ERMƏNİSTAN KONSTİTUSİYA MƏHKƏMƏSİNİN ELAN ETDİYİ QƏRARIN MÜƏLLİFİ ABŞ VƏ FRANSADIR

Ermənistan Konstitusiya Məhkəməsi dekabrın 12-də qəbul etdiyi qərarla ölkənin konstitusiyasının preambula hissəsində qonşu ölkələrə qarşı ərazi iddialarının olmadığını təsdiqlədi. Bu qərar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub. Müzakirələrin əsas məqsədi bu qərarın Azərbaycanla sülh quruculuğu prosesinə nə cür təsir edəcəyi ilə bağlıdır. Hətta bu qərarın sülh danışıqlarına nöqtə qoyduğu, çoxdandır dalana dirənən müzakirələrin bundan sonra aktivləşməyəcəyini deyənlər də var. Onların əsas istinad nöqtəsi isə Ermənistan hakimiyyətinin bu addımı əsasən ABŞ və Fransanın təzyiqləri ilə atmasına əsaslanır. Bununla da həm Vaşinqton, həm də Paris bir daha Cənubi Qafqazda sülhün təmin olunmasını istəmədiklərini, Ermənistanla Azərbaycan arasında daimi sülhün əldə edilməsinə çalışmadıqlarını ortaya qoydular. Bu isə özlüyündə rəsmi Bakının ərazi bütövlüyü və regionda sülh quruculuğu prosesi ilə bağlı narahatlıqlarında haqlı olduğunu sübut etmiş oldu.

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, Ermənistan hakimiyyətinin bu qərarı əsasən beynəlxalq təzyiqlər nəticəsində formalaşıb. Xüsusilə, ABŞ və Fransanın bu məsələdəki mövqeyi diqqət çəkir. Hər iki ölkə Ermənistanla Azərbaycan arasında davam edən gərginlik və Qarabağ münaqişəsi fonunda daim aktiv rol oynayıb. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi onlar Ermənistanın işğal siyasətinə haqq qazzandırmağa və bunu legitimləşdirməyə çalışıblar. 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Fransa açıq formada Ermənistanı dəstəkləməyə başlayıb, hazırda ona hərtərəfli hərbi-siyasi dəstək verir. Bir neçə gün bundan əvvəl isə Fransa Prezidenti Emmanuel Makronun Parisdə təmirdən çıxmış Noterdam kilsənin açılışına Ermənistanın baş naziri Nikol Paşinyanı da dəvət etməsi və iki daşın arasında onu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşdürməsi bu dəstəyin bariz nümunələrindən biri idi. Bununla Makron erməni məsələsini Trampa bir daha xatırlatmaq, bir növ Paşinyanı Trampa tapşırmağa çalışırdı.

Lakin əlbəttə ki, məsələlər yalnız şəxsi yox, həm də dövlət maraqlarına əsaslanır. Bu baxımdan ABŞ Azərbaycanla strateji əlaqələrə xələl gətirmək istəməyəcək. Hələ bir müddət əvvəl Ermənistan hakimiyyəti də sülh sazişinə tezliklə nail olunması istiqamətində Vaşinqton adminstrasiyasından təzyiq gördüyünü bəyan etmişdi. Lakin erməni lobbisinin həm Konqresə, həm də adminstrasiyaya təzyiqləri bu dəfə də effektli oldu və ABŞ indi Rusiyanın Cənubi Qafqazda güclənmək imkanlarını məhdudlaşdırmaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunacaq sülh sazişini özünə qarşı təhdid kimi görməyə başlayıb. Ona görə də Ermənistan Konstitusiya Məhkəməsinin qərarının beynəlxalq qüvvələrin, şübhəsiz ki, bu sırada ABŞ da var, qəbul olunması ağlabatan fikirdir. O baxımdan ki, onları Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması qətiyyən maraqlandırmır, onlar sülh danışıqlarının uzadılması, gələcəkdə Ermənistanın xeyrinə hansısa fürsət imkanlarından yararlanmaq məqsədi güdürlər. Ermənistana gəlincə, qeyd etməliyik ki, rəsmi İrəvan bu qərarı verməklə sülh quruculuğu prosesinə ağır zərbə vurdu. Bu qərar göstərdi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etmək fikrində deyil, Azərbaycanla münasibətləri, daha geniş mənada regionu təzyiq altında saxlamaqda davam edəcək. Onu da qeyd edək ki, bu qərar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə olan münasibətində hər hansı fundamental dəyişiklik yaratmayacaq. Bununla belə, regionda davam edən gərginlik və sülh prosesindəki çətinliklər müşahidə ediləcək, yəni bu qərarın müsbət nəticələr verməsi ehtimalı azdır. Əksinə, bu qərar tərəflər arasında etimadsızlıq mühitini bir qədər də artıracaq.