəlif ştatları Tramp administrasiyasını məhkəmə ilə hədələyirlər. Onlarla ştat ABŞ-ın Nyu Yorkdakı Beynəlxalq Ticarət Məhkəməsində Tramp administrasiyasını ABŞ iqtisadiyyatına xaos gətirdiyini bildirərək tarif siyasətini dayandırmaq üçün məhkəməyə müraciət ediblər. Arizona ştatının baş prokuroru Kris Mayes isə daha sərt açıqlama verərək Donald Trumpın tarif sxemini “dəlilik” adlandırıb.