Çin son illərdə iqtisadi inkişafındakı uğurlarla dünyanı heyrətləndirməkdədir. Belə ki, Çin 2024-cü il üzrə Ümumi Daxili Məhsulu (ÜDM) 18,5 trilyon ABŞ dolları civarında olmaqla dünyada ABŞ-dən sonra ikinci iqtisadi gücə çevrilməkdədir. Proqnozlara görə, 2029-cu ildə Çinin ÜDM-si təqribən 24,6 trilyon ABŞ dolları dəyərində olacağı gözlənilir. 2024-cü ildə Çin təxminən 3,6 trilyon ABŞ dolları dəyərində mal ixrac etmişdir ki, bu da əvvəlki illə müqayisədə ixrac dəyərinin təxminən 5,9 % artdığını göstərir. Qeyd olunanları nəzərə alaraq, Çin ilə iqtisadi əlaqələrin intensiv inkişaf etdirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
2014-cü ildən etibarən Azərbaycanın Çin ilə ticarət dövriyyəsi əsasən idxal hesabına təqribən 761 milyon ABŞ dolarından 2023-cü ilədək təxminən 3,2 milyard ABŞ dollarına qədər yüksəlmişdir (Bax. Qrafik 1.). İdxalda Rusiyadan sonra 2-ci tərəfdaş ölkədir. Azərbaycana idxal olunan müxtəlif növ məhsulların 20%-i Çinin payına düşür. Azərbaycandan Çinə əsasən reaktiv raketlər üçün kerosin yanacağı, neft koksu və etilen polimerləri (ilkin formada) ixrac edilir.
Qrafik 1.
Çin-Azərbaycan ticarət dövriyyəsi (idxal-ixrac), min ABŞ dolları (2014-2023)
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
İnvestisiya qoyuluşlarına gəldikdə, 1995-2023-cü illərdə Çin Azərbaycana 930,8 milyon ABŞ dolları civarında birbaşa investisiya yatırımı etmişdir. Bunun 754,1 milyon ABŞ dolları neft, 176,7 milyon ABŞ dolları isə qeyri-neft sektoruna yatırılıb. Hazırda, ölkəmizdə təqribən 245 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir.
Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin qarşılıqlı fayda prinsipi əsasında perspektiv inkişafını aşağıdakı kimi qruplaşdırmaq olar:
- Azərbaycanın əlverişli strateji iqtisadi-coğrafi mövqeyi imkan verir ki, Çin öz məhsullarını “Bir kəmər, bir yol” Layhəsi çərçivəsində, həmçinin Şanxay Əməkdaşlıq təşkilatı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşurutu köməyilə Azərbaycandan keçirməklə Avropa bazarlarına çıxarsın. Bu da öz növbəsində Azərbaycanın tranzit gəlirlərinin artmasına gətirib çıxarır. Həmçinin, Azərbaycan Şərq və Qərb ölkələri ilə ticarət imkanlarını genişləndirmək imkanına malik olur.
- “Yaşıl enerji” sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişaf etdirilməsi əhəmiyyətlidir. Bərpa olunan enerji mənbələrinin (su, günəş, külək və digər mənbələr) tikintisində və həmin mənbələrə aid avadanlıqların istehsalında Çin dünyada aparıcı ölkələrdən biridir. Azərbaycanda (xüsusilə də işğaldan azad edilmiş ərazilərdə) bərpa olunan enerji sektorunun inkişafı aktual olduğuna görə bu sahədə Çinlə əməkdaşlıq əhəmiyyətli dərəcədə fayda verə bilər. Çin-Azərbaycan tərəfdaşlığı çərçivəsində bərpa olunan enerji mənbələri üçün avadanlıqların istehsalı üzrə müştərək müəssisələrin yaradılması məqsədəuyğun olardı.
- Çin elektromobillərinə Azərbaycanda və regionda təlabatın artması fonunda onun ehtiyat hissələrinə də tələbat artmaqdadır. Bunu nəzərə alaraq, Çin-Azərbaycan tərəfdaşlığı çərçivəsində Azərbaycanda elektromobillərin ehtiyat hissələrinin istehsalı üzrə birgə müəssisənin yaradılması məqsədəuyğun olardı.
- Çinin rəqəmsal texnologiyada son illərdə əldə etdiyi uğurlardan faydalanmaq üçün bu sahədə əməkdaşlığın gücləndirilməsi Azərbaycanda rəqəmsal texnologiyanın intensiv inkişafına gətirib çıxara bilər.