SURİYA BÖHRANI AZƏRBAYCANI FƏAL VASİTƏÇİLİYƏ SÖVQ EDİR

2011-ci ildə başlayan və hələ də davam edən Suriya böhranının aradan qaldırılması indi region dövlətlərinin qarşısında duran ən vacib məsələlərdən biridir. Bir çox hallarda qlobal güclərin maraqlarının toqquşduğu Suriya böhranı ötən dövrdə daha da dərinləşərək bir sıra regional problemlərin də həlli zərurətini yaradıb. Müharibənin ağır nəticələrindən tutmuş humanitar problemlərə qədər ağır fəsadlarla qarşılaşan region dövlətləri indi Suriya böhranına son qoymaqla əslində öz milli təhlükəsizliklərinin təmin olunmasına çalışırlar. Hazırda bu sırada Türkiyə və İsrailin aktiv fəaliyyəti diqqəti cəlb edir.

Lakin məlumdur ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlardan sonra ən pis dövrünü yaşayan Türkiyə-İsrail münasibətləri qarşılıqlı dialoqu və diplomatik təmasları mümkünsüz edib. Bu baxımdan Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə inkişaf etdirilən diplomatik əlaqələrdən istifadə edərək Suriya böhranının aradan qaldırılmasında vasitəçi rolunu oynamaq potensialı yüksək qiymətləndirilməlidir. Bu, həm də onun beynəlxalq nüfuzunu artıran mühüm bir addım kimi diqqəti cəlb edir.

Azərbaycanın vasitəçilik rolu həm tarixi əlaqələri, həm də geosiyasi mövqeyi ilə sıx bağlıdır. Ölkə Şərq və Qərb arasında strateji mövqedə yerləşir və bu, onu regional gərginliklərin həllində potensial vasitəçi edən amillərdən biridir. Digər tərəfdən Ermənistan-Azərbaycan münaqişəsi və rəsmi Bakının münaqişənin həllindəki təcrübəsi nəzərə alınmalıdır. Bununla yanaşı, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə güclü diplomatik əlaqələri onun Suriya böhranında mühüm bir oyunçuya çevrilməsi üçün təkanverici qüvvədir.

Türkiyə və İsrail Suriya böhranı ilə bağlı müxtəlif səbəblərdən fərqli yanaşmalar sərgiləsələr də hər iki ölkə Suriyada baş verənləri diqqətlə izləyir və öz maraqlarını qorumaq üçün müvafiq addımlar atırlar. Türkiyə Suriyada əsasən kürd qruplaşmaları ilə mübarizə aparan ölkə kimi öz təhlükəsizliyini təmin etməyə çalışır. Eyni zamanda, İsrail də Suriyada İranın artan təsirinin qarşısını almaq istəyir və son hadisələr göstərir ki, bu müstəvidə Təl-Əviv bir çox niyyətlərinə nail olub. Lakin əsas məsələ atılacaq addımların Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilməsidir. Diplomatik əlaqələr kəsildiyindən ən etibarlı kanal kimi Azərbaycanın imkanları yüksəlib və bu hər iki tərəfə öz planlarını əlaqələndirmək, ümumi problemləri birgə səylərlə aradan qaldırmaq üçün güclü vasitədir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri regionda sabitliyin təmin edilməsidir. Suriya böhranının regional təhlükəsizliyə təsiri Azərbaycanı bu məsələdə fəal rol oynamağa sövq edib. Eyni zamanda, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə münasibətlərinin güclənməsi, onun Suriyadakı münaqişə ilə əlaqədar təkliflər və həll yolları irəli sürməsində etibarlı bir tərəfdaş olmasına imkan yaradıb. Bununla yanaşı, Azərbaycanın vasitəçilik səyləri, xüsusilə də humanitar məsələlər Suriyadakı qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri gücləndirə bilər. Çox güman ki, qarşıdakı dövrdə Azərbaycanın vasitəçilik səyləri ilə genişmiqyaslı humanitar prosesin şahidi olacağıq. Beynəlxalq qüvvələrin bu prosesdə fəal iştirakı isə vəziyyətin tezliklə normalaşmasına gətirib çıxara bilər.