ORTA DƏHLİZ AZƏRBAYCANIN BEYNƏLXALQ İQTİSADİ ƏLAQƏLƏRİNDƏ MÜHÜM AMİLƏ ÇEVRİLİB

Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında ikitərəfli əlaqələrin dinamik inkişafında nəqliyyat məsələləri xüsusi yer tutur, ölkələrimiz qarşılıqlı olaraq yükdaşımaların həcminin artırılması üçün mövcud potensialdan səmərəli şəkildə bəhrələnməyə çalışırlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər sırasında nəqliyyat kommunikasiya, tranzit sahələrində əməkdaşlıq xüsusi yer tutur.
Səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı”nı, eləcə də “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş” ölkələrimizin bu sahədə əməkdaşlığının dərinləşməsinə yeni imkanlar açır. Yeri gəlmişkən, hələ 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” də qeyd edilən sahələrdə əlaqələrin genişləndirilməsini nəzərdə tutur.
Ümumiyyətlə, son illərin yeni geosiyasi arxitekturası fonunda Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqaz regionlarının iştirakı ilə rentabelli nəqliyyat və kommunikasiya zəncirinin yaradılması təşəbbüsləri beynəlxalq arenada maraqla qarşılanır. Bu kontekstdə Mərkəzi Asiyadan keçən, Çini Avropa ilə birləşdirən Transxəzər Nəqliyyat Dəhlizinin – Orta Dəhlizin əhəmiyyəti xüsusilə artıb. Rusiya-Ukrayna müharibəsinin uzanması, eləcə də son 1 ildə qanunsuz husi silahlı dəstələrinin Qırmızı dənizdə yük daşıyan gəmilərə hücumlarının artması nəticəsində Süveyş kanalı vasitəsilə yükdaşımaların həcmi 55 faiz azalıb, qlobal ticarət yollarında böhran yaranıb. Bir sıra gəmiçilik şirkətləri təhlükəsizlik baxımından Qırmızı dənizlə daşımaları müvəqqəti dayandırmaq qərarına gəliblər. Asiyadan, xüsusən də Çindən Avropaya nəqliyyat dəhlizləri ilə istehlak edilən məhsulların tədarük zəncirlərinin pozulması xərclərin artmasına səbəb olub.
Hazırda Şimal dəhlizi də praktiki olaraq iflic vəziyyətində olduğundan, Orta Dəhlizin dünya üçün tranzit əhəmiyyəti müstəsnalıq təşkil edir. Avropa İttifaqı, Çin və Cənub-Şərqi Asiya ölkələri bu dəhlizi həm vaxt, həm də bazar və təhlükəsizlik baxımından optimal marşrut hesab edilər. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Bakı limanı vasitəsilə yüklərin daşınmasını əhatə edən Orta Dəhlizin genişləndirilməsi istiqamətində reallaşdırılan layihələr də xüsusi diqqət mərkəzindədir. 2017-ci ildə istifadəyə verilmiş BTQ dəmir yolu hazırda Şərqlə Qərbi qovuşduran Orta Dəhliz layihəsinin vacib elementi, əsas nəqliyyat arteriyasıdır. İllik yükötürmə qabiliyyəti 5 milyon tona hesablanan bu dəmir yolu xətti Orta Dəhlizin inkişafına əhəmiyyətli təsir göstərir, regionun logistik xəritəsini dəyişir.
Ekspertlərin fikrincə, Azərbaycanın reallaşdırdığı Zəngəzur dəhlizi də Orta Dəhlizin tranzit marşrutlarını şaxələndirəcək, Çin və Mərkəzi Asiyadan Avropaya yüklərin çatdırılma müddətinin azalmasına, Xəzər dənizindən keçdikdən sonra multimodal daşıma ehtiyacının aradan qalxmasına imkan yaradacaq. Layihənin Horadizdən Ağbəndə qədər olan hissəsinin 60 faizdən çoxu tamamlanıb. Layihələndirmə işləri başa çatdıqdan sonra İran İslam Respublikası ərazisindən keçəcək hissənin tikintisinə başlanılacaq. Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton əlavə yükün daşınmasına imkan verəcək. Azərbaycan təkcə Orta Dəhlizi genişləndirmir, həm də İran üzərindən Bakı-Naxçıvan-Qars dəmir yolu xəttinin çəkilməsi planı üzərində çalışır və bu da ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Ötən il keçirilən Balkan və Qara Dəniz Forumunda Çin və Avropa İttifaqı geosiyasi problemləri həll etmək, təchizat zəncirinin təhlükəsizliyini yaxşılaşdırmaq üçün Orta Dəhlizin inkişafında maraqlı olduqlarını bəyan ediblər. Avropa və beynəlxalq maliyyə qurumları isə Mərkəzi Asiya regionunda nəqliyyat kommunikasiyalarının, ilk növbədə Orta Dəhlizin inkişafına 10 milyard avro ayırmağa hazır olduqlarını bəyan ediblər.
Çin mənşəli malların Orta Dəhliz vasitəsilə Avropa və Asiya bazarlarına daşınması regionlar arasında iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişafı, xərclərin optimallaşdırılması, nəqliyyatın səmərəliliyinin artırılması, nəqliyyatın səmərəliliyinin yüksəldilməsi baxımından səmərəli nəticələr verir. Dəhlizin səmərəliliyinin, konteyner qatarlarının sayının artırılması üçün optimallaşdırılmış tarif siyasəti və gömrük güzəştləri tətbiq edilib. 2024-cü ilin mart ayında ÇXR-in Sian limanından ilk konteyner qatarı Bakıya cəmi 11 günə çatıb. Rəsmi statistikaya əsasən, Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub və bu 2023-cü illə müqayisədə 86 faiz çoxdur.
Otra Dəhlizin inkişafına təkan verəcək digər mühüm layihə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttidir. Bu layihə Mərkəzi Asiya və onun hüdudlarından kənara yeni logistik marşrutlar açmağı vəd edir, Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan kimi ölkələri qlobal bazarlarla əlaqələndirir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan regionda davamlı inkişaf və qlobal inteqrasiyaya imkan verən nəqliyyat-logistika layihələrinin reallaşdırılmasının əsas təşəbbüskarlarından biridir. Bu və digər layihələr regionun, bütövlükdə, Avrasiya məkanının nəqliyyat xəritəsini dəyişdirir və logistika infrastruktunun inkişafına müsbət təsirini göstərir. Eyni zamanda, rəsmi Pekin Orta Dəhliz layihəsini Avrasiya, o cümlədən Avropa ölkələri ilə ticarət marşrutlarının şaxələndirilməsi üçün uzunmüddətli strateji alternativ kimi nəzərdən keçirir, rəsmi Bakının bu layihənin inkişafına xidmət edən təşəbbüslərini dəstəkləyir.