İİTKM-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı rəhbəri ilə müzakirə aparılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayatı və onun müavini Bariz Mehdiyevi qəbul edib.

Görüş zamanı V.Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti barədə qonağı məlumatlandırıb. Bildirib ki, Mərkəz  “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” daxil olmaqla bir çox mühüm strategiya və dövlət proqramlarının monitorinq və qiymətləndirməsini aparır. V.Qasımlı monitorinq və qiymətləndirmə portallarında elektron hesabatlılıq və coğrafi təsnifatlandırmaya dair məlumatlandırmanın əksini tapdığını vurğulayaraq  “Layihə idarəetməsi” modulu üzrə təqdimatla çıxış edilib.

Nasar Hayat FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin son illərdə ölkəmizdə həyata keçirdiyi layihələr barədə məlumat verib və İİTKM ilə əməkdaşlığın dərinləşdirilməsini arzuladıqlarını qeyd edib. O, vurğulayıb ki, İİTKM-in strategiya və dövlət proqramlarının monitorinq və qiymətləndirməsi prosesində əldə etdiyi nailiyyətlər təmsil etdiyi qurumu da maraqlandırır və bu sahədə də təcrübə mübadiləsi zəruridir.

Görüşün sonunda tərəflər bilik mübadiləsi və əməkdaşlığın artırılması istiqamətində birgə fəaliyyət barədə razılığa gəliblər.