Bir neçə gün bundan qabaq Polşa Prezidenti Anje Dudanın Ermənistana səfəri çərçivəsində Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətini yerində izləməsi, ən əsası da “binokl şousu”nun tərkib hissəsi olması rəsmi Bakının haqlı etirazı ilə qarşılandı. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni pisləyərək ölkəmizin bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxladığını bəyan edib. Çünki bu hadisə təkcə Polşa-Azərbaycan münasibətlərində deyil, həm də regional təhlükəsizlik mühitinə zərər vuran addım kimi qiymətləndirilir.
Xatırladaq ki, Azərbaycan-Polşa münasibətləri hər zaman yüksək səviyyəsi ilə seçilib. Qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edib. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında 2017-ci il iyunun 27-də Varşavada imzalanmış Birgə Bəyannamə münasibətlərdə yeni mərhələ açıb. Polşa rəsmi səviyyədə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu mənada həm də Ermənistanın işğal faktını qəbul etmiş olub. Lakin Anje Dudanın COP29 sammitində iştirakdan dərhal sonra Ermənistana gedərək belə qeyri-dost aksiyasının tərkib hissəsi olması rəsmi Bakıda çoxlu suallar yaradıb və bu suallara cavab tapılmayana qədər Varşava ilə dialoqda xüsusi çətinliklərin olacağı qaçılmazdır. Vəziyyəti yaradan təbii ki, Azərbaycan deyil. Ona görə də Anje Dudanın Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinə nümayişkaranə maraq göstərərək Azərbaycanla sərhədə getməsi Polşanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə çağıran bəyanatlarını kölgə altına salır. Əgər Polşa Prezidenti müşahidə missiyasının fəaliyyətinin Avropa İttifaqının Cənubi Qafqazda daha aktiv rol oynamasına, regionda sülh və sabitliyi təşviq etməyə hesablandığı zənn edirsə təbii ki, yanılır. Çünki bu missiyanın fəaliyyəti Ermənistan-Azərbaycan münasibətlərində gərginliyi artırır, regionda eskolasiya risklərini artırır.
Müşahidə missiyası öz fəaliyyətini sərhəd boyunca baş verə biləcək insidentlərin qarşısını almaq və sülh prosesini dəstəkləmək məqsədi ilə pərdələsə də rəsmi Bakıya yaxşı məlumdur ki, Avropa İttifaqı yalnız Ermənistanın maraqlarını müdafiə edir və onun silahlandırılması Avropa İttifaqı institutlarının diqqət mərkəzindədir. Bu isə Azərbaycanın təhlükəsizlik narahatlıqlarını artırır və daha böyük gərginliklərə yol açır. Əslində isə Avropa İttifaqı Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hərbi fəaliyyətini dayandırmasını və ərazilərin bərpasını təşviq etməlidir. Lakin müşahidə missiyasının tərəflərə qeyri-bərabər yanaşması, Avropa İttifaqının Ermənistanın təcavüzkar siyasətlərini görməməzliyə vurması və ya bu məsələlərə dəqiq müdaxilə etməməsi regiondakı vəziyyəti daha da çətinləşdirir. Avropa İttifaqının Cənubi Qafqazda rolunu genişləndirmək istəyi, eyni zamanda bu regiondakı geosiyasi mübarizələri daha da mürəkkəbləşdirə bilər. Polşa Avropa İttifaqının bu missiyasının fəaliyyətini təkmilləşdirmək istəyini bəyan etsə də, indi Ermənistan-Azərbaycan münaqişəsinin həllində həssas balansın pozulması daha çox onları maraqlandırmalıdır.
Bir məqamı da vurğulayaq ki, Avropa İttifaqının müşahidə missiyası yalnız regional təhlükəsizliyə təsir etməklə qalmır, həm də beynəlxalq güclərin bölgədəki siyasi, iqtisadi və hərbi münaqişələrə müdaxiləsinin önünü açır. Bu, Rusiyanın bölgədəki təsirini azaltmaq məqsədi güdən Avropanın təşəbbüsü olsa da, Cənubi Qafqazda yaranan yeni təhlükəsizlik boşluqları və gərginliklər bu siyasətin bumeranq effekti ilə əks-səda verməsi riskini artırır. Müşahidə missiyasının nəticədə nə dərəcədə effektiv olacağı və regiondakı bütün tərəflərin təhlükəsizlik maraqlarına uyğun şəkildə fəaliyyət göstərə biləcəyi hələ də sual altındadır. Ona görə də Azərbaycan və Ermənistan arasında ciddi sülh gündəliyinin olmaması Avropa İttifaqının müşahidə missiyanın sülh prosesinə müsbət təsir imkanlarını da sıfıra endirir. Bir sözlə, Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik üçün Avropa İttifaqının daha balanslı, tərəfsiz və hər iki tərəfin maraqlarına xidmət edən yanaşmalarla fəaliyyət göstərməsini zəruri edir. Bu baxımdan Avropa İttifaqının regiondakı aktivliyi yalnız münaqişə tərəflərinin etimadını qazanaraq mümkün ola bilər.