ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun 2024-cü il üzrə faəliyyəti

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (“IDD”) builki fəaliyyəti beynəlxalq konfransların təşkilini, aktual məsələlər üzrə analitik yazıların dərcini, milli kadr potensialının inkişafı, peşəkar insan resursunun gücləndirilməsi məqsədilə paytaxt Bakıda və ondan kənarda təlimlərin təşkilini əhatə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumun birgə təşkili İnstitutun builki fəaliyyətində diqqət cəlb edən əsas məqamdır.

Bu ilin digər əlamətdar hadisələrindən biri də İnstitutun komanda üzvlərindən altısının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasındakı fəaliyyətlərinə görə Təşəkkürnamə ilə təltif edilməsidir.

COP29 ili çərçivəsində ətraf mühitin mühafizəsi və ekoloji məsələlərin həlli ilə bağlı mövzuları ön plana çəkən “IDD”, bu istiqamətdə akademik müzakirələr həyata keçirib, özünün “Bakı Diloqları” jurnalında sözügedən sahəni geniş şəkildə əhatə edib.

İl ərzində İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi beynəlxalq səviyyəli tədbirlərdə 50-dən çox ölkəni təmsil edən 200-dən artıq xarici mütəxəssis iştirak edib. Həmçinin bu il ilk dəfə “IDD” tərəfindən ölkə xaricində, Gürcüstanda praktika yönümlü seminar, beynəlxalq vörkşop təşkil edilib.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu növbəti ildə də beynəlxalq əlaqələrini və dünyanın müxtəlif bölgələrini təmsil edən mütəxəssislərlə əməkdaşlığını genişləndirməyi qarşısına məqsəd qoyub.