Azərbaycan–Gürcüstan əlaqələri vacib regional məsələlərdəki ortaq mövqelər vasitəsilə güclənir

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Azərbaycan–Gürcüstan əlaqələri vacib regional məsələlərdəki ortaq mövqelər vasitəsilə güclənir” sərlövhəli məqaləsi Ceymstaun Fondunun Eurasia Daily Monitor nəşrində dərc edilib.

Məqalədə qeyd edilir ki, 2024-cü ilin sonlarından başlayaraq Gürcüstanın Qərb tərəfdaşları, xüsusilə Avropa İttifaqı ilə münasibətlərində yaranmış gərginlik fonunda Tbilisinin xarici siyasətində prioritet istiqamətlər dəyişməyə başladı Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelashvilinin ilk rəsmi xarici səfərini Azərbaycana etməsi və Baş nazir İrakli Kobaxidzenin də analoji addımı atması Bakı-Tbilisi münasibətlərində strateji yaxınlaşmanın gücləndiyini göstərir.

Müəllif bu yaxınlaşma diplomatik jestlərlə məhdudlaşmadığını, Azərbaycan və Gürcüstanın regional məsələlərdə, xüsusilə üçüncü tərəflərin müdaxiləsinin yolverilməzliyi prinsipində ortaq mövqe nümayiş etdirdiyini qeyd edir.

“Hər iki dövlət Cənubi Qafqaz problemlərinin region daxilində həll olunmasının vacibliyini vurğulayır”.

V. Hüseynov məqalədə Azərbaycan və Gürcüstanın regionun əsas enerji və nəqliyyat layihələrində mühüm tərəfdaş kimi çıxış etməsinə də diqqət çəkir. Qeyd edir ki, Transxəzər Orta Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və enerji ixrac marşrutları kimi təşəbbüslər bu əməkdaşlığın əsasını təşkil edir.

Yekunda bildirilir ki, Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda Ermənistanı da əhatə edən üçtərəfli əməkdaşlıq formatı yaratmaq təşəbbüsü, Tbilisidə baş tutan və üç ölkənin xarici işlər nazirliklərinin nümayəndələrinin iştirak etdiyi görüş sözügedən məsələ ilə bağlı ilkin müsbət siqnallar verir.

“Bu, gələcəkdə regiondaxili dialoqun gücləndirilməsi və qarşılıqlı etimadın qurulması baxımından mühüm addım hesab oluna bilər”,-deyə müəlllif əlavə edir.

*Məqalənin ingilis dilində olan mətnini aşağıdakı link vasitəsilə oxuya bilərsiniz:

https://jamestown.org/program/azerbaijan-georgia-ties-strengthened-by-shared-stances-on-key-regional-issues/