EUMA-nın tarixi 2022-ci ilin oktyabrında imzalanmış Praqa sazişlərinə gedib çıxır. Missiya cəmi iki ay davam etməli, bu müddət ərzində sülh müqaviləsi imzalanmalı idi. Bu, Azərbaycanla razılaşdırılmış qərar idi. Lakin Praqa görüşündən sonra Fransa prezidenti Qarabağla bağlı qəbuledilməz bəyanatlar verdi. İki həftə sonra isə Paşinyan Soçidə Rusiya prezidentinin “status məsələsi”nin təxirə salınmasını nəzərdə tutan sülh müqaviləsi layihəsini dəstəklədi.
Bu gün EUMA-nın Ermənistanda olması Azərbaycanı qıcıqlandırır, çünki bu missiya Azərbaycana qarşı istifadə olunur. EUMA həm də Rusiyanı qıcıqlandırır, halbuki Ermənistan hökuməti Moskva ilə münasibətlərdən əl çəkmək fikrində deyil.
Hazırda Azərbaycan və Ermənistan arasında faktiki sülh rejimi mövcuddur və bu, EUMA-nın nailiyyəti deyil. De-fakto sülh ikitərəfli danışıqların nəticəsidir və Ermənistandan təhlükə gələrsə, EUMA bu təhlükəni neytrallaşdırmaq məqsədilə gücdən istifadə üçün maneə olmayacaq.
Ermənistan rəhbərliyi de-fakto sülh rejimini qiymətləndirməli və ikitərəfli formatda danışıqları davam etdirməli, hər fürsətdə üçüncü tərəfləri danışıqlar prosesinə dəvət etməməlidir.
Sülh müqaviləsinin bəndlərindən biri sərhədin müəyyən edilməsi prosesindən bəhs edir və Azərbaycan sərhəddə istər silahlı şəxslər, istərsə də “sarı jiletli mülki müşahidəçilər”in olmasına qarşıdır. Məntiq belədir: Danışıqlar masasında üçüncü tərəf yoxdursa, yerdə də olmamalıdır!
Ermənistanın baş naziri bu yanaşmadan istifadə edərək Rusiyanı 2021-ci ildə özünün onlara verdiyi Ermənistan-Azərbaycan şərti sərhədindəki dislokasiya yerlərini tərk etməyə razı salıb. İndi növbə EUMA-dadır!
Paşinyan bu yaxınlarda bəyan edib ki, EUMA nümayəndələri sərhədin artıq delimitasiyası və demarkasiyası edilmiş hissələrində görünməyəcək. Yəni belə çıxır ki, EUMA hələ uzun illər Azərbaycanla sərhəddə olacaq. Ermənistan bu yanaşma ilə sərhədin müəyyənləşdirilməsi üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin effektivliyini şübhə altına alacaq və onu iflic vəziyyətinə salacaq. Çünki belə olduqda Azərbaycan tərəfi də komissiyanın öz işini davam etdirməsi üçün EUMA-nın fəaliyyətinin dayandırılması şərtini irəli sürə bilər.
Halbuki, komissiyanın fəaliyyətinin real nəticələri var: Sərhədçilərin dəbilqəsiz və gülləkeçirməz jiletsiz patrul xidməti apardığı razılaşdırılmış ərazi və Komissiyanın bütün hüquqi prosedurlardan keçmiş Əsasnaməsi…
Gələn ilin fevralında EUMA-nın fəaliyyət müddəti bitir və Ermənistan hələ ki, bu müddətin uzadılması xahişi ilə Aİ-yə müraciət etməyib.
Bununla yanaşı, komissarların yeni tərkibi formalaşandan sonra Aİ-nin özündə də maraqlı proseslər gedir. Belə çıxır ki, Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəliyinin strukturları 2024-cü il üçün ayrılmış büdcəni üstələyib və 2025-ci ildə məhdudiyyətlər gözlənilir.
Yeni Ali Nümayəndə Kaya Kallas Aİ-nin xarici təmsilçiliyini optimallaşdırmaq üçün təkliflər hazırlayıb. Bu gün Aİ-nin 145 ölkədə ofisləri var. Aİ-nin fəaliyyətinin prioritet istiqamətlərdə cəmləşdirilməsi təklif olunur. Gəlin qeyd olunan prioritetləri nəzərdən keçirək və Ermənistanın hansı prioritetlər qrupuna aid olduğuna baxaq:
- Qonşu ölkələr və regionlar (Ermənistan Aİ-nin qonşusudur);
- Aİ-yə daxil olmaq istəyən ölkələr (Ermənistan bu siyahıda yoxdur);
- G20 ölkələri (Ermənistan bu siyahıda yoxdur və olmayacaq);
- Aİ üçün təhdid ola biləcək ölkələr (Ermənistan bu siyahıda yoxdur).
Həmçinin diplomatik nümayəndəliklərin birbaşa Avropa İnvestisiya Bankının ofisləri, mülki müdafiə və humanitar yardım üzrə əməliyyatları həyata keçirən strukturlarla birləşdirilməsi təklif edilir. Bir sözlə, 800-ə qədər işçini ixtisar edəcəklər!
Və bu şərtlər altında Aİ Ermənistanda EUMA-nın müddətini uzatmağa hazırlaşır?! Hansı prioritetlə?! Rusiyaya sanksiyalardan yan keçmək üçün şərait yaradan və Rusiya büdcəsini doldurmaqla məşğul olan ölkədə Aİ niyə missiya saxlamalıdır?!