Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib

22 oktyabr, 2024-cü il tarixində Gürcüstanın paytaxı Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib.

Forumu giriş nitqi ilə açan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nəsibə Mirzəyeva Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin region üçün əhəmiyyətindən danışdı. Siyasi əlaqələrin qarşılıqlı hörmət, ortaq maraqlar əsasında qurulduğunu deyən N.Mirzəyevanın sözlərinə görə, hər iki ölkə Cənubi Qafqazda sülh və firavanlıqla bağlı eyni baxışı bölüşür.

N. Mirzəyevanın moderatorluğu ilə davam etdirildən forumda Cənubi Qafqaz Təqdiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxış edərək Azərbaycan-Gürcüstan əməkdaşlığının təkcə region üçün deyil, həm də dünya üçün mühüm geosiyasi əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı.

F. Məmmədov xarici qüvvələrin Cənubi Qafqazda fəallaşması fonunda hər iki ölkə tərəfindən bu çağırışlara qarşı ortaq cavab mexanizmlərinin formalaşdırılması ilə bağlı yeni layihələrin hazırlanmasının zəruriliyini vurğuladı.

BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev stabil iqtisadi münasibətlərin regional sülh və tərəqqi baxımından vacib olduğunu bildirdi. Onun sözlərinə görə, ikitərəfli iqtisadi sənədlər regional təhlükəsizliyin əsas qarantı rolunda çıxış edir.

Daha sonra “Xalqın gücü” partiyasının üzvü, analitik David Kartvelişvili, Qafqaz Universitetinin kafedra müdiri professor Mamuka Areşidze, müstəqil ekspert Fuad Çıraqov, siyasi elmlər namizədi Soso Mancavidze, politoloq Tamar Kiknadze çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.

Forumda Azərbaycan və Gürcüstanın akademik dairələrinin, beyin mərkəzləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.