Strateji əlaqələrin gücləndirilməsi: Regional bağlılıq və davamlı inkişaf üçün Azərbaycan-Çin əməkdaşlığı

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı dostluq münasibətləri 1990-cı illərin əvvəllərinə, 27 dekabr 1991-ci ildə Çin tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına qədər uzanır. Diplomatik əlaqələr 2 aprel 1992-ci ildə qurulub. O zamandan bəri, Azərbaycan və Çin bir-birinin ərazi bütövlüyü və suverenliyini ardıcıl şəkildə dəstəkləyərək hər iki tərəf üçün yüksək həssaslıq təşkil edən bu məsələdə qarşılıqlı dəstəyini davam etdirmişdir. Bu baxımdan, Azərbaycan, “Tayvanın müstəqilliyi” məsələsinə qarşı sərt müxalifətini ifadə etmiş və Çin hökumətinin milli birliyə nail olmaq istiqamətindəki səylərini dəstəkləmişdir. Bunun müqabilində, Çin Azərbaycanın sülhə yönəlik siyasətini dəstəkləyib və geosiyasi qarşıdurmalara əsaslanan oyunların faydasız olduğunu bildirib.

Bu ikitərəfli münasibətlərin təməli Azərbaycanın mərhum Prezidenti və ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə etdiyi ilk yüksək səviyyəli rəsmi səfərlə möhkəmləndirilib. Onun varisi, Prezident İlham Əliyev isə 2005, 2015 və 2025-ci illərdə Çinə rəsmi səfərlər edib. Hər səfər öz növbəsində iki ölkə arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə verib. 2016-cı ildə Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusunu əldə etmiş və bu, ölkənin həm regional, həm də beynəlxalq aləmdəki fəallığını daha da artırmışdır. 2024-cü ilin Astanada keçirilən ŞƏT Dövlət Başçıları Şurasının 24-cü toplantısında Azərbaycan və Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırdılar. Bu da qarşılıqlı hörmət, bərabər etimad və ortaq hədəflərə əsaslanır. Həmin razılaşma, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə, qlobal məsələlərdə daha sıx koordinasiyanın təmin edilməsinə, sülh, sabitlik və inkişafın təşviqinə yönəlik birgə səylərin möhkəmləndirilməsinə təkan verdi.

Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə etdiyi sonuncu səfər əməkdaşlıq üçün yeni imkanların açılmasına zəmin yaradıb. 23 aprel tarixində Pekində Prezident İlham Əliyev və Prezident Si Cinpin arasında geniş formatda görüş keçirilib. Bu səfər çərçivəsində “Bir Kəmər, Bir Yol” təşəbbüsü, ədliyyə, yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət hüquqları və kosmos sahələrində 20 mühüm əməkdaşlıq sənədi imzalandı. Həmçinin, adi pasport sahiblərinin qarşılıqlı olaraq viza tələblərindən azad edilməsini nəzərdə tutan mühüm bir razılaşma imzalandı ki, bunun da turizmin və insanlar arasında əlaqələrin əhəmiyyətli dərəcədə artmasına səbəb olacağı gözlənilir. Hər iki lider Astanada əldə edilən strateji tərəfdaşlıq razılaşmasına bağlılıqlarını bir daha təsdiqlədi və beynəlxalq təşkilatlar, xüsusən də BMT və ŞƏT çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı.

*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.eureporter.co/azerbaijan/2025/04/25/boosting-strategic-ties-azerbaijan-china-co-operation-for-regional-connectivity-and-sustainable-development/