Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu arasında 2022-ci ilin mayında imzalanan Anlaşma Memorandumuna əsasən, hər il keçirilən ekspert şurasının iclasları iki ölkənin mütəxəssislərini bir araya gətirir, akademik fikir mübadiləsi üçün əlverişli imkan yaradır.
Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev ekspertlər səviyyəsində müntəzəm görüşlərin, akademik mənbələrin formalaşdırılması istiqamətindəki birgə işin əhəmiyyətini vurğuladı. BMTM sədri ekspert şuralarının iclaslarını gələcəkdə Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələrinin iştirakı ilə birgə keçirilməsinin mümkünlüyü qeyd etdi.
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alim Bayel ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin vacibliyini vurğuladı.
COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişə toxunan diplomat bu layihələrin regionla yanaşı, qlobal səviyyədə də mühüm töhfələr verəcəyini bildirdi.
Alim Bayel cari ilin martında Bakıda ilk dəfə keçirilən Qazaxıstan universitetlərinin təhsil sərgisində 23 universitetin təmsil olunduğunu, 1000-ə tələbənin iştirak etdiyini və bu təşəbbüsün akademik səviyyədə əlaqələr üçün əhəmiyyətini qeyd etdi.
Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Qazaxıstanın bir-birinə daim qarşılıqlı dəstək nümayiş etdirdiyini qeyd edən səfir hər iki ölkə üçün türk inteqrasiyasının prioritet istiqamət olduğunu diqqətə çatdırdı.
Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov son illərdə iki ölkə arasında münasibətlərin intensivləşməsi, Azərbaycanın Qazaxıstanın Cənubi Qafqazdakı əsas tərəfdaşı olduğunu və bu tərəfdaşlığın ortaq strateji baxış və qarşılıqlı dəstəyə əsaslandığı bildirdi.
“Bu il biz əlamətdar tarixi-Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyini qeyd edirik. Dövlət başçılarımız, demək olar, hər il görüşür”.
Y. Tukumov Qazaxıstanın hazırda iqtisadiyyatın yenidən qurulması və diversifikasiyası sahəsində mühüm işlər gördüyünü qeyd etdi.
“Nəqliyyat və tranzit dinamikasında əhəmiyyətli artım var. Təkcə son bir ildə Transxəzər marşrutu üzrə daşımaların həcmi 62% və ya 4,5 milyon ton yük artıb. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlinin həcmi 1,4 milyon ton təşkil edib və biz ortamüddətli perspektivdə bu həcmin ildə 2,2 milyon tona çatacağını gözləyirik”,-deyə Y. Tukumov əlavə etdi.
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin müşaviri Rövşən Kazımov ikitərəfli münasibətlərin artan dinamikasının məmnunluq doğurduğunu, Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu qeyd etdi. R. Kazımov beynəlxalq platformalarda ölkələrimizin mövqeyinin üst-üstə düşdüyünü, COP29 çərçivəsində “COP atəşkəsi” və digər təşəbbüslərimizlə bağlı Qazaxıstanın ölkəmizə dəstək nümayiş etdirdiyini diqqətə çatdırdı.
Daha sonra BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı “Qazaxıstan-Azərbaycan: aktual məsələlər və ikitərəfli əməkdaşlığın perspektivləri” sərlövhəli icmalı (https://aircenter.az/uploads/DnMA14IGFxzC.pdf ) təqdim etdi. R. Bayramlı bildirdi ki, Azərbaycan-Qazaxıstan ekspert qrupunun üzvlərinin məqalələrinin əks olunduğu icmal Bakı-Astana əməkdaşlığının siyasi, iqtisadi, humanitar, enerji gündəmindəki aktual məsələləri əhatə edir.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru Talqat Kaliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktorunun müavini Ramin Qəmbərov, Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin Dəniz Limanları İdarəsinin rəisi Jasulan Kerimbayev, İqtisadi Tədqiqatlar İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov, Beynəlxalq Türk Akademiyasının baş eksperti Timur Kozırev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Qlobal İqtisadiyyat və Davamlı İnkişaf Departamentinin baş eksperti Baurjan Umirzakov, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadənin çıxışları dinlənildi.
Qeyd edək ki, Azərbaycan-Qazaxıstan Ekspert Şurasının I iclası 2022-ci ilin avqustun 19-da, ikinci iclas 2023-cü ilin aprelin 7-də, üçüncü iclas isə 2024-cü ilin martın 13-də keçirilib.